Yuxarı

Ərim elə köpəyoğludur ki... - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstirahət günümü dostların dəvəti ilə Zərdabda keçirmək qərarını verdim. Şəhərin haylı-küylü yaşamından iki günlük də olsa canımı qurtarmaq, təbiəti o qədərdə göz oxşamayan bu aran rayonunda köhnə dostlarla birlikdə olmağın həzzini yaşamaq, Kür çayının sahilində ova çıxmaq istəyi ilə nağıllarda deyildiyi kimi, altdan geyinib üstdən, üstdən geyinib altdan qıfıllandım.

Uzaq yolu yaxın etmək, yola körpü salmaq üçün Lökbatan dairəsindən özümə yol-yoldaşı götürmək üçün maşını saxladım, "Zərdaba gedirəm, bir nəfər. Gedən var?"- səsləndim. İki gənc yaxınlaşdı. Ucara gedəcəklərini dedilər. "Nə alacaqsan?" - deyə soruşdular. "Nə qədər çox olsa, başınızın ucalığıdır".

Razılaşdıq.

Nizami adlı çoxdanışan oğlan qabaqda, Mustafa adlı yolboyu telefonla kiminləsə mesajlaşan ikinci gənc isə arxada oturdu. Hər ikisinin sifətindən yorğunluq yağırdı. Nizami siqaret yandırmaq üçün icazə istədi.

- Olar,- dedim,- çək.

Gözlərim əlinə sataşdı. Barmaqları döyənək olmuş kimi idi. Hiss olunurdu ki, ağır işlə məşğuldur. Yola körpü salmaq qərarı verdim. Söhbətimiz alındı.

Camaat adam balası kimi işləyirmiş

Nizami:

- Zirədə işləyirik. Daş karxanasında. Maşınlara daş yükləyirik, biri 3 qəpikdən. Günə 5-6, bəzən isə daha çox maşın yola salırıq. 6 nəfər fəhləyik. on gün işləyirik, on gün evdə oluruq,- deyir.

21 yaşlı bu oğlan 16 yaşından daş karxanasında işləyir:

- Məndən iki yaş böyük qardaşım var. Ailəni dolandırmaqda atamıza yardımçı olduq. Ailəmiz böyük də olmasa, dolanışığımız yaxşı deyildi. Hər ikimiz daş atmağa gəldik. Əvvəllər Güzdəkdə işləyirdik. İki ilə yaxındır ki, Zirədəyik. Zirənin yaxşı tərəfi odur ki, daşları ağır deyil. Balıqqulağılıdır. Daş atmaq, maşınlara yükləmək çətin olmur. Karxananın sahibi isə yaxşı adamdır. Özü də hacıdır. Qalmağa şərait yaradıb orda, yemək-içməyimiz isə özümüzdəndir. Hələ olmayıb ki, nəyisə mahna edib fəhlənin pulunu kəssin. Güzdəkdə olanda bədbəxt hadisələrlə çox qarşılaşmışam. Burda hələlik ölüm-itim yoxdur. Amma neynəyək ki, daima əzab-əziyyətin içindəyik. Qışda soyuq, palçıq, yayda isti, toz-torpaq bezdirsə də, işləməliyik. İsti yeməyin olmaması, daima quru yeməklər də bir yandan, bizi pəndəm eləyir. Başqa nə edək, harda işləyək? Mən görməmişəm, amma deyirlər, Sovet vaxtı kolxoz-sovxoz olub, camaat adam balası kimi işləyirmiş, indi kim ki, kasıbdır, canı çıxıb ölməlidir".

Gərək oxuyaydım...

- Oxumadıq. Oxuya bilmədik. Doğrusu, həvəs də olmadı oxumağa. Uşaq vaxtından daşda işləyib evə pul gətirib, valideynlərimizi guya bəxtəvər etdik. Hamı bizi misal gətirirdi, bir qarışdılar, ailəni dolandırırlar, deyirdilər, kənddə bizdən söz düşəndə. Həm də oxumuşları görürdüm də... Alver edir, onun–bunun qapısında işləyirdilər. İş yeri yox idi. "İnjiner", aqronom, zootexnik... hamısı çöldə it günündə. Yenə də müəllimliyi oxuyanlar yaxşıdı. Pis-yaxşı dərsini verirsən, gəlirsən evinə. Amma onların da aldıqları maaş nəyə çatır ki... Neçəsi gözləyirdi biz qardaşları, karxanadan gələn kimi, gəlib borc alırdılar. Hə, oxumadım, müəllim. Həvəs də olmadı, "oxu" deyən də... Gərək bir peşə öyrənəydim, heç olmasa. Nə yaşım var e, 21-dir də... Attestatı yaxşı ki, ala bildim".

Kəndimizin adı Küçəkənddir

"Bizim Ucarın Qazqumlaq kəndi var, Ziyanın kəndi (Nəqliyyat Naziri Ziya Məmmədov nəzərdə tutulur. - F.B.). Bax, oranın adamları həm dəmir yolunda, həm də gəmilərdə işləyirlər. Ziya dəmir yolunda olanda hamı baxıb uşağını düzdü-qoşdu ora. Çünki qabağa düşənləri oldu. Bizim kəndin adı Küçəkənddir, elə küçədə də qaldıq.

Siqaret yandırır. Futboldan danışır. Harda işlədiyimi soruşur. "Axar.az",- deyirəm. Bir dəqiqə keçməmiş arxadan Mustafa soruşur:

- Müəllim, niyə girmək olmur, saytınıza?

- Hücum var, vurub dağıdırlar,- deməyimi görürlər, "nə hücum?" deyə hər ikisi soruşur. Hiss edirəm ki, sayta hücumun nə demək olması onlara qaranlıq qalır. Mən də aydınlıq gətirmirəm.

Ərim elə köpəyoğludur ki...

Atbulaq kəndini keçirik. Yolun kənarında plastik kiçik vedrələrdə göbələk satılır. Birinin yanında dayanırıq. Orta yaşlı qadındır. Göbələyin qiymətini soruşub, "bazar olsun" deyirik.

"Olmur bazar, qardaş, səhərdən dayanmışam, iki vedrə ancaq satmışam".

Söhbətə tuturam. Adını demir. Şəklini çəkmək istəyirəm, razı olmur. Həyəcanla: "Neynirsən, ərim elə köpəyoğludur ki! Görüb-eləyər, bu yaşımda başımı kəsər",-deyir.

- Bəs ərin hardadı, işləyir, yoxsa yox? - deyə soruşuram.

- İş var, işləyə? Yəqin çayxanada olar, ya da günortasını yeyib, yatıb.

Ayrılanda ürəyimdə deyirəm: "Hə, sənin ərin doğurdan da köpəyoğludur. Yoxsa arvada göbələk satdırıb, çayxanada avaralanmazdı..."

Qazıməmmədski kukruz...

Yolumuza davam edirik. Hacıqabulda yolun hər iki tərəfində sanki ocaqxanalar açılıb. Köhnə su bidonlarından hazırlanan sobaların üstündəki qazanlarda qaynadılan qarğıdalıların iyi ətrafa yayılır. Maşını saxlayıb, qiymətini soruşuruq. Qiyməti deməmişdən öncə, satıcı oğlan qarğıdalısına bəy tərifi verir: "Ves Azərbaycanı gəz, belə dadlı kukruz görməzsən, kitayski deyil e, bu, Qazıməmmədski kukruzdu".

Söhbətə tutmaq istəyirəm. Şəklini çəkməyə qoymur. Jurnalist olduğumu bilib, "Xatozu məndən uzaq eləyin. Bizi onsuz da qoymurlar adam kimi yaşayaq. Arada gəlib dağıdırlar da. A kişi, Allahın bələdiyyəsi də haqq istəyir e. Day "uçaskovı" zalımın balasında nə günah? Onlar dədə-babadan ələ baxan olublar",- deyir.

Adı Ramizdi. Ailəsini güc-bəlayla dolandırır, buna da şükr edir.

Qarğıdalı alan Sabirabad prokuroru

İkinci qarğıdalı satan azyaşlı oğlanın adı Əlimuxtardı. Dərsə niyə getmədiyini soruşuram. Sualıma başını qazandan çıxarmadan cavab verir:

- Məktəb var, məktəbə gedəm? Tətildir də... Atama kömək edirəm, o bişirir, mən satıram. Hamı bizdən alır, hamı deyəndə, ağzının dadını bilənlər.

Bir az da söhbət edib, qarğıdalı alıram:

- Dadlıdır, qayıdanda birini də alacam.

- İşıq haqqı, Sabirabadın prokuroru burdan həmişə kukruz alıb, böyüklərə göndərir, elə-belə adam deyil e...

- Əlimuxtar deyir.

Balaca satıcının böyük yalanına gülümsəyirəm və şəklini çəkmək istədiyimi deyirəm.

- Çək, nə olacaq ki... Sonra mənə də verərsən. Burdan keçəcəksən də nə vaxtsa...

Dilənmənin yeni üsulu

Nizami və Mustafa ilə yol yoldaşlığımız bitdikdən bir qədər sonra yolun kənarında dayanmış qırmızı rəngli "Vaz-2106"nın sürücüsü əl edir. İşarə edir ki, maşınında nasazlıq var, saxlayım. Bura elə bir yerdir ki, yaxınlıqda heç nə yoxdur. Sürətlə gedən maşını bir qədər kənarda saxlayıb, geri verirəm. 30-35 yaşlarında bir kişidir. Maşındakı iki az yaşlı uşaq və cavan gəlin diqqətimi çəkir. Jiqulinin sürücüsü:

- Tovuza gedirik. Əsgər yanına. Hadisə baş verib. Maşını nə təhər sürmüşəmsə motoru tökülüb. Üstümdə nə qədər pulum varsa verdim, düzəltdirdim. İnan, buracan gəldim, benzinim qurtardı. Mənə kömək elə, benzin alım.

- Motoru bir-iki saata yığdırmaq olar? – soruşuram, dinmir. İki manat verirəm. Aldıqdan sonra:

- "Koşilok"unda pulun var da, heç olmasa, 7 manat ver,- deyir.

Birdən yadıma düşür ki, ay dad, mən bu atamı tanıyıram ki!..

- Mən səni tanıdım. Bir dəfə də Bakıda Raboçidə saxlamışdın. Əl elədin, saxladım. Onda da türmədə yatan adamın yanından gəldiyini dedin. 4 manat verdim. Sən onda da dedin ki, heç olmasa 7 manat ver. Niyə 7, məsələn, 10 yox?

- O, mən olmamışam. - Deyir və uzaqlaşır.

Hə, dəqiq o idi. Tanımışdım. Qarşıda mer-meyvə satılan xəfəngin yanında saxlayıram. Satıcı cavan oğlandır. Bazarlıq edirəm. Ayrılanda deyir:

- O "nolaltı" səhər tezdən orda dayanıb, yalannan camaatdan pul yığır. Bu da onun işidir də, arvad-uşağı da girinc eləyib ki, adamların ona yazıqlığı gəlsin... Bu da dilənmənin yeni üsuludu...

Tarix
2013.11.21 / 13:37
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla