Yuxarı

“Ramil Usubov dedi ki, bunlar qudurub”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az"a müraciət edən Zərdab rayon sakini Kisərən Həmzə qızı Süleymanova problemlər burulğanında çabalamasından gileylənir. O da minlərlə vətəndaşımız kimi məmur özbaşımalığı ilə üz-üzə qalıb. İllərdir ki, "dərdinin dərmanını" tapmaq, haqsızlıqlardan yaxa qurtarmaq üçün qapılar döyən Kisərən xanım, necə deyərlər, "kəsilə-kəsilə" qalıb ki, probileminin həlli üçün daha kimlərə ağız açsın; kimlərə desin ki, 1985-ci ildən yaşadığı evin özündən xəbərsiz özəlləşdirilməsi və əmlakının zorla əlindən alınmasına bir əncam çəksinlər. Hər halda, əlini çox yerə atıb, çox qapılar döysə də, Zərdab rayonunda onun başına gətirilənlərə "yox" deyən tapılmayıb.

Lütvəli Babayev gələn günəcən

Kəsirən xanımla onun yaşadığı evin həyətində görüşdük. Kür çayının sahilində, gözəl, mənzərəli yerdə yerləşən bir inzibati binada yaşayır. Köhnə, tavanı çökmüş, divarları "quzulamış" bu tikilidə yaşamağın nə ad vermək gərəkdiyini yazmağa ehtiyac yoxdur. Həyətdəki hündür, barlı-bəhrəli ağacların, taxta hasar boyu əkilmiş müxtəlif güllərin göz oxşamaq cəhdi də bu köhnə tikilinin müqabilində heçə çevrilir. Bu həyətdə qadın əlinin səliqəsi görünsə də, bu qadının başına gətirilən müsübətlərin fonunda heç bir səliqə-sahmandan bəhs etmək olmur. Onu dinlədikcə ürək ağrıdıcı bir durum yaranır:

"Mənim bu evim əvvəllər baş idarəsi Sabirabad rayonunda olan Su-bənd idarəsinə aid olub. Sonralar isə Zərdab rayon Təsərrüfatlararası Təmir Tikinti İdarəsinə (TTTİ) verilib. Rayon İcra hakimiyyətində ev növbəsinə durmuşdum. Yoldaşım və iki uşağımla evsiz idik, rayonda kirayədə yaşayırdıq. 1985-ci ildə RİK-nin sərəncamı ilə mənə xidməti order verildi ki, bu binanın iki otağında yaşamaq hüququn var. Qeydiyyata da bura saldılar. Bir otağını isə başqa ailəyə verdilər. Beləliklə, səkkiz otaqdan ibarət olan tikilinin beş otağında TTTİ-si, üçündə isə iki ailə yaşayası olduq".

Kisərən Həmzə qızının dediklərindən məlum olur ki, bu sakit və rahat həyat 2007-ci ilə qədər davam edib. O vaxta qədər ki, rayona yeni icra hakimi təyin olunub: "Lütvəli Babayev bu rayona gələn gündən bizim rahatlığımız ərşə çəkildi".

Lütvəli müəllimin tapşırığı belədir

Kisərən xanımın dediklərindən məlum olur ki, icra başçısının birbaşa göstərişi ilə 2007-ci ildə bina və onun bir hektara yaxın ərazisi bütünlüklə idarənin rəisi Adil Nuralıyev tərəfindən özəlləşdirilib. Xanım isə bundan yalnız 2009-cu ildə xəbər tutub.

"Məhkəmə icraçıları qapıma gəldi. "Evi boşaldın, - dedilər, - bu, başqasının əmlakıdır. Sənədləri təqdim etdilər. Dedilər ki, 2007-ci ildən bu tikili və ərazi özəlləşdirilib, özü də Adil Nuralıyevə məxsusdur. Məhkəmədə oldum, qətnamənin nə vaxt çıxarıldığını soruşdum, "niyə mənə xəbər etməmisiz", - soruşdum. "Nəyinə deyəcəyikdik sənin, Lütvəli müəllimin tapşırığı belədir", - dedilər. Çox yalvardım-yaxardım, eşitmədilər. İndi hərbi xidmətdə olan oğlum Lətiflə Lütvəli müəllimin qəbuluna getdim. Məni dinlədikdən sonra oğlumu çölə çıxartdı. Dedi ki, sən o yeri boşalt, sənə 6 sot torpaq verəcəm, torpağın rüsumunu ödəyəcəm, 500 daş, 200 kisə sement və sair. Üçotaqlı ev tikəcəm, yoxsa orda yaşamaq sənə yaraşmaz. Razılaşdım o vaxt. Sonradan xəbər göndərdi ki, yox, 200 kubik, 5 kisə sement verirəm. Torpağın rüsumunu da ödə.

Nakam oğlumun ruhunu təhqir etdilər

Bu dəfə də mən razılaşmadım. Xəbər göndərmişdi ki, o, rədd olsun bu rayondan getsin. Elə etməsin ki, ona pislik edəm. Bundan artıq pislikmi olar? Yenə yalvardım-yaxardım, 20 yaşlı oğlum da o ərəfədə rəhmətə getdi. Dedim ki, oğlumun xatirələri var burda, əkib-becərdiyi ağaclarla nəfəs alıram. Mənə güldülər, dünyasını dəyişmiş oğlum haqda təhqiredici sözlər işlətdilər. Görüm, oğlumun taleyini övladlarınız yaşasın, dedim. Çox keçmədi ki, Adilin oğlu rəhmətə getdi. Allahın işidi, insana ömrü O yazıb. Amma özümü çox qınadım, çox əzab çəkdim. Bu tifilin günahı nə idi ki, ömrü yarıda kəsildi? Qorxdum ki, mənim qarğışım tutub onu. Oğul dərdi ağır dərddir axı, heç kəsə bunu arzulmaram. Mənə olunan hədəyə görə rayon polisinə, məhkəməyə müraciət etdim. "Biz heç nə edə bilmirik", - dedilər. Getdim Dağıstanın Azərbaycandakı nümayəndəliyinə. İsgəndərov familiyalı bir nəfər vardı, birbaşa prezident aparatına zəng etdi, məni tapşırdı. İki ay sakitlik oldu.

"A kişi, mən İlham Əliyevə demişəm e!"

Sonra mən Bakıda olarkən məhkəmə icraçıları Vasif Məhəmmədəliyev və Ziya Məmmədov Adil Nuralıyevin oğlunun iştirakı ilə evimin qapısını sındırıb içəri girdilər. Mebelimi, stol-stulumu, yataq dəstimi, paltar-palazımı yığıb aparıb tökdülər İcra hakimiyyətinin qarajına. Neçə ildir qaytarmırlar. Düz ay yarım küçədə yatdım. Hər yerə şikayət edirdim. Axırda məcbur olub Prezident Aparatının qarşısına getdim. Gözlədim. Prezidenti görə bilmədim. Üzümü aşağıdan yuxarı tutub qışqırdım, hay saldım ki, mənim prezidentim, görürsən nələr olur? Mənə yaxınlaşdılar, "niyə belə edirsən", soruşdular. Hər şeyi danışdım. "Get, arxayın ol, sənin evini əlindən heç kəs ala bilməz", - dedilər.

Qayıtdım Zərdaba. Dedilər, yaxşı, get, hələlik yaşa orda, amma gec-tez çıxacaqsan ordan. Əmlakımı geri istədim. Vermədilər. Getdim məhkəmə icraçısı Vasif Məhəmmədəliyevin yanına, paltar-palazımı almağa. Vermədi: "Lütvəli müəllim desin, sonra", - dedi. Dedim, a kişi, mən prezidentə, İlham Əliyevə demişəm e!.. Qayıtdı ki, o sənin prezidentindir, qoy sənə kömək eləsin, mənim prezidentim də, baş nazirim də, polisim də Lütvəli müəllimdir. Adil Nuralıyev həyətə gəldi, "tərslik eləmə, - dedi. - Sənin oğlunu öldürüb sənə gözdağı vermək, ürəyini partlatmaq istəyənlər var bu məsələyə görə. Qarşılarını güclə alıram".

Ramil Usubov: "Bunlar qudurub deyəsən!"

Bundan sonra MTN-ə, DİN-nə teleqram vurdum ki, özümün və oğlumun təhlükəsizliyini təmin etsinlər. Səhəri rayon polis rəisi mənim ardımca gəldi. İfadə verdim. Məni düz Bakıya, DİN-ə gətirdi. Ramil Usubov özü qəbul etdi məni. Dinlədi, "bunlar qudurub, deyəsən", - dedi və otaqdakı Cavanşir Məmmədov adlı polisə, deyəsən, general idi o da, dedi ki, mənim adımdan zəng elə ki, camaatı incitməsinlər. Bu yaxınların söhbətidi bu. Dörd aydı məni söymürlər, təhqir etmirlər, amma evimi də özümə qaytarmırlar. Rayon İcra Hakimiyyətini məhkəməyə verdim. Sındırılmış mebellərimə, bit-birə basmış yorğan döşəyimə, paltar-palazıma görə 20.000 manat təzminat istədim. İndi də icranın hüquqşünası, Lütvəlinin qohumu Xəzri Babayev mənə rahatlıq vermir. "Gəl zir-zibilini apar, iddianı geri götür", - deyir. Dörd il qarajda zay olan əmlakı mən necə götürüm? Sındırıblar, cırıblar. Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdim. Hakim mənim xeyrimə danışsa da, icranın nümayəndəsini haqsızlıqda ittiham etsə də qərarı onların xeyrinə çıxartdı.

Məmur zülmündən solan talelər

Mən yenə də mübarizə aparıram, amma birotaqlıda yaşayan o biri gəlin dözə bilmədi. Ürəyi partladı öldü. Hələ binəvanın qırxı çıxmayıb. Avqustun 30-da icra başçısının qəbulunda oldum. "Evimi əlimdən alırsız, yoldaşım rayon polis şöbəsində pasport masa idarəsinin rəisi idi, şərləyib işdən qovdurduz. Ailəm məni atdı. Sənə görə işimdən oldum, - dedim. - Oğlum hərbi xidmətdədi, özü də bu yaxınlarda nümunəvi əsgər olduğu və yaxşı xidmətinə görə prezident tərəfindən medalla təltif olunub. Heç olmasa, mənə bir iş verin, işləyim".

İnanmazsız, o boyda kişi qəbuldakı adamların və rayon rəhbərliyində qəbulda olanların yanında məni ələ saldı, təhqir etdi: "Sən nə vaxt mənimlə razılaşsan, sənə iş verərəm, məndən yuxarılara şikayət etmisən", - dedi. Bu adamdan nə gözləyək axı?

***

Kisərən xanımın dediklərini dəqiqləşdirmək üçün Zərdab İcra hakimiyyəti ilə əlaqə saxladıq. Münasibətlərini öyrənmək mümkün olmadı.

Tarix
2013.10.12 / 14:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla