Yuxarı

PKK-ya qoşulan azərbaycanlı şair “Axar.az”a danışır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi PKK da məni xəyanətkar sayır

O, 90-cı illərdə Azərbaycanda ən çox ümüd verən və oxunan şairlərdən idi. Şeirləri dostlarının dilində əzbərdi. Elə o da dostlarının şeirlərini həmişə sevə-sevə oxuyardı, əzbərdən deyərdi. O zamanlar dərc olunmaq, şeirləri paylaşmaq, tanınmaq indiki qədər heç də asan deyildi. Şeir dərnəklərində, müxtəlif ədəbi tədbirlərdə birlikdə olardıq. Təkcə bu məclislərdə yox, özümüzün də məxsusi tədbirlərimiz olardı. Salam Sarvan, Vasif Süleyman, bu sətirlərin müəllifi, bir də o - şair Həjar Şamiloğlu. Şeir gecələrimiz olardı, şeirləşərdik. Nağıllardakı kimi telimizi yandırmaq, balaca işarə vermək kifayət edərdi ki, bir yerə toplaşaq. Balaxan Qərib də qoşulardı bizə…

Türkün düşməni, "vətəni xaini"

İndi o yoxdur, uzun müddətdir ki, Azərbaycanı tərk edib. Ara-sıra şeirlərinə təsadüf edirik, oxuyuruq, təbinin yerində olduğunu görürük. Haqqında dostları bir şair kimi xoş sözlər danışsa da, siyasi baxışlarına görə onu qınayanlar da az olmadı. Ona türkün düşməni, PKK-nın MDB üzrə təmsilçisi, "vətəni xaini" də dedilər. O isə: "İdeyalarımın, arzularımın ardıyca getmişəm. Mən Azərbaycanı sevdiyim qədər başqa bir ölkəni sevə bilmərəm. Mən Azəri türklərinə bağlı olduğum kimi heç kəsə bağlı ola bilmərəm",- deyir. O, kürdəm deyir, bu mənim millətimdir və millətimi sevməyi də özümə yasaq edə bilmərəm deyir…

20 ilin ayrılığından sonra "İtkin düşmüş" lahiyəmin qonağı şair Həjar Şamiloğludur. O, hal–hazırda Bişkekdə yaşayır. Yenə də türk torpağndadır, türk dövlətinin bayrağı dalğalanan bir məmləkətdə doğulduğu başqa bir Türk dövlətinin, Azərbaycanın xiffətini çəkir, Kəlbəcəri yuxuda görür, dostları ilə şeirləşir… O özü belə deyir.

Onunla "Feysbuk" vasitəsi ilə etdiyim söhbəti təqdim edirəm:

Mən özüm ərköyün öyrətdim səni...

- Salam Həjar, necəsən? "Mən özüm ərköyün öyrətdim səni..." deyən oğlan, indi ərköyünlüklə aran necədir?

- Salam qardaş. Sağ olasan. Ərköyünlükmü qalar indiyə... Ümid edirəm səndə hər şey qaydasındadır.

- Sağ ol, yaxşılıqdır. Neynirsən, nə işlə məşğulsan?

- Facebookda çox "dostum" var, çoxu tanımadığım adamlardır, məşğul edirlər... Kitab çıxardıram. Balaca, nəşriyyata oxşayan bir şey açmışam. İldə 2-3 kitab buraxıram.

- Yaxşı işlərdi. Sifarişçilərin kimdir? Qırğız türkləri, yoxsa manifest-zad dərc edirsən?

- Əsas şeir kitablarıdır. Orta Asyada yaşayan kürd şairlərinin şeir kitablarıdır. Burda 10-15 nəfər şair var.

- 10-15 kürd şairi, ya ümumiyyətlə o qədər şair? Azərbaycan yazarlarının kitablarına müraciət etmisən heç?

- Buradaki oxucu kontingenti rusca və qırgızca oxuyur. Orta Asiyada 200 minə yaxın kürd, bir o qədər də azərbaycanlı olar.

- Azərbaycanca da yazan var orda?

- Tək-tük.

- Əlaqələriniz var?

- Qazaxıstanda aylıq qəzet buraxırlar. Qırgızıstanda heç yazar, şair, jurnalist tanımıram. Heç eşitmədim. Qazaxıstanda yerli türklər var, qəzet buraxan. Onlarla əlaqəm var. Redaktoru Rövşəndir.

- Babat qəzetdir?

- Sırf azərbaycanca qəzet görmədim. Altı ayda, ildə bir xususi nömrələrini görmüşəm. Ancaq türkcə qəzet, deyəsən ayda bir dəfə çıxır.

İstanbulda 50 min tirajla kitab

- Həjar, 20 il bir igidin ömrüdür… Ümumiyyətlə igidin ömrü nə qədər olar?

- Deyirlər ki, "igidlik", "qəhrəmanlıq" bir anlıq şeydir. Yəni müharibədə əlində bomba ilə Zoya Kosmedemyanskaya kimi irəli atılsan, igid olursan. Ancaq mənə görə İGİDLİK bir həyat tərzidir. Bu mənada igidlik bir ömür qədər uzun ola bilər.

- Bu illər ərzində olubmu 20 ilin arxasında qalan 25 yaşlı Həjarı axtarasan?

- Zaman ölməz, yaşananların zamanı da. 2005-ci ildə 2 aya yazdığım və İstanbulda 50 min tirajla çap edilən bir romanımın giriş sözündə belə yazmışdım: "Bu kitabı yazmanın havasına girər girməz, burda ikən daha çox orada olduğumu hiss edirəm. Keçən qısa bir zamanı, uzun bir zaman olaraq dərk edirəm. İndiki zamanım axıb getdikcə, keçmiş zamanı durdura bilir, dondura bilirəm. Zamana zəfər çalmaq kimi bir şey bu. İnsanların bu ölümlü dünyasında yaşayanlar ölür, amma yaşananlar ölmür. Yaşananların zamanı da ölmür".

Mən həmişə "o oğlan"am

- Həjar, "Nənəsinin oğul dərdinə anasından betər ağlayan" oğlanla xəyalında da olsa söhbət edə bilirsənmi?

- Mən həmişə o oğlanam…

- De görüm, Orta Asiyadan Azərbaycandakıları - bizləri internetdə də olsa oxumağa hər hansı həvəsin varmı? Kimi oxuyursan indi?

- Şair ruhlularda şeir əsnəmək təsiri edir. Yəni biri qabağında əsnədiyində səni də əsnəmək tutur. Həmişə bir-iki yaxşı şeir oxuyanda mən də yazmaq istəyirəm, yəni məni də əsnəmək tutur. Bu səbəblə də şeir oxumamağa çalışıram. Çünki prinsip olaraq yazmaq istəmirəm. Sözün doğrusu, səndən və Salamdan başqa kimsənin şerlerini oxumuram.

- Bizim bir dostumuz da var, səni çox sevən və şeirlərini əzbərdən deyən. Kimdir o, yadına sala bilərsən?

- Vasifin şeirlərini keçən il çox oxudum. Çox şeyə "Feysbok"dan baxıram. Vasif dostluğumda yoxdu, bu səbəblə gözümə dəymir şeirləri.

9 kənddən qovulan Hörmüz

- Həjar, mənə səmimi de, bu didərginlikdən bıkdığın vaxtlar oldumu? Sənin millətinə olan dəli sevginin olmasına baxmayaraq, bu suala cavab verməndə israrlıyam.

- Mən 9 kənddən qovulan Hörmüzəm. Bakıdan ayrıldıqdan sonra əsil dostlarım çox az oldu. O da köhnələrə dayanan dostluqlardı. İdeya yoldaşlarım oldu sadəcə. Hər zaman tək və tənha oldum. "Didərginlikdən bıqdığım vaxtlar oldumu?" sualının cavabını özün tap... Vasifin sən paylaşdığın şeirlərini oxudum.Vasif hər zaman olduğu kimi səmimidir. Şerlərinin hər misrasından görmək mümkündür.

- Bəyəndinmi? Dəyişməyib ki, ruhu?

- Vasif həmən, Vasifdi (Vasif Süleyman nəzərdə tutulur.- F.B.). Ruh, üslub eynidir. Səndə və Salamda axtarışlar çoxdur. Siz dəyişməkdən qorxmursuz.

- Biz heç dəyişmədik. Sən necə, dəyişə bildinmi? Əslində, dəyişmək yaxşı bir şeydi. Amma dəyişikliyə uğradlmayan şeylər də olmalıdır.

- Şeirdəki axtarışlar mənasında "dəyişməkdən" bəhs edirəm.

Azəri Türklərinə görə farslarla da savaşardım

- Həjar, sən ideya savaşına çıxdın, yoxsa silahlandın da bu illər ərzində, sənə münasibət birmənalı olmadı.

- Müharibəyə, savaşa hər zaman nifrət etdim. Azərbaycanda da fiziki olaraq güclüydüm, bilirsən. İdaman ustasıydım. Sənin gəmində, mənim Zığdakı həyətimdə etdiyimiz tryükləri unutmamısan, yəqin. Ancaq davadan mənim qədər qorxan az adam tapılar. Mənimki ədalətsizliyə baş qaldırmaqdır. Bunun kürdlərlə də çox əlaqəsi yoxdur. Əgər şərtlər müsait olsaydı, İranda Farsların Azəri Türklərinə qarşı zulmünə qarşı da savaşardım, Çindəki Uygurların əzilməsinə qarşı da. Mən bir sosialist deyiləm, heç bir zaman da sosialist olmadım. Həyatın mənasını ədalətsizliklərə qarşı mübarizə etmək olaraq müəyyənləşdirdim. Mənim hekayəm budur.

- Nə vaxt yazıldı axı bu hekayələr sənin iç qatında, biz bilmədik, görmədik, bizim gördüyümüz, tanıdığımız Şamilin oğlu Həjar Azərbaycan sevdalısı idi axı…

- 1994-cü ildən Türkiyə, bir xalqın dilinin qadağan edildiyi, bir xalqın varlığının kökündən inkar edildiyi bir dövlətdi. Küçədən kürdcə danışanlara cəza verir, zindana atırdılar o zamanlar. Türkiyə bu mənada dünyanın yeganə dövləti idi... Əzilənlərin yanında olmaq istədim. Məni Bakıdan çıxaran bu oldu. Dünyada ədalətsizliklər çoxdur. Erməninin elədiyi ədalətsizliklər, Rusların başqa millətlərə qarşı ədalətsizliyi, Farsların, İngilislərin ədalətsizliyi... Ancaq "xalqın varlığının qadağan edilməsi, insanın qəbul edə biləcəyi bir şey deyildi. Mən həmişə Azərbaycan sevdalısı olmuşam.

Kürd təşkilatları ilə davalıyam

- Bu hekayəni yaşayanlar yəqin ki, çoxdur, məsləkdaşların arasında?

- Əlbəttə çoxdur. İnqilabçılar hər zaman sonradan ayaq altında qalırlar. Dünyanın hər yerində belədir. İnqilabın meyvəsini başqaları yeyər. Bunu başdan bilirdim. İndi bütün Kürd təşkilatları ilə davalıyam. Heç kimsənin yanında olmaq istəmədiyim üçün bütün təşkilatlar mənə rəqib kimi baxır. Bu yolu da özüm seçdim. Fikirdə hər zaman müstəqil oldum. Bu müstəqilliyimi Kurdüstanın dövlətləşməsinə, Azərbaycanın dövlətçiliyinin ABŞ-a qədər güclənməsinə belə dəyişmərəm.

- Aydın olan o oldu ki, sənin ardınca düşdüyün sevdanı çirkaba buladılar. Ya da elə ideya çirkablı imiş. O insanlar ki, o təşkilatlarda varmış, amacları kürdün varlığı yox, özlərinin rahatlığı imiş.

- Bunların yeni siyasəti qəliz məsələdir. Birmənalı anlamaq çətindir. Mən bəşəri bir şeydən bəhs edirəm. Fransada da, Azərbaycanda da, Çində də belə olub və olacaqdır - özünü qabağa atan fədakarlar hər zaman ən böyük zərbəni alıb, ən az hörmət görərlər. De, Qarabağ savaşçıları çoxmu hörmət görür? Öləndən sonra istərsən məzarı başında min metrlik heykəl ucalt. İnsanlara sağlığında qiymət vermək lazımdır. Cabir Novruzun belə bir şeri vardı.

- Sənin atan çox hörmətli kişi idi. Sağlığında da qazandı hörmətini. Axirətə qovuşandan sonra da əksilmədi o sayğı. "Bir anam türk, bir anam kürd", demişdi. "Kürd anama sataşanı boğaram, türk anama sataşanı doğraram". Bu istilikdə mən soyuqluq görmədim. Səmimi idi. Sən bu səmimiyyətin arxasında dura bilmədin, deyəsən…

- Yox, yox, sözləri müəyyən edən həyat şərtləridir.

- Həjar, sən həyatını burulğanlara atan birisi olmadınmı? Sən yelkənləri cırılan, dor ağacı qırılan, yarı yolda qalan bir gəminin sərnişininə bənzəyirsən...

İndi PKK da mənə, "bizə xəyanət etdin",- deyir

- …Sən neyləyirsən? Əsas işin nədir? Şer yazmaqdan xaric? "Millətin səsi"ində baş yazar idin, deyəsən, qəzetin seyrək çıxır.

- İndi çıxmır. Sən sualıma cavab vermədin axı.

- …

- Həjar, səni satqın hesab edənlər var - bu barədə niyə münasibət bildirib, indiyədək bir aydınlıq gətirməmisən?

- Müqayisə hər zaman doğru olmaz. İnsanları müqayisə etmək məcburiyyətində buraxmamaq lazımdır. Birinin alma, armud, üzüm də eyni dərəcə də xoşuna gələ bilr. Mən nədən satqın olum ki, dostlarımı atmadım, hər yerdə Azərbaycan dedim…

- Burda inananlar var ki, sən heç vaxt Azərbaycana xəyanət etməzsən. Doğrudanmı hansısa ölkədə yaradılacaq Kürd dövlətini Azərbaycandan çox sevirsən?

- Bu xəyanət-məyanət məsələsi... Mənə görə heç bir əhəmiyəti yoxdur. Cavab verərək vaxtımı boşuna xərcləmək istəmirəm. Mənə görə bu cür mübahisələr boş işlərdir. İnsan birinin ondan xoşlanmamasından və xoşlanmasından çox şey itirməz. Məşəqqət - özünün səhv yolda olduğunu anladığın, düşündüyün andan başlar.

- PKK-da oldun…

- PKK da indi mənə, "bizə xəyanət etdin",- deyir. Mən PKK-nın bu sözlərini də Azərbaycandakı "xəyanət" hekayətləri qədər vecimə almıram, Faiqim.

- "Gəzməyə qürbət ölkə..." demişlər. Bu qürbətin gəzişməsi doğrudanmı gözəl oldu sənin üçün?

- Bir bənd son şeirimdən deyim:

Mən səni içimdə tanrıca bildim,

Mən səni səndən gözəl yaratdım.

Sən səndə ölümlü bir insan idin,

Mən səndən ölümsüz heykəl yaratdım.

Qapını döyürlər. İndi dönərəm...

- Qapın yaxşılığa döyülsün.

- Faiq can, qonşuydu. Göyçaylı bir yoldaşdır. Sabah qızının nişanıdır, məndən hazırlıq üçün kömək etməyimi istədi. İndi əynimi dəyişib çıxacam. Sonra dərdləşərik. Özünə yaxşı bax.

- Bir-birinizdən muğayət olun. Qonşunu təbrik elə.

P.S. Bəs görəsən uzun illərin ayrılığını yaşayan, doğulduğu Azərbaycanda satqın, vətən xaini, eyni zamanda mərd insan, gözəl şair kimi tanınan Həjarı tanıyırlarmı? Yazarlara müraciət edəsi oldum.

Mövlud Mövlud, gənc yazar:

- Bilirəm ki, sizin cavanlıq dostunuzdur. Mən bircə eşitmişəm ki, o, istedadlı adamdır. Birqatlı sevgi-məhəbbət şeirləri var. Təxminən belə: "Son görüşə qaranəfəs gəlmisən, dərdin alım, otur dincəl, ayrılaq..." Sonra dedilər ki, guya PKK-ya qoşulub. Amma bu yaxınlarda səhv etmirəmsə, o, "bütün bu danışılanlar yalandır",- deyib. Özü də deyirlər, çox mərd adamdır. Nə bilim, eləsi də var deyir, PKK ilə əlaqəsi var. Özü ilə şəxsən tanış deyiləm deyə, bu məsələlər barədə bir fikir deyə bilmərəm. Hər halda mənə elə gəlir ki, şair-yazıçı o adamdır dövlətçiliyin müqəddəs olduğunu başa düşür.

Aqşin Yenisey, yazar:

- Onun bir şerini bilirəm. Deyirlər kürd separatçısıdır, onu sevib oxuyan türklərə nifrət edir. Onu da deyim ki, onun şeirlərindən başqa haqqında yaxşı bir şey danışan görməmişəm.

Səhər Əhməd, şair:

- Bircə şeirini bilirəm. O vaxt tədbirdə Salam söyləmişdi. Gözəl şeir idi. Hələ yadımdadı.

Mən ozüm ərköyün öyrətdim səni,

indi dözəm gərək şıltaqlığına.

Səni saflığına qurban olasan,

səni bağışladım uşaqlığına.

Elbariz Məmmədli, şair:

- Həjar, Bərzaninin MDB üzrə müşaviridir. 3-4 il bundan əvvəl böyük Kürd Ensklopediyasını çap eləyib. Tariximizdə ən görkəmli adamları kürdləşdirib. Rus saytlarında axtar, bəlkə tapdın. Şairliyinə sözüm yoxdur. Amma Azərbaycan sevdalısı deyil. Bizim onunla bu haqda söhbətimiz olub.

Şərif Ağayar, yazar:

- Sadəcə, ikicə şeirini eşitmişəm. Ramiz Rövşən havasında yazsa da, istedadlı şeirlərdir. Bu qədər. Başqa nə yazısını, nə məqaləsini oxumuş, nə də üzünü görmüşəm. Haqqında gəzən söz-söhbətlərlə bağlı isə ciddi heç bir bilgim olmadığı üçün danışa bilmirəm.

Salam Sarvan, şair:

Həjar mənim 20 ildi ayrı düşdüyım gənclik dostumdu. Yaxşı şair, xarakterli kişi. O, mənimçün unudulmaz adamdı.

Həjarın şeirləri

Həjar Şamiloğlu

Mәn özüm әrköyün öyrәtdim sәni

Mәn özüm әrköyün öyrətdim sәni,

İndi dözәm gәrәk şıltaqlığına.

Sәni saflığına qurban olasan

Sәni bağışladım uşaqlığına.

Nә var tellәrinә sığal çәkməyә,

Nә var әllәrindәn tutmağa, nә var.

Mәnim mәhәbbәtim mәndən böyükdür

Bir qızın könlünә yatmağa nә var…

Mәnim mәhəbbәtim sәnlә toxdamaz,

Keçәr bu dünyanın bağrından keçәr.

Ucuz düşәrsәn ha, işdi, qәzadı

Birdәn mәni sevmәk ağlından keçәr?!.

Sәn mәndәn min ağaç uzaq ol, uzaq

Mәn sәnә boy verim, boyumu tut get.

Getdi mәnim sәnlә toy çaldırmağım

Mәnә bir baxış çal, toyumu tut get.

Ahıl yaşamışam cavan ömrümü,

Unama fikrimdәn cavanlıq keçib.

Sevgidәn yetimәm, sevincdәn acam

Könlümdәn bir loxma yavanlıq keçib.

Mәn özüm әrköyün öyrәtdim sәni

İndi dözәm gәrәk şıltaqlığına.

Mәnim saflığıma qurban olasan

Sәni bağışladım uşaqlığına…

Ayrılıq

Heç bilmәdik necә sevdik sevәndә

Heç bilmirik indi necә ayrılaq.

Görәn necә ayrılırlar sevәnlәr,

Bilirsәnsә, gәl elәcә ayrılaq.

Gәlmәli ki deyildik biz, gәlmisәn?

Mәn tabsızam, sәn niyә bәs gәlmisәn?

Son görüşә qaranәfәs gәlmisәn,

Dәrdin alım, otur dincәl, ayrılaq.

Neylәdiksә, düz ayrıla bilmәdik,

Ayrılmaqdan tez ayrıla bilmәdik.

Get bir az da döz, ayrıla bilmәdik,

Bu dәfә dә gәl, belәcә ayrılaq…

Tәcnis

Çöhrәsi çiçәkdәn göyçәkdi onun

Bütün incilәrdәn göyçәk incidi.

Dodağı göylәrdәn göy çәkdi onun

Bu göyçәk nә yaman göyçәk incidi.

Kövrәkdi, incәdi incidәn dә o,

Elә inciyәn dә, incidәn dә o.

Vallah, incimirәm incidәndә o

Adamı o qәdәr göyçәk incidir.

İnciyi incidi, inci dәrindi,

Kirpiyim, o gözdәn inci dәr indi.

Bütün bu dünyanı incidәr indi

Ay aman, ay haray, Göyçәk incidi!

Hәsrәt, ürәyimi sev, incә düşür-

Qәlbimdәn bir pay da sevincә düşür.

Qüssәnin özü dә sevincә düşür

Nә vaxt ki, adamı göyçәk incidir.

Tarix
2013.11.11 / 11:53
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla