Son zamanlar qonşu ölkələrdə, eləcə də, Azərbaycanda zəlzələlərin
sayı çoxalıb. Bu məsələlərə aydınlıq gətirmək üçün Respublika
Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir
Məmmədli ANS PRESS-in suallarını cavablandırıb.
- Son vaxtlar qonşu ölkələrdə baş verən
zəlzələlər Azərbaycan ərazisində nə qədər təsir gücünə
malikdir?
- Ölkəmizə qonşu olan Gürcüstanda, Ermənistanda, İranda, Rusiyanın
Dağıstan ərazisində mütamadi olaraq yeraltı təkanlar olur və
olacaq. Azərbaycan kimi bu ərazilər də seysmik baxımdan aktiv
zonalardır. İran ərazisində çox dərin zaqros qırılması baş verir və
digər hadisələrdən çox fərqlənir. Zaqros qırılması boyunca daha
güclü zəlzələlərin baş verməsi qeydə alınıb. Bundan sonra da İran
üçün ən təhlükəli zona buradır. Bu qırılma ən aktiv və dünyada
məşhur tektonik zonadır.
Qafqaza gəldikdə isə, 1668-ci ildə Şamaxıda baş vermiş zəlzələ ən
güclü zəlzələ hesab edilir. Azərbaycanda belə güclü zəlzələlər baş
verib və bundan sonra da baş verə bilər. Ermənistan da zəlzələlər
üçün aktiv zonadır. Deyim ki, bu yeraltı təkanların bir-biri ilə
əlaqəsi yoxdur. Ərazidəki seysmik zonalar ayrıca fəaliyyət
göstərir. Onların hər biri müəyyən vaxtlarda aktivləşə bilər.
Təbii ki, ölkəmizə yaxın ərazidə baş verən zəlzələlər bizim üçün də
təhlükə yarada bilər. Zəlzələ sərhəd tanımır. İranda baş verən
yeraltı təkanlar dəfələrlə Naxçıvan, Lənkəran zonasında hiss
olunub. 1988-ci ildə Ermənistanda baş verən güclü zəlzələ
Azərbaycan ərazisində də aydın hiss olunmuşdu. 2000-ci ildə Bakıda
güclü zəlzələ baş vermişdi, ondan bir neçə vaxt sonra dekabrın 7-də
Türkmənistanda da güclü zəlzələ oldu. Həmin zəlzələnin təsiri hətta
bizim ərazidə də aydın hiss olundu. Bəziləri araşdırmamış elə
düşündülər və bildirdilər ki, həmin yeraltı təkanlar Bakıda baş
verən zəlzələnin afterşoklarıdır. Çünki Türkmənistanda baş verən
zəlzələ Bakıda 4 bal gücündə hiss olunmuşdu.
- Demək qonşu ölkələrdə güclü yeraltı təkan olarsa, bu bizim
üçün də təhlükə yarada bilər?
- Biz seysmoloqlar adətən harada nə qədər zəlzələ ola biləcəyi
barədə araşdırmalar aparırıq. Bunun nəticəsi olaraq seysmoloji
xəritələr hazırlayırıq. Bu xəritələr hazırlanarkən sərhəd
bölgələrində baş verə biləcək yeraltı təkanlar da öyrənilir. Həmin
yeraltı təkanların Azərbaycana ərazilərində nə kimi təsirə malik
ola biləcəyi və törədə biləcəyi problemləri də öyrənilir. Biz
kənardan gələn təsiri də qiymətləndiririk.
- Hazırda Azərbaycan üçün ən təhlükəli zəlzələ ocaqları hansı
bölgələrdədir?
- Ən təhlükəli zəlzələ ocaqları Böyük Qafqazın, Kiçik Qafqazın
Azərbaycan hissələri, Xəzər dənizində güclü zəlzələ ocaqları var.
Bundan başqa, digər ərazilərdə orta güclü zəlzələrin olması
mümkündür. Lakin həmin ocaqlarda yeraltı təkanlar baş verərsə,
yalnız həmin ərazilər deyil, digər yaxın ərazilər də titrəyişə
məruz qala bilər.
Ümumilikdə Azərbaycanda seysmik təhlükə 8 bal, Böyük və Kiçik
Qafqaz əraziləri isə 9 ballıq zonalar kimi rəsmi olaraq
təsdiqlənib. Azərbaycan bütünlüklə seysmik təhlükəli ərazidir.
- Yapon alimləri iddia edirlər ki, zəlzələni öncədən hesablayıb,
deyə biləcək avadanlıqlar hazırlayıblar. Bəs Azərbaycanda belə
avadanlıqların quraşdırılması mümkündürmü?
- Hələ ki, indiyə qədər zəlzələni əvvəlcədən xəbər verə biləcək
cihaz hazırlanmayıb. Hətta bu ixtira yaponların özlərinə belə
qismət olmayıb. Azərbaycanda isə Amerikadan xüsusi cihazlar alınıb.
Bu cihazlar vasitəsilə Xəzər dənizində quraşdırılır. Quraşdırılan
avadanlıqlar vasitəsilə dənizin ən dərin nöqtəsində belə baş verə
biləcək ən kiçik titrəyiş qeydə alınacaq. Qeydə alınan məlumatlar
nə qədər çox və nə qədər dəqiq olsa, gələcəkdə seysmik təhlükənin
qiymətləndirilməsi məsələsi də bir o qədər etibarlı olacaq.
Zəlzələdən əvvəlcədən xəbər verməkdənsə, ona qarşı tədbir görmək
lazımdır.
- Bakıda maksimum neçə bal gücündə zəlzələ baş verə bilər?
- Paytaxt ərazisi baş verə biləcək yeraltı təkan 12 ballıq cədvəllə
8 bal qiymətləndirilir. Lakin yerli qurut şəraitinə uyğun olaraq bu
səviyyə arta bilər. Yəni ola bilər ki, Bakının müəyyən ərazisində 9
bal gücündə zəlzələ baş versin. Buna görə də, Bakıda tikilən
binalar 9 bala uyğun olmalıdır.
- İndi yeni binaların tikintisi zamanı belə rəy alınırmı?
- Yeni tikintilər zamanı Seysmoloji Mərkəzdən mütləq rəy alınır.
Tikilən binanın yerində maksimum neçə bal gücündə zəlzələ ola
biləcəyi barədə rəy alınır. Sonradan tikinti həmin rəyə uyğun
olaraq aparılır. Lakin tikintiyə Fövqəladə Hallar Nazirliyinin
müvafiq qurumları nəzarət edir.
- Sizcə, Bakıda köhnə binalar daha çox davamlıdır, yoxsa yeni
tikililər?
- Allah eləməsin, Bakıda 9 bal zəlzələ olarsa, köhnə binaların
hamısı dağılacaq. Bu o demək deyil ki, sovet dövründə binalar pis
tikilirdi. Sovet dövründə 1980-cı ildə seysmoloji xətirədə
paytaxtın seysmik göstəriciləri Bakı və Abşeron ərazisin 6 ballıq
qiymətləndirilirdi. Sonralar bu 7 bal kimi qiymətləndirilib və
1991-ci ilə kimi bu belə olub. Bu tarixə qədər tikilən binalar 7
bala qədər dözümlü olub. İndi isə Bakıdakı tektonik zona 9 bal
qiymətləndirilir. Yeni tikilən binalar isə 9 balla uyğundur.
- 2000-ci ildə Bakıda baş verən 6 ballıq zəlzələ binalarda,
tikinti obyektlərində dayanaqlıq gücünü zəiflədə bilərmi?
- Həmin zəlzələ ola bilməz ki, binalara təsir etməsin. Baş verən
zəlzələ binaların özülünü tərpədərək, onların dayanaqlıq gücünü
zəiflədə bilər. Düşünürəm ki, həmin binalar müasir seysmik zonalara
uyğun deyil. Həmin binaların özülü bərkidilməlidir. Daha yaxşı
olardı ki, köhnə binalar sökülüb, yeni seysmoloji məlumatlara uyğun
tikilsin.
- Bəs zəlzələ bşa verərsə, əhali nə etməlidir?
- Əgər zəlzələ baş vermiş ərazidə zədələnmiş binalar varsa, bu
binalara girmək məqsədə uyğun deyil. Çünki həmin avterşoklar
zədələnmiş binanı bir az da silkələyib dağıda bilər. Ona görə də
zədələnmiş binada yaşamaq təhlükəlidir.