Ana səhifə Gündəm |
Geniş oxucu kütləsinə malik "Hind okeanının və Ərəb dənizinin səsi" (VİOAS) jurnalı Azərbaycan Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan edib. Jurnal bu münasibətlə cari ilin dekabr ayında dərc olunan xüsusi Milad nəşrini Azərbaycana həsr edib.
Qeyd edək ki, Seyşel adaları Respublikasında nəşr olunan VİOAS
jurnalı strateji əhəmiyyətə malik olan Hind okeanı və Ərəb dənizi
regionunun səsini dünyaya çatdırmaq missiyasını üzərinə götürüb.
Jurnalın əsas məqsədi regiondakı əsas geosiyasi prosesləri
işıqlandırmaqla yanaşı, ekosistemin qorunması və qlobal istiləşmə,
dəniz quldurluğuna qarşı mübarizə, turizmin inkişaf etdirilməsi
məsələlərinə diqqəti yönəltmək, eləcə də, Hind okeanında və onun
sahillərində yaşayan xalqlar arasında dostluğun və mehriban
münasibətlərin möhkəmləndirilməsinə töhfə verməkdir.
Eyni zamanda, hazırda BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi
üzvü olmaq yönündə fəaliyyət həyata keçirən Seyşel adaları
Respublikasında Azərbaycanın qurumdakı 2012-2013-cü illəri əhatə
edən ikiillik fəaliyyəti dövrü diqqətlə izlənilir. Təsadüfi deyil
ki, jurnalın redaksiya heyətinin oxuculara müraciətində bildirilir
ki, Azərbaycan Prezidentinin "İlin adamı" seçilməsi heç də yalnız
Onun xalqın böyük dəstəyi ilə növbəti dəfə prezident seçilməsi və
şəxsi liderlik keyfiyyətləri ilə bağlı deyil. Bu qərar həm də
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətinin
və vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlməsinin
nəticəsidir.
Bu münasibətlə, jurnalın üz qabığında "İlin adamı" kimi təqdim
olunan Prezident İlham Əliyevin 10 illik fəaliyyətindən sonra
2013-cü il oktyabrın 9-da yenidən xalqın böyük dəstəyi ilə
prezident seçilməsi, habelə, indiyədək ölkədə yoxsulluğu 90 faiz
azaldan dövlət başçımızın ümumi daxili məhsulun həcmini 2020-ci
ilədək iki dəfə artıracağı qeyd olunur.
Azərbaycanın sosial-iqtisadi və siyasi uğurlarına böyük diqqət
ayıran VİOAS jurnalının sözgedən sayının ilk məqaləsi də "İlin
adamı" başlığı altında Prezident İlham Əliyevin dövlət başçısı kimi
10 illik fəaliyyəti dövründə ölkəmizin keçdiyi inkişaf yoluna həsr
olunub. Jurnalın nəşriyyatçı şirkətinin rəhbəri Ceyms Mançamın
müəllifi olduğu məqalədə yüksək iqtisadi inkişafa nail olan,
yoxsulluğun sürətlə və kəskin azaldıldığı, müasir və firavan
cəmiyyətin qurulduğu Azərbaycanın son 10 ildəki nailiyyətlərini
dünyada təkrarlaya biləcək ölkənin olmadığı xüsusi vurğulanır.
Müəllif qeyd edir ki, məhz Prezident İlham Əliyevin güclü, ardıcıl
və xalq tərəfindən dəstəklənən liderliyi olmadan bu yüksək
göstəriciləri əldə etmək mümkün olmazdı. Bunun məntiqi nəticəsi
olaraq Prezident İlham Əliyev 2013-cü il oktyabrın 9-da keçirilən
prezident seçkilərində səslərin 84,59 faizini toplayaraq növbəti 5
ildə də dövlət başçısı seçilib.
Azərbaycanla bağlı şəxsi müşahidələrinə əsaslanan C.Mançam məqalədə
göstərir ki, onun ölkəmizlə yaxından tanışlığı Mərkəzçi Asiya-Sakit
okean Beynəlxalq Demokratların (CAPDİ) vitse-prezidenti kimi 9
oktyabr seçkilərini müşahidə etmək üçün Azərbaycana dəvət olunması
və Filippin Milli Assambleyasının keçmiş sədri, hazırda Asiya
Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) həmsədri Xose de
Venesiyanın başçılıq etdiyi müşahidəçi qrupun tərkibində ölkəmizə
səfəri ilə bağlıdır.
Daha sonra Azərbaycan haqqında bir sıra məlumatların verildiyi
yazıda Prezident İlham Əliyevin 1993-cü ilin oktyabrından 2003-cü
ilin oktyabrınadək Azərbaycanın prezident olmuş Ulu öndər Heydər
Əliyevin davamçısı olduğu vurğulanır. Qeyd olunur ki, 1969-1982-ci
illərdə sovet Azərbaycanına rəhbərlik edən Ümummilli lider 2003-cü
ildə vəfat edib.
Müəllif yazır ki, 52 yaşlı Prezident İlham Əliyev islahatçı lider
kimi analoqu omayan inkişafa, ölkənin yüksək səviyyəli xarici
əlaqələrinin qurulmasına, yoxsulluğun kəskin şəkildə azalmasına
nail olub. Təsadüfi deyil ki, təxminən 10 illik fəaliyyətindən
sonra Prezident İlham Əliyevə 2013-cü il seçkilərində ciddi rəqib
sayılacaq siyasi fiqur olmayıb və prezidentliyə iddialı olan
müxalifət namizədləri seçkilərin nəticəsində siyasi arenada layiq
olduqları yerə sahibləniblər.
Ölkəmizdəki seçkiqabağı mühitlə bağlı fikirlərini də bölüşən
müəllif qeyd edir ki, Azərbaycan Hava Yolları ilə Londondan Bakıya
yola düşməzdən əvvəl, təsadüfən "BBC" radiosunun reportajlarının
birində Azərbaycanın mənfi tonda təqdim edilməsinin şahidi olub:
"Bu, mənin Bakıda gərgin, mübahisəli və sərt siyasi atmosferlə
üzləşəcəyimi güman etməyimə səbəb oldu. Lakin xoşbəxtlikdən, mən
hər zaman "cəmiyyətin nəbzinə" inanan birisi olmuşam, çünki bu,
bəzən ölkənin vəziyyətini və əhval ruhiyyəsini statistikalardan və
peşəkar siyasi təhlillərdən daha yaxşı izah edir. "Cəmiyyətin
nəbzi" insanların həqiqi hisslərini və onların bu gün və sabahla
bağlı gözləntilərini dəqiq əks etdirir. Bu nöqteyi-nəzərdən, çox
keçmədən anladım ki, Prezident İlham Əliyev Yeni Azərbaycan
Partiyasının üzvləri tərəfindən fəal şəkildə dəstəklənir və
partiyanın üzvü olmayanların çoxu seçkilərdə tanıdıqları,
fəaliyyətinə bələd olduqları liderə səs verəcəklər".
Seçkilərdən sonra Prezident İlham Əliyevin xalqa müraciətində
Azərbaycanın son 10 ildən artıq müddətdə dünyada ən sürətli
iqtisadi artıma malik olan ölkələrdən birinə çevrilməsi ilə bağlı
fikirlərini xatırladan müəllif qeyd edir ki, bu gün Azərbaycanın
gələcəyi işıqlı görünür: "ÜDM-də böyük artımla yanaşı, neft
gəlirlərinin səbəb olduğu sosial rifah ölkədə əmanətlərin üçqat
artmasına səbəb olub. Seçkisonrası müraciətində Prezident Əliyev
qarşıdakı illərdə ölkənin inkişafına zəmin yaradan "Azərbaycan
2020: Gələcəyə baxış" strategiyasından bəhs edib. Ümumilikdə, bu
strategiya çərçivəsində ölkənin adambaşına düşən ÜDM-in həcmi
2020-ci ilədək iki dəfə artırılacaq, bu isə öz növbəsində
infrastrukturun yenidən qurulması, nəqliyyat, şəhər xidmətləri və
özəl sektorun inkişafına ayrılan diqqət sayəsində Azərbaycanı
ənənəvi iqtisadiyyatdan biliklərə əsaslanan iqtisadiyyatı olan
ölkəyə çevirəcək".
Məqaləyə əsasən, Dövlət Neft Fondundakı maliyyə vəsaitlərinin də
yardımı ilə 2014-cü ildə böyük həcmdə dövlət investisiya
xərclərinin iqtisadi artıma təkan verəcəyi gözlənilir. Həmçinin,
yeni qaz yatağındakı kəşfiyyat işlərinin yatağın 2015-ci ildə
istismarı yönündə irəliləməsi də Azərbaycanın enerji gəlirlərinin
gələcəkdə daha da artacağından xəbər verir.
Müəllif, həmçinin qeyd edir ki, VİOAS jurnalının "İlin adamı" kimi
Mərkəzi Asiyanın Qafqaz regionundan olan bir lideri - Prezident
İlham Əliyevi seçməsi ötən əsrdən etibarən dünyanın nə qədər çox
dəyişdiyini göstərir: "Bu o deməkdir ki, Azərbaycan artıq əksər
gənc dövlətlər üçün inamlı və hərtərəfli inkişaf modelinə
çevrilib".
Müəllifin fikrincə, Prezident İlham Əliyev ağıllı və qətiyyətli
liderlik keyfiyyətlərini özündə birləşdirən, XXI əsrin
başlanğıcında dövləti "üçüncü dünya" ölkəsi səviyyəsindən
müasirliyə aparan dövlət xadimlərinin bir nümayəndəsidir.
Hazırkı qloballaşmanın təsiri altında güc balansının Atlantikdən
Hind və Sakit okeanlarına doğru dəyişdiyinin vurğulandığı yazıda
qeyd olunur ki, Seyşel adaları da bir vaxtlar "xırda dövlət"
adlanırdı. Buna baxmayaraq, qloballaşma belə bir fikri deməyə əsas
verir ki, "dənizlə əhatə olunmuş heç bir dövlət kiçik deyil" və
kiçik ölkələrdə yaşayan xalqlar heç də mütləq şəkildə "kiçik
xalqlar" deyil.
Bu baxımdan, məqalədə bildirilir ki, 2011-ci ildə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan ölkə Prezidentinin
ağıllı rəhbərliyi altında bu vəzifənin öhdəsindən layiqincə
gəlib.
Müəllif qeyd edir ki, BMT TŞ-yə qeyri-daimi üzv seçilməsinə çalışan
Seyşel adaları Respublikasının Prezidenti Ceyms Mişel bu istəyinə
çatmaq üçün Prezident İlham Əliyevdən nümunə götürməlidir: "Bu
baxımdan, Prezident Mişel bizim Azərbaycan Prezidentini VİOAS-ın
xüsusi Milad buraxılışı üçün "İlin adamı" elan etməyimizə əsas
verən liderlik keyfiyyətlərini öyrənsə, uğur qazanar".
VOİAS jurnalının qeyd olunan sayında əksini tapan "Azərbaycan
beynəlxalq səviyyədə ədalətin bərpasına mühüm töhfələr verir"
başlıqlı yazıda isə Azərbaycan Xarici İşlər Nazirliyinin ölkənin
BMT TŞ-dəki sədrlik müddətinin başa çatması ilə əlaqədar 5 noyabr
2013-cü il tarixində dərc olunan bəyanatına istinadla Azərbaycanın
BMT TŞ-yə sədrliyi dövründə beynəlxalq səviyyədə ədalətin bərpasına
və beynəlxalq hüququn prinsiplərinə mühüm töhfələr verdiyi
vurğulanır.
Yazıda bildirilir ki, bu müddət ərzində Azərbaycan etibarlı
tərəfdaş olaraq BMT TŞ-yə üzv ölkələr və digər beynəlxalq
təsisatlar və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığı davam
etdirib. Həmçinin qeyd olunur ki, 2012-ci ilin may və 2013-cü ilin
oktyabr aylarında Azərbaycan TŞ-yə sədrliyi icra edib. Bu müddət
ərzində qurumda bir sıra mühüm qərarlar qəbul olunub, beynəlxalq
sülh və təhlükəsizlik məsələləri müzakirə edilib.
Eləcə də, Azərbaycanın təşəbbüsü ilə BMT və İslam Əməkdaşlıq
Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı BMT TŞ-də
yüksək səviyyəli görüş keçirilib.
Noyabrın 1-dən etibarən isə Şuraya sədrlik Azərbaycandan Çinə
keçib.
Beləliklə, göründüyü kimi, Azərbaycanın sosial-iqtisai inkişaf
modeli və xarici siyasət fəaliyyəti beynəlxalq səviyyədə uğurlu
nümunə və model kimi qəbul olunur. Bu baxımdan, nüfuzlu VİOAS
jurnalının Prezident İlham Əliyevi "İlin adamı" elan etməsi
Azərbaycanın son illərdə daxili və xarici siyasətdə qazandığı
uğurların müəllifi olan dövlət başçımıza beynəlxalq səviyyədə
verilən yüksək qiymətin, habelə ölkəmizin dünyadakı nüfuzunun
durmadan artmasının təsdiqidir (Trend.az)
Tarix
2013.12.24 / 17:08
|
Müəllif
Axar.az
|