Yuxarı

Bəxtiyar Sadıqov peşə bayramında telejurnalistləri "vurdu"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov telekanalları və "bədxəbər" medianı tənqid edən "Bəd xəbər aludəçiliyi" adlı məqalə ilə çıxış edib.

Xatırladaq ki, bu gün tele və radio jurnalistlərin peşə bayramıdır. 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio qurulub. Məhz telejurnalistlərin peşə bayramı günü Bəxtiyar Sadıqovun telekanalları kəskin tənqid etməsinin maraqlı olduğunu nəzərə alıb, o yazını təqdim edirik.

Azərbaycanda mətbuat və söz azadlığı var!

Bu fikri söyləməklə Amerikanı təzədən kəşf etmək niyyətində deyilik:

Yalnız hamıya bəlli olan həqiqəti təkrar edirik.

Həqiqət isə belədir:

Azərbaycanda mətbuata senzura nəzarəti 15 ildir ki, ləğv olunub!

Azad sözə nəzarət üçün dövlətin əlində heç bir vasitə qalmayıb.

Beş mindən çox özəl qəzet qeydiyyatdan keçib!

Azərbaycan vətəndaşlarının yetmiş faizi internet istifadəçisidir.

İyirmidən çox müstəqil televiziya kanalı fəaliyyət göstərir.

Həm qəzetlər, həm informasiya agentlikləri, həm də televiziya kanalları proqram siyasətində tam sərbəstdirlər!

Yəni, kim nə zaman, nədən və necə yazmaq istəyirsə, elə də edir. Heç kim jurnalistin işinə qarışaraq ona mövzu və iradə diktə etmək səlahiyyətində deyil!

Təbii ki, bu, çox yaxşıdır və söz azad olmalı, insanlar düşündüklərini sərbəst şəkildə yaza və deyə bilməlidirlər!

Amma...

Müstəqillik və azadlıq həm də məsuliyyət deməkdir!

Hər bir jurnalist yazı yazanda, süjet hazırlayanda, informasiya toplayıb yayanda peşənin prinsiplərini, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, milli-mənəvi dəyərləri və mentalitetimizi unutmamalıdır!

Çox təəssüf ki...

- süni sensasiya yaratmaq;

- adamları qarşıdurmaya çəkərək qalmaqallar törətmək;

- kriminal mövzulara hədsiz həvəs göstərmək;

- milli-mənəvi dəyərlərin tapdalanması hesabına qəzeti, televiziya proqramını "maraqlı" etmək;

- təsadüfi hadisələri şişirdərək millətin və xalqın ümumi bəlası kimi təqdim etmək;

- ən nəhayət, bəd xəbərlərin aludəçisi olmaq müstəqil qəzetlərin, informasiya agentliklərinin və televiziya kanallarının şakərinə, bəlkə də artıq xəstəliyinə çevrilib!

"Yaxşı", "maraqlı", "baxımlı" küçəyə tökülməyib!

Yaxşı yazı yazmaq, maraqlı informasiya toplamaq, baxımlı veriliş çəkmək üçün həm də əziyyət çəkmək, peşəkarlığa yiyələnmək, bəzən əlavə pul xərcləmək lazım gəlir!

Bunlarsız oxucu, tamaşaçı diqqətini cəlb etmək çox çətindir!

"Mümkün deyil" - ifadəsini işlətmirik! Çünki müəyyən dövrdə "müxtəlif vasitələrlə topladığın tamaşaçı" sonra səndən üz çevirir. Bu gun özəl televiziya kanallarının ən böyük problemlərindən biri də (özləri etiraf etməsələr də) itmiş tamaşaçılarını geri qaytarmalarıdır!

O da mümkün olsa!

Çünki bir-birlərinə bənzəyən şou proqramları, saxta süjet və göz yaşları əsasında qurulan verilişlər, əttökən və primitiv qalmaqallar tamaşaçını bezdirərək iyrəndirib!

Bəd xəbər vermək aludəçiliyi isə lap həddini aşıb!

Elə bil, qara xəbər verməkdən, insanlarda qanqaralığı, pis əhval-ruhiyyə yaratmaqdan zövq alırlar!

"Bəd xəbər"in "pis xəbər" "variantı" isə istisnasız olaraq bütün özəl televiziya kanallarının ən "sevimli" mövzusuna və verlişlərinə çevrilib. Harada "ən pis ana", "ən xəyanətkar ər", "ən nankor övlad", "ən yaramaz bacı və qardaş", "ən tərbiyəsiz və mənəviyyatsız azərbaycanlı" varsa, tapıb gətirirlər studiyaya! Kim hansı biabırçılığı edibsə, söylədirlər, doğmaları bir-birlərinə qarşı qoyurlar, dalaşdırırlar, qarşılıqlı formada ifşa etdirirlər!

Öz xalqını, millətini "faktlar"la aşağılayırlar!

Qadınının, kişisinin "şərəfsizliyini" göstərirlər!

Sanki bu millətdə dəyərli bir şeyin olmadığını sübut etməyə çalışırlar!

Hamı pisdir, hamı mənəviyyatsızdır, hamı yaramazdır!

Elə isə bəs siz özünüz kimsiniz?!

Siz hansı xalqın və millətin nümayəndəsisiniz?!

Atası soğan, anası sarımsaqdan gülməşəkər çıxarmı?!

Nə istəyirsiniz bu millətdən, yaxud belə verilişlərinizlə nə demək, kimə nəyi çatdırmaq, sübut etmək fikrindəsiniz?

Əri şəhid getdikdən sonra min zillətlə uşaqlarını böyüdən, dövlətin yardımı ilə təhsil verib ev-eşik sahibi edən analarımız hanı?

Niyə ekrandan görünmürlər?!

Bacısına atalıq, qardaşına analıq edərək evin, ailənin bütün ağırlığını çiyinlərinə götürən Azərbaycan övladı hardadır?

Niyə belə nümunələri tapıb təqdim edən yoxdur?!

Düşmənlə üzbəüz səngərdə yatan, tez-tez ölümün soyuq nəfəsini hiss edən əsgər və zabitlərimiz hardadır?

Niyə mavi ekranlarımızın qəhrəmanlarından biri Azərbaycan əsgəri və zabiti deyil?

Dünyaya milli-mənəvi dəyərləri - muğamı, aşıq sənəti, Novruzu, İçərişəhəri və Qobustanı, tolerantlığı və qonaqpərvərliyi ilə təqdim olunan müstəqil Azərbaycanın ölkə daxilində belə antimilli təbliğinin (hələ şou proqramlarını demirik) səbəbi nədir?

Bu necə düşmənçilik, "yaradıcılıq", gözdənsalma kampaniyasıdır ki, dayanmadan aparılır?!

Bəs haçan bunlara "dur" deyiləcək?!

Ordan-burdan gətirilərək ilkin variantından (orijinalından) əsaslı şəkildə fərqlənən "oğurluq" verilişlər mənəviyyatımızın qorunmasına, yüksək insani keyfiyyətlərin tərənnümünə yox, proqramın aparıcısının reklamına, millətə mənəviyyatsızlığın təlqininə, ailə dəyərlərinin yoxa çıxdığının sübutuna yönəlir! Bütün "meydana çıxarılan" faktlar, dilə tutularaq (bəzən aldadılaraq) studiyaya gətirilən insanlar göz yaşları axıtmaqla (yenə aparıcının tövsiyəsi əsasında), əhvalata sensasiya donu geyindirilməklə tək Azərbaycan tamaşaçısına yox, dünyanın bir çox ölkələrinə yayımlanır.

Başqa millətlər özlərinin "qədimliyini", humanistliyini, ailə dəyərlərinə sadiqliyini göstərib dünyanı olmayan şeylərə inandırmağa çalışdıqları halda, biz yaxşılarımızı unudaraq təbliğatımızı yamanlar üzərində qururuq!

Həm də itirilənlərlə qazanacağımızın fərqinə varmadan!

Hər televiziya kanalının səhər proqramı var. Adətən, səhər proqramları musiqili, informasiyalı olur, təqvim günləri xususi qeyd edilir, xoş əhval-ruhiyyə yaratmağa hesablanır. Artıq səhər çağı verilişlərinə də "bəd xəbər" baxımından əl gəzdirilib! Əgər gecə yarısı avtoqəza baş veribsə və hadisə zamanı ölən olubsa, obaşdandan tez - tələsik tamaşaçılara çatdırmaq istəyirlər! Elə bil qorxurlar ki, başqaları (əslində, elə qorxurlar) bu qaraxəbərliyi onlardan tez edər!

Noolub?! Adam şad xəbər verməyə tələsər! Silsilə bəd xəbərlər isə nə operativlikdir, nə də yenilik!

Kriminal xarakterli bəd xəbərlərə də xüsusi aludəçilik var. Əvvəla, DİN-in internet saytı yaxşı işlədiyindən və sutka ərzində baş verən hadisələr dərhal oraya yerləşdirildiyindən jurnalistlər üçün rahat və əlçatandır. Digər tərəfdən, belə xəbərlərdən ucuz və süni sensasiya yaratmaq asandır.

Vay o gündən ki, adı və soyadı hansısa tanınmış insanla eynilik təşkil edən başqa bir adam avtomobil qəzasında həlak ola, yaxud hansısa, xoşagəlməz halla üzləşə! Dərhal ad və soyadı sərlövhəyə çıxarıb bəd xəbərə çevirməklə çaşdırıcı sensasiya yaratmağa çalışırlar! Daha düşünmürlər ki, həmin insanın doğmaları, yaxınları, onu istəyənlər var! Məsələnin mahiyyətindən xəbər tutana qədər onlardan hansı isə əsəb sarsıntısı keçirər, səhhətində problem yaranar. Ancaq bircə şey düşünürlər: ad və soyad eyniliyindən istifadə edib bir hoqqa çıxarsınlar!

Ucuz sensasiya axtarışı peşəkarlığa da ciddi ziyan yetirib. Süjet göstərilərkən eyni xəbər qısa zamanda 3-4 dəfə təkrarlanır (hələ onun anonsunu nəzərə almırıq ).

Ən "dəbdə" olan xəbər: tutaq ki, avtomobil aşaraq qəzaya uğrayıb, bir nəfər ölüb, ikisi isə yaralanıb. Süjet xəbərlər proqramında təqdim edilərkən əvvəlcə aparıcı diktor bunu söyləyir. Kadrlar göstərilərkən reportajı hazırlayan jurnalist onu təkrar edir. Sonra yol-patrul xidmətinin əməkdaşı hadisə barədə yenidən danışır. Ən nəhayət, dördüncü dəfə yaralıların çatdırıldığı xəstəxananın həkimi məlumat verir.

Elə bil, bəd xəbəri bir dəfə deməklə ürəkləri soyumur!

Əslində, diktorun dediyini jurnalist, onların söylədiklərini isə polis və həkim təkrarlamalı deyil! Hərə bir məqamdan danışaraq bütöv təsəvvür yaratmalıdır. Amma peşəkarlığın aşağı, qara xəbər yaymaq istəyinin sonsuzluğu isə aşağı səviyyəli süjetlərin ekrana çıxarılmasına səbəb olur.

Dini-mənəvi dəyərlərimizə, o cümlədən dünyanın bir sıra ölkələrində qəbul edilmiş qaydalara görə yenicə dünyasını dəyişmiş və hələ dəfn olunmamış insanların cəsədinin göstərilməsi (bədii filmlərdə və teleseriallarda belə hal baş verə bilər) yasaq edilir. Amma bir sıra kanallar avtoqəzada həlak olmuş insanı, hansı səbəbdənsə dünyasını dəyişmiş əsgəri ekrana çıxarmağa, yas məclisindən reportaj hazırlamağa böyük həvəs göstərirlər. İnsan ağlayanda bəzən sifəti dəyişərək tanınmaz şəklə düşür.

Əzizini itirmiş adamı bu vəziyyətdə ekrandan aləmə göstərməzlər!

Hərdən "vətənpərvərliyi" güc gələn jurnalist şok vəziyyətinə düşərək keyləşmiş ata-anaya "Mən fəxr edirəm ki, oğlum şəhid gedib!" - sözlərini söylədirlər.

Valideyn övladının ölümündən fəxr duymaz!

O övladının vətən uğrunda şəhidliyindən yalnız təsəlli tapar, bir qədər toxtayar!

Televiziya kanalları ekran vasitəsilə evlərə meyit gətirməkdən çəkinməlidirlər!

Təəssüf ki, ölkəmizin elektron və çap mediası dünya mətbuatında Azərbaycanla bağlı gedən müsbət xarakterli materialların dərhal oxuculara çatdırılmasına, yaxud şər-böhtana konkret faktlar və arqumentlərlə cavab verilməsinə lazımi həvəs və maraq göstərmirlər! Hətta bəzən qondarma faktlar əsasında hazırlanan belə yazıları sevinə-sevinə təkrarən öz qəzet və saytlarında təqdim edir, ona bir neçə "izahlı" material həsr edirlər.

Belə sevincin səbəbini anlamaq olmur!

Azərbaycanlı qələm əhlinin milli və dövləti təəssübkeşlikdən məhrum olduğunu düşünməkdə isə çətinlik çəkirik!

Dövlət başçısı cənab İlham Əliyev Üçüncü Bakı Beynəlxalq Humanitar forumundakı nitqində bəd xəbər hərisliyinə xüsusi diqqət yetirdi:

"Əfsuslar olsun ki, dünya mediasında, o cümlədən Azərbaycanda da daha çox qanqaraldıcı xəbərlər ön plandadır, daha çox sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir. Medianı izləyərkən elə bir təsəvvür yarana bilər ki, dünya alovlanıb yanır, hər yerdə toqquşmalar, müharibələr, partlayışlar, terror aktları baş verir. Ancaq dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir. Əfsuslar olsun ki, onlar bir qədər arxa plana keçir. Burada, əlbəttə ki, söhbət media nümayəndələrinin məsuliyyətindən gedir. Əgər biz dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək istəyiriksə, bütün imkanlardan istifadə etməliyik. Əlbəttə ki, dünyada baş verən müsbət hadisələr də medianın əsas mövzularına çıxarılmalıdır. Çünki belə olmasa, informasiya ancaq birtərəfli olacaqdır."

Əgər mətbuat dördüncü hakimiyyətdən yüksələrək ikinci hakimiyyətə çevrilibsə, məsuliyyət və peşəkarlıq da eyni səviyyədə yüksəlməlidir!

Həm də heç birimiz heç zaman unutmamalıyıq ki, biz azərbaycanlıyıq!

Tarix
2013.11.06 / 09:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla