Yuxarı

Əliyev göstəriş verdi ki, əməliyyata Vaqif kişi rəhbərlik edəcək

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Əvvəli burada)

... Vaqif Cabbarov siqaret çəkməzdi. Amma 10 saylı CÇM-də məhkəmə keçirilən gün tibb məntəqəsinin həyətindəki dəmir stolun arxasında oturub cavanların çay tədarükünə "dəyər verməzdən" öncə məndən siqaret istədi:

- Bacoğlu, papirosundan görüm...

Siqaret qutusunun qapağını qaldırıb ağsaqqala tərəf uzatdım. Bir siqaret götürüb yandırdı, qullab vurub barmaqlarının arasında saxladı. Siqaret korun-korun tüstüləndikcə Vaqif dayı da bir iki dəfə "eh" deyib, kim bilir, ürəyindən nələr keçirtdi. Arada əlini ehmalca dizimə vurdu, bir neçə dəfə:

- Hə, bacoğlu, hə... – dedi.

Bu "hə"lərdə çox mətləblər vardı və Vaqif kişidən bu mətləblərdən nə vaxt insafa gəlib bəhs edəcəyi anı gözləyirdim.

Həmin günün axşamı Vaqif dayı məni tibb məntəqəsinin həyətində salınmış bağçadakı tut ağacının altındakı masaya - dilimlənmiş yemişə qonaq elədi. Xeyli söhbət etdik. Maraqlı həmsöhbət imiş. Az da olsa dustaq həyatını unudursan, bir anın içində özünü onun Güləbirdində, gəzib dolandığı yerlərdə hiss edirsən.

Bir adam arasına da çıxaq

Məqamı çatmışkən deyim, Vaqif dayıya türmə işçiləri hamısı böyük hörmət bəsləyirdi. Onu ağsaqqal və sözübütöv adam bilirdilər. Həm də o, "burjuyların" arasında yeganə adam idi ki, nəzarətçilər ondan nə isə umduqlarını dilə gətirməzdilər. İstəməzdilər ondan heç nə. Hər şey qocaman döyüşçünün insafından aşılı idi. Heç Vaqif kişi də onlara tərəf üz tutmaz, nəyin isə xahişini etməz, minnətli iş görüb, minnət də götürməzdi. Əliaçıqlılığı və maddi-mənəvi zənginliyi bəs edirdi ki, onun gün ərzində bir-neçə dəfə pozduğu rejim qaydalarına göz yumulsun. Çox nadir hallarda "razvod"a çıxardı. O da o vaxtlar olardı ki, üzünü ya mənə, ya da Xosrov dayıya tutar:

- Bir adam arasına da çıxaq, görək nə var, nə yox, yoxsa bu hücrədə qıc olacağıq, - deyərdi...

Dedin səni nəynən tutdular?

Həmin gün, tut ağacının altında jemiş yediyimiz gün Vaqif dayı kim bilir neçənci dəfə idi ki, məndən soruşurdu:

- Bacoğlu, dedin səni nəynən tutdular?

Onun yaddaşı çox güclü idi, mənim nəyə görə tutulmağımı təkrar soruşduqda yeni bir hekayətin başlanmasına körpü salırdı.

Pah atonnan, adamı rüşvət aldığına görə də tutarlarmış

- Mən "311"-in "1"-i ilə ittiham olundum, yəni rüşvət almaqda günahlandırıldım, Vaqif dayı.

Qəribə, xırıltılı gülüşü vardı. Yemiş dilimlərindən mənim qarşımdakı nimçəyə bir-neçəsini də əlavə edib:

- Pah atonnan, adamı rüşvət aldığına görə də tutarlarmış, - dedi.

Söz-sözü çəkməmiş, Vaqif dayı öz həbsinin təfərrüatını danışmamış: "Başın haqqı, sən ağırlıqda rüşvət alanlar var, heç onlara "Abdul, eşşəyin hardan gəlib, hara gedir", - deyən tapılmır dedi, yenə də xırıltılı səslə kəsik-kəsik güldü...

- Bacoğlu, adamın nəynən nəfəs aldığını da hesablayırlar, qoyunun neçə bala verib, onun da hesabını səndən istəyirlər.

Sonra bir qədər də nəfəs alıb dilləndi:

– İstəyirlər, bacoğlu, istəyirlər. Gələn deyir, filan qədər ver, bunu belə edək, filan qədər göndər, bu kağızı belə yazaq. Mən də paylamışam. Daha yoxdur, inanmırlar. İnanmırlar, vallah...

Hansı məzhəbə qulluq edir?

Və Allah bilir neçənci dəfə idi ki, mən də hərləyib-fırlayıb söhbəti dolayısı ilə Vaqif Cabbarovun necə tutulamğına gətirib çıxardım. Haqqında hər kəs bir cürə danışırdı. Hamısı da inandırıcı idi. Ona çox suallarım olmuşdu. Həmişə də bir təhər yola vermişdi. Ürək qızdırmır, düşünürdüm. Elə ağdamlı "xlebnik"im, indi isə çox yaxın dostum olan Aqil də mənə belə demişdi:

- Şair, bu Güləbirdli Vaqifdi, o boyda soveti barmağına dolayırdı, indi içində nə var, açıb sənə danışası deyil dana. Başına dönüm, nə yapışmısan kişinin yaxasından.

Aqil sonra gülüb demişdi ki, 3-4 gün bundan qabaq Vaqif dayı məndən soruşdu ki, bu astarxanbazarlı (Cəlilabadın köhnə adı. - F.B.) hansı məzhəbə qulluq edir? Dedim, yaxşı oğlandır. Cavab verdi ki, onun gözü xarab olacaq yazıb-oxumaqdan...

Qapımın iti kimi yalmanırdı

İndi isə deyəsən tilsim qırılmışdı. Vaqif dayı özü məni xəlvət bir guşəyə dəvət edib söhbətə tutdu:

- Bacoğlu, o gün məndən bir söz soruşdun, mənim çobanım haqda. Hər deyilən boş-boş sözlərə inanma. Olub elə bir şey, yetim günündə olan birisi yaxınlaşıb, "dədəsiz, nənəsizəm, heç kəsim yoxdur", - deyib. Yalvar-yaxar eləyib, qalmağa yer vermişəm, yeməyini-içməyini kəm eləməmişəm, sən də mənim bir oğlum, demişəm. Əyin-baş almışam, radio alıb əlinə vermişəm ki, mal-qoyun otaranda darıxmasın. Başın haqqı, qarı onun yeməyini həmişə bol eləyib ki, bu bizə qısılıb, bizə pənah gətirib. Hələ bu kopoolunu evləndirmək də olardı, görüb bəyənərdi, kimin qapısına getsəydim, yox da deməzdi... Qapımın iti kimi yalmanırdı, az qala ayağımı yalayırdı, kişinin belə olmasını istəmərəm. Beş-altı dəfə çımxırmışam, danlamışam, möhkəm ol, demişəm. balalarımdan ayırmamışam.

Ondan gözüm su içmədi, iti qovan kimi qovdum

Amma deyim ki, diribaş oğlan idi. Arada uşaqlarnan tutaşardı, görərdim fəndli-feillidir. Amma özünü mağmın kimi göstərmək istəyirdi. Bizim Cəlal pəhlavan kimidir də maşallah, özün görürsən, qaldırırdı bunu göyə fırrayırdı. Amma ondan gözüm su içmədi, tez-tez yoxa çıxırdı. Hə, ola bilər ona bir şapalaq-zad vuram, amma heç yadıma gəlmir... Bəzi hərəkətləri, sənin kimi hər şeylə maraqlanması heç ürəyimcə olmadı. Bir dəfə iti qovan kimi qovdm. Nağartana işləmişdi, bacoğlu canı, qəpiyinə qədər ödədim. "Halal xoşun olsun, yediyin-içdiyin, yatdığın-durduğun... amma bu sənin çoban kimi zəhmət haqqındı, götür, get və bir də iyin-qoxun buralardan gəlməsin", - dedim. Getdi, sonra yenə gəldi ki, məni çevir balalarının başına. Mən də ürəyimlə bacarmadım, dedim gəl, işlə. Day nə bilim ki, bu belə nadürüstdür. Ağzına gələni haqqımda üyüdüb tökəcək...

Ermənilərlə iş birliyi qurmaq

Vaqif dayı deməsə də o "nadürüst çobanın" onun haqqında üyüdüb tökdüklərini dustaqların danışdıqlarından öyrənmişdim. Vaqif dayını ermənilərlə iş birliyi qurmaqda ittiham edirdilər. Guya Vaqif dayı özünün saysız-hesabsız mal qarasını, qoyun–quzusunu ermənilər tərəfdə otarırmış. Vaqif Cabbarov isə bu ittihamı qətiyyətlə rədd edirdi:

- Dədə-babadan bizim oylağımız, yaylağımız olan yerlər var, mən yayda qoyunlarımı orada otartdırıram. Erməni aralıdadır. Vaqifin yerinə girməyə hünəri çatmaz. Həm də o yerə daha çox bizimkilər nəzarət edir. Düzdür, qorxulu yerdi, amma mənim pələng kimi övladlarım var, hamısı da silahlı. Onların əlindən fələk də heç nə ala bilməz. Baxma, bala, erməni məndən çox qorxurdu...

Mən düşməndə heyf qoyan kişilərdən deyiləm

Bir dəfə keçdik Ermənistan tərəfə, sərhəd rayonlarından birinə. Böyük bir kənd var, onu addadıq keçdik ta o biri tərəfdəki kəndə. Duyuq düşməsinlər də, elə bilsinlər ki, onlarınkılarıq. Düşmənlə düşmən kimi daqvranmaq gərəkdir, bacoğlu, mən düşməndə heyif qoyan kişilərdən deyiləm. İnşallah hər şey yaxşı olacaq.

Oğlu Cəlal həmin əməliyytalardan daha geniş bəhs edərdi. Vaqif kişinin taktikasını hələ–hələ peşəkar zabitlər gerçəkləşdirə, düşünə bilməzdi. O bu sahədə çox yüksək təcrübəyə və bilikə malik adamdır.

Vaqif kişi Horadizin alınmasından danışır

Erməni az qala Daşburuna dirənmişdi. Rəhmətlik Heydər Əliyev gəlmişdi ön cəbhəyə. Əsgərlərlə görüşdü, orduya ruh verdi. Məni də könüllülərdən ibarət batalyonun komandiri kimi dəvət etmişdilər. Dahi adam idi rəhmətliyin oğlu. Mənimlə ayrıca görüşdü. Hal-əhval tutdu, gördüm mənim haqda çox şeyi bilir. Demək, ona söz verdim ki, mən 3-4 kəndi öz gücümlə alaram. Ancaq ordu mənə mane olmasın, dəstək versin, başın haqqı, göstəriş verdi ki, əməliyyata Vaqif kişi rəhbərlik edəcək. Amma mən ancaq Arazboyu kəndləri və Horadizi boynuma götürdüm. İçəridən məlumatlar hansı yollasa düşmən tərəfə sızırdı. Oğlanlarımı yığdım başıma, dedim, hay-zad salın ki, dəstəmiz filan istiqamətə gedir. Tamam dəxli olmayan yeri nişan verdim. Bazarda, küçədə, harda gəldi danışdılar.

Dədə, hardasan?

İki gün müddətinə oğlum İlyasın dəstəsini - 100 dən çox əsgər idilər - keçirtdim düşmənin, türkün məsəli, dalına. Arazboyu qamışlıqdan keçərək iki günə uşaqları yığdım o üzə. Hücumu səhər beşə təyin etmişdik. Birinci biz başlayacaqdıq. Düşmənin başı bizə qarışanda arxadan İlyas girəcəkdi döyüşə. Erməni elə biləcəkdi ki, daldan gələn özünkülərdi. Nəysə, bacoğlu, İlyas rahatlanan kimi ratsiya ilə məni hayladı:

- Dədə, hardasan? Dedim, bala, çöldəyəm. Dedi day gəl evinə də, arvadın darıxır, sənə yaxşı sıyıq da bişirib. Bu, işarə idi ki, biz hazırıq. Mən "gəlirəm,- dedim,- bala, gözlə". Hücum əmri verdim. İnan, bacoğlu, birinci kəndi çox rahatlıqla götürdüm, erməni özünü elə itirdmişdi ki... arxalarından da İlyasın özünün seçdiyi pələng kimi oğlanlar, inan sərçə kimi biçirlər ermənini.

Horadizi mən və mənim oğlum İlyasın dəstələri götürüb

Erməni baxır ki, arxadan gələn var, elə bilir özününkülərdi, köməyə gəlir, bu da gəlir 10-15 metrə qədər yaxına, yastılayır bunları. Nə isə bu minvalla Horadizi də aldıq. Düzdü, bizimlə bərabər, əsgərlərimiz və polislərimiz də vuruşdu. Amma Allah da, oradakılar da şahiddir ki, kəndi və xususi ilə də Horadizi mən və oğlum, Milli Qəhrəman, şəhid İlyasın dəstələri götürüb. Düzdür, sonradan tankın üstünə çıxıb şəkil-zad çəkdirənlərin adına çıxdılar həmin qələbəni, amma bu mənə yer eləmədi, mən televizorda görünmək üçün vuruşmadım axı, bacoğlu. Məni yandıran məni tutub qıfıllamaları oldu...

- Vaqif dayı necə oldu axı səni tutdular?..

- Danışıram, bacoğlu, ora da çatacam...

(Ardı olacaq)

Tarix
2014.03.17 / 23:16
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla