Yuxarı

Ruminin Şəmsin qatilləri ilə savaşı - VII hissə

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəms Təbrizinin qətlə yetirilməsindən sonra Konyada çox gərgin bir vəziyyət yaranır və Mövlanənin ətrafı ilə əxilər arasında dərin bir düşmənçilik baş qaldırır. Təbii ki, Şəmsin bu formada qətlə yetirilməsinə Mövlanə laqeyd qala bilməzdi və ona görə də əziz dostunu öldürənlərə qarşı bir savaşa başlayır. Mövlanə bu savaşa dərhal girmir. Bu da onun "Məsnəvi"nin ikinci dəftərinin əvvəlində yazdıqlarından bəlli olur:

"Bir müddət "Məsnəvi"nin yazılmasında fasilə yarandı,

Çünki qanın südə çevrilməsi üçün vaxt lazım idi".

Yuxarıdakı beytdən belə anlaşılır ki, Mövlanə müvafiq şəraitin yaranmasını gözləyib və bu şərait yarandıqdan sonra yenidən "Məsnəvi"ni yazmağa başlayıb. Birinci dəftərdən fərqli olaraq, "Məsnəvi"nin sonrakı cildləri tamamilə dövrünün sosial məsələlərinə həsr edilib.

Şəmsin qətl hadisəsindən sonra, Nəsrəddin Mahmud Xoca vəzirlikdən əzl edilir və bu işə monqolların müdaxiləsindən sonra Nəsrəddin Mahmud Konyadan Qırşəhərə köçməli olur. Mövlanənın oğlu Əlaə-d-Din Çələbi də onunla bilikdə gedir və orada hər ikisi də şəhərin əmiri Seyfəddin Toğrulun himayəsinə sığınırlar. Oğlunu geri qaytarmaq üçün əlindən gələni edən atanın bütün israrlarını rədd edən oğluna Mövlanə bir şer yazır, şerin sərbəst tərcüməsi belədir:

Ey dost sən səhv edib başqa bir dostla getdin.

Öz sənətini buraxıb başqasının işinə qoşuldun.

Sənə yüz dəfə səni bağışladığımı söylədim,

Sənə sənin düşdüyün vəziyyəti anlatdım.

Ey özündən müştəbeh, sən yenə də baş alıb getdin.

Sənə yüz nəsihət verdim, ayağındakı tikanı çıxardım,

Gülüstan bir bağçaya gəlmədin, tikanların içinə girdin.

Sən bir balıq olduğun halda, ilanla nə işin var?

Ey yanlış iş edən, yenə də ilana qoşuldun getdin.

Mənə deyirdin ki, səni dostluq mağarasında görə bilmirəm.

Mən o mağarada olduğum halda sən bir başqası ilə getdin.

Bu şerdə ilan dediyi Əxi Əvrəndir (əvrən sözünün mənası da ilan deməkdir). Dostluq mağarası dediyi yer isə Məhəmməd peyğəmbər ilə Əbu Bəkrin gizləndiyi mağaraya işarədir.

Bir müddət sonra, təxminən 1261-ci ildə Qırşəhərdə əxilərin monqollara qarşı qaldırdığı üsyanda Nəsrəddin Xoca ilə Əlaə-d-Din Çələbi həlak olurlar. Nəsrəddin Xoca ilə Əlaə-d-Din Çələbinin ölüm xəbərini alanda, Mövlanə uzun bir şer yazır, şerin bir parçasının sərbəst tərcüməsi belədir:

Hardadı mənim eşşəyim, hardadı mənim eşşəyim?

Keçən il öldü mənim eşşəyim.

Allaha şükr edirəm ki, eşşəyim öldü və başağrım dayandı.

Öküz də onunla birlikdə öldüsə də, yenə kədərlənmirəm.

Çünki o öküzdə mənim iyim-tüstüm qalmamışdı.

Öküzlə eşşək öldülərsə, cəhənnəmə ölsünlər.

Mənim dilbərim, mənim dilbərim, mənim dilbərim, mənim dilbərim mənə yetər.

Eşşəyin qulağında bir halqa vardı, yalnız bu halqa qızıldan idi.

Hayiflar olsun, hayiflar olsun, mənim o altunuma, hayiflar olsun.

Eşşəyim dikbaşdı, itaət etmir, naz eləyir, arpa yemir.

Qapının önünə də təzəkdən başqa bir şey qoymur.

Zərərdən başqa da heç bir xeyrini görmədim.

Burada eşşək - Nəsrəddin Xoca, öküz - oğlu Əlaə-d-Din Çələbidir, dilbər deyərək mədh etdiyi isə digər oğlu Sultan Vələddir.

Beləliklə, Mövlanə şer yazmaqla öz düşmənləri ilə mübarizəyə başlayır. "Məsnəvi"nin altıncı dəftərinin müqəddiməsində, 273 beytdə Mövlanə deyir ki, mənim düşmənlərim vardı və onlar mənimlə savaşırdılar. Mən də onlarla savaşmaq üçün bu "Məsnəvi"ni yazdım. Bu haqda danışarkən düşmənlərinin firon, özünün Musa, "Məsnəvi"nin isə bu savaşda Musanın əsası olduğunu ifadə edir. Həmin müqəddimədə qeyd edir ki, firon zəlil olduğu kimi, mənimlə savaşanlar da zəlil oldular, mən isə müzəffər oldum. Bu müqəddimədə yuxarıda qeyd etdiklərimizi geniş bir şəkildə izah edir və sonda bu altıncı dəftər ilə əsərin bitirəcəyini də qeyd edir.

Tarix
2013.12.05 / 10:19
Müəllif
Elşad Əliyev
Şərhlər
Digər xəbərlər

Musa peyğəmbərin görüşdüyü Allah bəndəsi mələkdir...

“Ay eşşək, niyə Quran deyil?!”

“Məsnəvi”dən qısa məzmunlar və hədəflər

Şəmsin Konyadan qaçması və qətli - VI hissə

Ruminin Kimyanı Şəmsə verməsinin səbəbi (V hissə)

Şəmsin Konyaya gəlişi və Rumi ilə görüşü (IV yazı)

Mövlanə Cəlaləddinin sirləri (III yazı)

Mövlanə Cəlaləddinin sirləri (II yazı)

Mövlanə Cəlaləddinin sirləri (I yazı)

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla