Ana səhifə Gündəm |
Azərbaycan Ordusunun tərkibində Ermənistana qarşı döyüşmək üçün Silahlı Qüvvələrimizə onlarla könüllü müraciət edib.
Son günlər cəbhə xəttində yaranmış gərginlikdən sonra Silahlı Qüvvələrin ünvanına çoxlu sayda insan müraciət edərək əldə silah Azərbaycan Ordusunun tərkibində düşmənə qarşı vuruşmaq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istədiklərini bildirib. Bu, onu göstərir ki, Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik ruhu heç də zəifləməyib, əksinə, çox yüksək səviyyədədir.
Bu məqsədlə Silahlı Qüvvələrə vaxtilə hərbi xidmətini başa vurmuş, ali təhsil almış, heç 18 yaşı tamam olmayan, eləcə də yaşı çox olan şəxslər də müraciət ediblər. Onlardan bəzilərinin kimliyini anonim saxlamaqla bir neçəsinin müraciətindən bəzi sitatları təqdim edirik:
"Cəbhədə vəziyyət gərgindir. Hər gün şəhid verir bu Vətən. Əgər
müharibə olacaqsa, könüllülərdən olmaq istəyirəm. Əgər belə siyahı
varsa, məlumatlanmaq istərdim. Belə bir siyahı olarsa, ora necə
yazılmaq olar?"
"Sizdən xahiş edirəm ki, əgər döyüş əmrini versəniz, məni könüllü
olaraq hərbi döyüş tapşırığını yerinə yetirmək üçün qəbul
edəsiniz".
"Bu gün heç bir təmənna güdmədən Vətən torpağını qorumaq üçün
istənilən an savaşmağa hazıram".
Erməni işğalına qarşı vuruşmaq istəyənlərin arasında
azərbaycanlılarla yanaşı, Türkiyə də daxil olmaqla, xarici
dövlətlərin vətəndaşları da var. Həmin şəxslərin də kimliyini
anonim saxlamaqla bir neçəsinin müraciətindən bəzi sitatları təqdim
edirik:
"Türkiye Cümhuriyyeti vatandaşıyım. Ermenistanla çatışma, savaş duyumları aldım. Eğer doğruysa, gönüllü asker olarak gelmek istiyorum".
"Ermenistanla olası bir savaş hali var. Azerbaycan üçün ölmeye, öldürmeye hazırım".
"İşğal altında bulunan Azerbaycan toprağı Karabağı tamamen tekrar geri kazanmamız için yüce Allahtan niyaz ederim. Yüce Allah sizlere yardımcı olsun, sizleri korusun, güclü kılsın. Yolunuz açık olsun!"
Onların hamısına təşəkkür edilib və bildirilib ki, hələlik buna heç bir ehtiyac yoxdur, çünki Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü hər an bərpa edə biləcək güclü ordusu var.
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Atəşkəs rejimi Ermənistanın silahlı qüvvələri tərəfindən intensiv şəkildə pozulur. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfədən çox pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib. Ermənistanla həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib, kəndin ərazisinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb ( Trend ).
Tarix
2014.02.06 / 10:08
|
Müəllif
Axar.az
|