Yuxarı

Hökumət yanacağın qiymətini niyə qaldırdı? - Araşdırma

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Tarif Şurasının qərarı ilə Azərbaycanda avtomobil yanacaqları üçün yeni qiymətlər müəyyənləşdirilib.

Təbii ki, bizdə belə bir praktika yoxdur ki, Tarif Şurası qiymətlərin dəyişildirilməsinin iqtisadi əsaslandırılmasını ortaya qoysun və isbat etsin. Yəni bunun müzakirə predmetinə çevrilməsinə ehtiyac belə qalmasın və cəmiyyət qiymət dəyişikliyinin real bir fakt kimi qəbul etsin.

Ona görə də hər dəfə Azərbaycanda Tarif Şurası qiymət artımı ilə bağlı qərar çıxaranda və bundan cəmiyyət gecə yarısı xəbər tutanda (!), səhərisi gün və bəzən də digər günlər ancaq müzakirə obyekti bu olur ki, hökumətin fikri nədir görəsən?

Nəyə görə hökumət?

Çünki Azərbaycanda Tarif Şurası əksər sivil ölkələrdəki kimi müstəqil bir qurum kimi çıxış etmir və onun üzvləri elə hökumətin yüksək vəzifəli məmurları, daha dəqiq desək, nazir müavinləri və komitə sədrlərindən təşkil olunub.

Hətta postsovet ölkələrinin Avropaya inteqrasiya kursu götürmüş ölkələrində (Ukrayna, Moldova, Gürcüstan) bu təşkilat Tənzimləyici orqan adlanır və hökumətə heç bir tabeçiliyi yoxdur. Qərbdə isə Tənzimləyici orqan parlamentə tabedir və büdcədən maliyyələşır. Ora bazarda monopol "söz sahibi" olan həm hökumət, həm də özəl qurumlar qiymət və xidmət haqlarının təyin edilməsi ilə bağlı müraciət edə bilərlər. Tənzimləyici orqanın vəzifəsi təklifə baxmaq, bazardakı vəziyyəti araşdırmaq və mübahisəli vəziyyət yaranarsa, maliyyələşdirməni öz boynuna götürərək yerli və beynəlxalq (müstəqil) ekspertlərdən ibarət audit təşkil etməkdir. Yalnız bundan sonra bu orqan qiymətlərlə bağlı qərarını mətbuatda dərc edir və 30 gündən 45 günədək müddət qoyulur ki, maraqlı tərəflər qərarla tam tanış olsunlar.

Burda çox maraqlı bir maddə var. İstehlakçı Tənzimləyici orqanın çıxardığı qərarla bağlı onu və ya ona müraciət etmiş monpolisti məhkəməyə vermək hüququ var. Ona görə bu qədər müddət verilib ki, maraqlı tərəflər bir-birilərinə olan bütün inamsızlıqlarını hüquqi müstəvidə həll etsinlər və bundan sonra yazılmış tarixdən qərar icra edilməyə başlasın.

İndi bunları oxuyandan sonra görürsünüzmü Azərbaycan reallığı ilə istehlakçının hüquqlarının real qorunduğu məkanlarda nə qədər fərq var!

Keçək məsələnin ikinci hissəsinə. Qiymət artımı labüd idimi? Əlbəttə. Bununla bağlı Azərbaycanın tanınmış ekspertləri hələ oktyabr ayının sonunda hökumət parlamentə 2014-cü ilin büdcə layihəsini təqdim edərkən həyəcan təbili vurmuşdular. "Caspian Barrel" bununla bağlı hökumətin kommunal sektorda enerji xərclərinin artımları cədvəlini dərc etmişdi.

Artımın iqtisadi əsası varmı?

Əvvəla, il boyu bircə dəfə də olsun hökumətin iclaslarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məsələ qaldırmayıb ki, onun emal müəssisələri ziyanla işləyir və ya alınan benzin və dizel yanacağına sərf edilən vəsaitlə onun topdansatış qiymətləri arasında bir disbalan ayaranıb və buna görə də tariflərə baxılması ehtiyacı var. SOCAR-ın açıqladığı 2012-ci il maliyyə hesabatına görə, şirkət emal sektorundan 2.5 milyard manat gəlir əldə edib.

İkincisi, SOCAR daim dövlət büdcəsinə ödəmələri aybaay artırır. Özü də bu o zaman baş verir ki, SOCAR "Azərenerji"yə satdığı qazın pulunu tam həcmdə ala bilmir və 9 ayın yekunlarına görə bu borc 200 milyon manata qədər yüksəlir.

Nəzərə almaq lazımdır ki, SOCAR-ın xam neftin ixracında azalma var. Əgər SOCAR-da mənfəətin azalması prosesi emal sektorunda da baş versəydi, məntiqlə Dövlət Neft Şirkəti büdcəyə ödəmələrini 2013-cü ilin 10 ayında 14,2% artıra bilməzdi...

Üçüncüsü, SOCAR öz emal müəssisələrinə neftin 1 barrelini 10 dollara satır. Bu qiymətə xammal alan müəssisə necə bəyan edə bilər ki, "bizim istehsal etdiyimiz yanacağın maya dəyəri özünü doğrulda bilmir?" Bəs onda 100 dollardan xammal alan emal müəssisələri neyləməlidirlər? Bir də SOCAR-ın istehsal etdiyi benzinin keyfiyyəti ilə həmin 100 dollara xammal idxal edən NEZ-nın məhsullarının keyfiyyətini də yanaşı qoymaq olmaz axı...

Dördüncüsü, yanacağın indiki artım tempinin bu qədər yüksək olmasına (dizel yanacağı üçün - 34%, A-92 markalı benzin üçün – 28% və A-95 markalı benzin üçün – 33,5%) demək olar ki, heç bir bazar iqtisadiyyatı olan ölkədə rast gəlməzsən. Hətta yanacaq bazarı qismən tənzimlənən qonşu Qazaxıstanda belə hökumətin qərarı ilə noyabrda yanacağın qiyməti orta hesabla 5,6% artmışdı. Bazar ölkələrində qiymətlər artsa da, onların azalan vaxtları da olur. Bizdəki kimi ancaq yuxarı xətlə inkişaf etmir. Bəs niyə birdən-birə belə artım?

Dövlət Statistika Komitəsinin məlumatlarını təhlil edərkən məlum olur ki, SOCAR 2008-ci ildən ixrac neft məhsullarını kəskin itirməyə başlayıb və hazırda bu azalma 50%-ə qədər artıb. Bu illərdə demək olar ki, daxili bazarda yanacağa olan tələbat da o nisbətdə artmağa başlayır. Bunun obyektiv səbəbləri ölkəyə gətirilən avtomobillərin böyük sürətlə artmasıdır. Təbii ki, gətirilən avtomobillər hərəkət etməlidir, hərəkət üçün isə yanacaq gərəkdir. Bundan əlavə, daxili bazarda yanacağın həddən artıq istehlakının artmasına təkan verən bir səbəb də şəhər infrastrukturunun artan avtomobil tələbatını ödəyə bilməməsidir. Məhz bu səbəbdən də külli miqdarda neft məhsulu izafi xərclənməyə başlayıb 2010-cu ildən. Neft Araşdırmaları Mərkəzinin təqribi hesablamalarına görə, əgər normal şəhər infrastrukturu mövcud olsaydı və yollardakı təmir-tikinti işləri illərlə uzanmasaydı (bir küçənin əsaslı təmiri bəzən 4-5 il çəkir, yeni yolların çəkilişi isə yubanır) və avtomobillərin texniki baxışı normativlərə əsasən həyata keçirilsəydi, onda SOCAR xarici bazara çıxardığı əlavə neft məhsulları hesabına ildə 300-350 milyon dollar əlavə qazanc əldə edə bilərdi.

Ona görə də hökumət indiki qiymət artımı hesabına SOCAR-ın xarici bazarlarda itirdiyini müəyyən mənada daxili bazarın artan tələbatı hesabına kompensasiya etmək qərarına gəlib. Yaxın gələcəkdə daxili bazar genişlənəcək, SOCAR-ın isə xarici bazara neft məhsul ixracı imkanları məhduddur. Bu baxımdan daxili bazar daha perspektivlidir və dünya bazarı kimi hər hansı qiymət risklərindən sığortalanıb.

SOCAR-a isə yaxın beş ildə masştablı layihələr həyata keçirmək lazımdır. Düzdür onların reallaşdırılması üçün beynəlxalq kreditlər, dövlətin dəstəyi, Neft Fondunun vəsaitləri lazım olacaq, ancaq stabil gəlir mənbəyi kimi daxili bazarın öz yeri var.

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Tarix
2013.12.03 / 14:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla