Ana səhifə Gündəm |
Prezident İlham Əliyev oktyabrın 22-də Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləsə də, tam tərkib hələ formalaşmayıb. Ölkə başçısı Nazirlər Kabinetinin tərkibindəki yalnız 43 yerə təyinat həyata keçirib, aşağıdakı 7 təyinat hələ gerçəkləşməyib:
Təsdiqlənməyən şəxslərdən biri - Tələbə Qəbulu üzrə Dövlət (TQDK) Komissiyasının sədr əvəzi Məleykə Abbaszadə ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
Təhsil eksperti Etibar Əliyevin fikrincə, Məleykə Abbaszadə digər məmurlarla müqayisədə üzərinə düşən vəzifəni yerinə yetirməyi bacarır və onun vəzifədən kənarlaşdırılması siyasi iradənin nəticəsi ola bilər:
"Onu xeyli tənqid eləməyimizə baxmayaraq, Məleykə Abbassadə rəhbərlik etdiyi qurumda üzərinə düşən vəzifəni yerinə yetirməyi bacarır. Son dövrlə TDQK-da kütləvi korrupsiya hallarına rast gəlinmir. Qurum cəmiyyətə açıqdır, istədiyiniz zaman məlumat əldə edə bilirsiniz və İnternet saytları da normal işləyir. Məleykə Abbaszadənin vəzifədən uzaqlaşdırlması inandırıcı görünmür. Təbii ki, heç kim əvəzedilməz deyil, amma Məleykə xanım işinə məsuliyyətlidir".
Digər ekspert Nabatəli Qulamağlu TQDK-nın komersiya xatirinə müxtəlif metodiki elmi qaydaları pozduğunu hesab etsə də, TDQK-nın fəaliyyətində müsbət tərəflərin olduğunu bildirir: TQDK-nın bir nömrəli tənqidçisiyəm, bəlkə də bu qurumu mənim qədər tənqid edən olmayıb. Amma TQDK-nın fəaliyyətində müsbət tərəflər çoxdur. Ümumiyyətlə, TQDK Təhsil Nazirliyindən fərqli olaraq, ictimaiyyət arasında hər halda müsbət bir qurum kimi tanınır. Mənim ehtimalıma görə, Məleykə Abbaszadə vəzifəsinə təsdiqlənəcək".
Xatırladaq ki, TQDK ilə Təhsil Nazirliyi arasında gərgin münasibətlər olub və Misir Mərdanovun Təhsil naziri vəzifəsindən bir neçə ay əvvəl azad olunmasının səbəblərindən biri kimi bu gərginlik göstərilir. Hazırda Məleykə Abbaszadənin Nazirlər Kabinetinin təsdiqlənən tərkibində yer almaması sözügedən gərginliyi bir daha gündəmə gətirdi.
Tarix
2013.10.23 / 12:41
|
Müəllif
İlqar Vəliyev
|