Yuxarı

Deyirlər, xalan oğlu müxalifətçidi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 30-u Əməkdar artist İlqar Cahangirin 45 illik yubileyi idi.

İlqar bəy indi "Sonuncu fəsil" adlı teleserialda çəkilir. Eyni zamanda "PERO Production"ın təşkil etdiyi "Aktyorluq kursları"nda dərs deyir.

İlqar bəylə adi söhbətlərimiz belə çox səmimi, maraqlı olur. Bu dəfə söhbətə elə "Oda" teatrı mövzusuyla başladıq.

Noyabrın 30-da yayımlanan müsahibəmizin ardını təqdim edirik:

(Davamı)

(əvvəli burada)

- Aktyor üçün vacib olan şeylərdən biri hansı müəllifin, hansı rejissorun əlində işləməkdir. 5 il 15 il yaxşı rejissor əlində işləmək aktyoru peşəkarlaşdırır. Elə gözəl aktyorlarımız var ki, səriştəsiz rejissorların əlində məhv olub gedir. Öz bacarığını, istedadını itirir. Bir daha demək istəyirəm, hər teatrın özündə studiyalar olmalıdı, peşəkar, yaşlı aktyorlar gənc nəsil aktyorlara məşğələlər, dərslər keçməlidirlər, gəncləri yönləndirməlidirlər. Təəssüf ki, bizdə belə şeylər yoxdu.

Onlar boşboğazlıq etmirlər

Bir tərəfdən də bizdə belə bir şey var ki, o şeyi bacaran adam çox danışmır. Peşəkar adamlar, peşəkar aktyorlar heç vaxt özlərini gözə soxmurlar. Mənim mono-tamaşamda da var belə bir şey: "özünü güllə qarşısına verənlər danışa bilmirlər". Onların danışmağa vaxtı olmur. Onlar özlərini sənətə, elmə, peşələrinə həsr edirlər. Onlar çıxıb boşboğazlıq etmirlər. Bu gün bizim elə müəllimlərimiz, pedaqoqlarımız, rejissorlarımız, aktyorlarımız var ki, - neçəsini saya bilərəm - Abbas Qəhrəmanov, Qurban İsmayılov kimi aktyorlar - özlərinə qapanıblar, halbuki onlar bizə, gənclərə çox şey öyrədə bilərlər. Peşəkar aktyorumuz Vidadi Həsənov da özünü bütünlüklə sənətinə həsr edən pedaqoqlarımızdan biridir.

Hər yerdə yaratmaq olar

Belə bir fikrimiz var ki, gələcəkdə "ODA" teatrında belə peşəkar aktyorlarla tamaşalar hazırlayaq. İndi hələ ki, məkan olaraq o imkanlarımız yoxdur, amma inşallah gələcəkdə, belə planlar nəzərdə tutulur. Söhbət, teatrı genişləndirməkdən yox, bir az da teatrallaşdırmaqdan gedir. Əvvəllər mənə desəydilər ki, burda (Zirzəmidə. – red.) teatr yaradıblar, deyərdim ki, orda heç vaxt teatr yaratmaq olmaz. Amma mən gördüm ki, hər yerdə teatr yaratmaq olar, küçədə, kafedə, çardaqda, zirzəmidə.., hər yerdə yaratmaq olar. Əsas odur ki, sən istə və çalış, cəhd eləsən, istədiyin hər şeyi edə bilərsən.

Ola bilsin, müəyyən çətinliklərimiz olacaq, mane olacaqlar, yerimiz narahat olacaq, amma zamanla hər şey yoluna düşür. Hələ ki, bizə heç bir maneə törədən yoxdur. Dəfələrlə gəlib "yoxlasalar" da, dəyib-dolaşmırlar hələ ki. Bizlə çalışan aktivist gənclər var, onlarla maraqlananlar olub, onlara nəzarət olub, gəlib tamaşa boyu qapının ağzında gözləyiblər, amma girib mane olmayıblar. Şam alıb qoymuşuq ki, birdən işığı-filan kəsərlər tamaşanı şam işığında oynayaq.

Teatrdı da, gülməli ya ağlamalı

Teatr yeganə yerdir ki, bu günün hadisəsini göstərir. Tamaşa canlıdır, tamaşaçı görür və eşidir. Əvvəllər teatr deyəndə onun ictimai-siyasi tərəfini düşünmürdülər, teatrdı da gülməli və ya ağlamalı, gülüb-əylənməkçün yer. Amma indi-indi artıq anlamağa başlayıblar ki, əslində elə deyil. Teatr daha çox düşünmək üçün məkandır, bizə real həyat hadisələrini göstərməlidir. Xarici ölkələrdə, elə bizə qonşu ölkələrdə Türkiyədə, Gürcüstanda belə teatrlar çoxdu.

Tarixdə belə şeylər var, hətta. "Çünki, o alçaq məni göstərir", deyərək, şah öz saray aktyorunun başını vurdurur. Aktyor təlxək formasını geyinib şahın bütün haqsızlıqlarını, ədalətsizliklərini göstərir...

5 milyon manat böyük məbləğdi

Deyirlər ki, seriallara böyük maliyyə ayrılır, amma bu məbləğ heç də böyük maliyyə deyil. Təbii ki, 5 milyon manat böyük rəqəmdi, amma bu başqa ölkələrlə nisbətdə cüzi məbləğdir. Bir dəfə bir türk tanışla seriallar barədə söhbət edirdik, o da kino adamıdı, bizim serialı göstərirdilər. Ondan soruşdum, deyir, 90 dəqiqəsinə 80-100 min dollar pul xərclənir, dedim biz 90 dəqiqəni 20 min dollara çəkmişik. Dedi, siz 20 minə bu cür çəkmisizsə, gör 90 minə necə serial çəkərdiz. Bu reallıqlar da var.

Bizim seriallarda mövzu problemi var, hamısı ailə-məişət mövzusu üzərində qurulur. Başqa mövzulara müraciət etmək lazımdı. İnandırıcı çəkmək lazımdı, mövzu tamaşaçıya inandırıcı gəlməlidir.

"Deyirlər xalan oğlu müxalifətçidi, qoy işimizi görək də"

İşlər çox da olsa, ailəyə vaxt ayırıram. Düzdür, əvvəlki kimi deyil, amma xeyirdən-şərdən qalan adam deyiləm, maşallah, qohum-əqrəba da çoxdur bizdə. Bir xalam oğlu var, rayonda yaşayır, balaca biznesi var. Bir dəfə zəng vurmuşdu ki, sən neynəmisən orda, deyirlər, xalan oğlu müxalifətçidi, qoy işimizi görək də. Dedim, get işini gör də, oturmusan rayonda balaca biznesinlə məşğul olursan, guya burda nə olur bitir, xəbəriniz var? (gülür) Bəzən belə hadisələr də olur.

Yeyib-içən oğlan deyiləm

Bir müddət işsiz qalanda borc almışdım dostlardan, indi də işləyib o borcları qaytarmaqla məşğulam (gülür). Özüm, ümumiyyətlə yeyib-içən oğlan olmadığım üçün, belə deyək, çox pul da xərcləmirəm. Siqaret çəkmirəm, 40 yaşıma qədər içki də içməmişəm, amma indi hərdənbir dostlarla azca içirəm.

Kişiyik də...

Ətrafımdakı qadınlar ailədə, evdə heç vaxt problem yaratmayıb. Kişiyik də, həyatımızda həmişə qadınlar olur. Müxtəlif təkliflər də olub qadınlardan, hələ də olur. Dostlar-filan görəndə, biləndə, təəccüblənirlər, "qınayırlar" ki, niyə cavab vermirsən, qarşılıq vermirsən bu qadınlara? Niyə də olmasın ki? Mən də acıqlanıram ki, yaxşı, bəsdirin (gülür).

"05" açarı gətirmişdilər ki, sənindi bu

Hələ yeniyetmə vaxtımda, sovet vaxtı, "05" açarı gətirmişdilər ki, sənindi bu. Açarı elə vurmuşdum gətirənin üzünə, alnı yarılmışdı.

Səmimi deyirəm, məni tanıyanlar da bilirlər ki, elə şeylərdən uzağam. 25-30 illik dostlarım var, heç biri deyə bilməz ki, İlqarla filan yerə getmişik, filan şeylər eləmişik. Hər kişiliyi eləmişik, amma belə şeylərə getməmişəm mən.

Bir dəfə Rusiyadan gəlmişdilər, film çəkilirdi onunla bağlı. Ölçülər lazım idi, bir-bir dedim mən də, ayaqqabı 40, kostyum ölçüm 48-50, köynək 41, boyum 1.75. Orda bir azərbaycanlı qadın vardı, geyim üzrə nə isə işçiydi, mənə dedi, əsl Azərbaycan standartlarıdır, ölçüləriniz Azərbaycan kişi standartlarına tam uyğundur.

Tarix
2013.12.02 / 17:59
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla