Yuxarı

Qaçqın yataqxanasından dəhşətli mənzərələr - FOTO

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda yerləşən Daş bazarının yaxınlığında bir yataqxana var. Ünvanını soruşduqda, eləcə, "Binəqədi, DSK 4-ün binası" deyirlər. Bu bina heç də yataqxana adına tikilməyibmiş.

Xatirələrin əsiri olanda

Sakinləri Dağlıq Qarabağdan və işğal olunmuş ətraf rayonlardan olan bu yataqxananın miskin görkəmi elə ilk baxışdan diqqəti çəkir. Buranın sakinləri göydə Allahın, yerdə isə əlaqədar təşkilatların yadından çıxmış kimi görünür. İnsanların sifətində burdan çıxa bilməməyin xofu yaşanır. Taleyini, həyatını bu cəhənnəm əzabında çürüdənlərdə sanki buradan qurtulmaq yolunu aramaq üçün nə hey qalıb, nə həvəs. Onlar xatirələrinin əsiri olanda xoşbəxt görünürdülər. Hər halda, acınacaqlı həyat yaşayan bu insanlar ötənlərə, müharibədən qabaqkı günlərə qayıdanda sifətlərində ani də olsa xoş bir təəssürat oyanır.

Güclü yağışın Bakını iflic vəziyyətə saldığı bir zamanda, suyun aydınlıq gətirmədiyinin bu yataqxanada bir daha şahidi olduq. Yağış suyu yataqxananın dar dəhlizindəki çuxurlarda hələ də vardı. Elə otaqlarda da…

Yenə hardan yada düşdük

Yataqxana sakinləri məktəbli uşaqlarını qucaqlarında palçıqdan və lehməli sulardan qoruyaraq məktəbə yola salır. Həyətdə yaşlı bir qadınla söhbət etmək cəhdimiz əvvəlcə baş tutmur: "Yenə hardan yadınıza düşdük, indi nə istəyirsiz? İmza dediz, verdik, adamı neçə dəfə aldatmaq olar?"

Qadına, onların yaşam tərzi ilə maraqlanmağa gəldiyimizi deyirik. Hirs-hikkəsinin üstünə bir qədər su çilənir: "Nə bilim, a bala, bura çoxlu qoltuğu papqalı, əli qələm-dəftərli gəlir, hamısı da bizi barmaqlarına dolayıb gedir".

Adını soruşuram. "Adım nəyinə lazımdır? Cəbrayılın Daş Veysəlli kəndindənəm. Burada öləcəyik, yəqin. Qaçqınkom da bizi saymır. Heç özümüzün, rayonumuzun rəhbərləri bizi adam yerinə qoymur, onda qalmış Bakının yekə adamları, heç siz də dediyimizi yazmazsız, bala, bilirəm. Özü də sizi qınamıra ha…"

Sakinlər başımıza toplaşır.

Ermənilərin edə bilmədiyini…

"Sizin kimiləri çox görmüşük. Erməni köpəyoğlunun bizə edə bilmədiyini ediblər bizə. Burda adam yaşayar? Prezident, Allah ömür vermiş, qaçqına ev tikir, ora da babat imkanı olan qaçqınlar köçür, bizə qoz qabığı da düşmür", – orta yaşlı, gözləri çuxura düşmüş, üzü tüklü, ovurdları batıq kişi siqaretini sümürərək deyir və əlini yelləyib uzaqlaşır.

Ölməmək üçün mübarizə aparırıq

Yataqxananın sakini, məcburi köçkün Sədaqət Abbasova: "22 ildir burada yaşayıram. Hələ də bizimlə maraqlanan yoxdur. Yataqxananın hər tərəfi damır. Dəfələrlə Qaçqınkoma müraciət etsək də, xeyri olmayıb. Deyirlər, biz sizə nə köməklik edək ki, bu bina Komitənin nəzdində deyil".

Şuşa qaçqını olan Həsrət xanım Əliyeva da bizimlə söhbətində: "Yataqxana Komitənin olmadığına görə qeydiyyata da düşə bilmirik, - dedi. - Sahə həkiminə müraciət edirik, elə bil, daşa-qayaya deyirsən sözünü, qulaq asırlar, amma heç bir yardım etmirlər. İş yerim yoxdu. Bu vəziyyətdə, yoxsulluq içində bu yataqxanada qalmaq məcburiyyətindəyəm. Yağış yağan kimi su binanın içinə dolduğundan bütün kabellər qısaqapanma verir. Günlərlə qaranlıqda otururuq. Burada yaşamırıq ki, sadəcə ölməmək üçün mübarizə aparırıq".

Yalqız qadının toyuq təskinliyi

Dəhlizdə iki toyuq görünür. Elə bil bit vurub...

"Mənimdir. İki toyuq saxlayıram, düzdü, yer yoxdur, deyəcəklər ki, bunu niyə saxlayırsan, amma inanın, tək qadınam, bu toyuqlarla təskinlik tapıram". Bu da Həsrət xanımın sözləridir.

Adamda sifət olar da

Ağdamın Baş Qarvəndindən olan, adının çəkilməsini istəməyən məcburi köçkün:

- Parlament seçkiləri vaxtı, Ağdamın hansısa seçki dairəsindən namizədliyini irəli sürən indiki deputatlardan biri gəlib vətəndaşlarla görüşüb dedi ki, sizə yaşamaq üçün bütün imkanları yaradacam. Vətəndaşları aldadıb səs yığdılar. Heç kim heç nə etmədi. Suyumuz bərbad haldadır. Bizi addımbaşı aldadırlar. Həyasızlıq edirlər. Adamda sifət olar da.."

Deputatın adını soruşuram.

- Qoy oturmuşuq yerimizdə... Bizi zibilə salma, - deyir.

Qaçqınkomdan rüşvət istəyirlər

- Heç bir idarə burada qaçqınların yaşadığını vecinə almır. Hazırda biz atılmış, tərkedilmiş bir həyat sürürük. Mən müharibə vaxtı iki şəhid vermişəm. Amma bu günkü gündə dövlətim mənə heç bir kömək etmir. Dəfələrlə olub ki, bura telekanallardan çəkilişə gəliblər. Amma heç biri efirə verilməyib. "İç Xəbər"dən çəkilən kadrlar isə hansısa yolla "itirilib". Qaçqınkoma qeydiyyata düşmək üçün müraciət edirəm, deyirlər ki, 600-700 manat pul gətir, səni qediyyata salım. Mənim imkanım olsa, niyə burda qalırdım?!

Burada erməni yoxdur axı...

Ağdam qaçqını olan Zeynalov Mehbalı 5 uşaqla dar bir otaqda məskunlaşıb.

- Baxın, görün burda yaşamaq olar? Təsəvvür edin, bir otaqda ata, ana, qayınata, gəlin, oğul-uşaq yerləşib. Bizim yemək otağımız da buradı, yataq otağımız da. İyirmi birinci əsrdə, neft və milyonlar ölkəsində bu şəraitdə yaşamaq acınacalı deyil e, tamam başqa şeydi, söz tapmaq olur ha deyəsən,- deyib, binanın altında olan qamışlığı göstərir: - Bu qamışlığa bir baxın. Bakı şəhərində bu cür qamışlığın olması gülməlidir. Bizim deputatlar hara baxır? Hara baxır bizim nazirlər? Biabrçılıqdır... Bizi ermənilər qaçqın salıb, amma... amma burada erməni yoxdur axı. Niyə bizi öz millətimiz bu günə salır?

Veteranlıq adı üçün 700 manat

Ağdamdan olan Elşən Yunus oğlu Fərhadov da dolanışığın çətinliyindən, onlara olan haqsızlıqdan, illərlə döyüşdüyündən və müharibə veteranı adı ala bilməməsindən söz açdı:

- Hərbi biletimi alıblar, qaytarmırlar. Mənə veteran adı vermək üçün 700 manat pul istəyirlər... Ali Baş Komandan əmr versin, gedək xarabamızı alaq, orda ölək.

Uşaq kanalizasiyaya düşüb öldü

Yataqxananın zirzəmisi kanalizasiya və qurunt suları ilə dolub. Yaxına düşmək belə olmur. Ağcaqanadlar, mığmığalar havada, qurbağalar gölməçənin içində ürək bulandırır. Üfunət iyindən yaxın düşmək belə olmur.

- 2 il bundan öncə körpə uşaqlardan biri zirzəmidə kanalizasiyaya düşdü, boğulub öldü. Xilasedicilər gəldi, uşağı zirzəmidəki bu çirkabdan çıxararkən özləri də ilişib qaldılar, ordan çıxa bilmədilər, bu dəfə camaat onlara yardımçı oldu. Hətta çəkiliş də etdilər, amma efirə vermədilər.

Zirzəminin çəkilişlər etmək cəhdimiz baş tutmadı. Ora girmək mümkün deyildi.

O birilərin tayı

Yataqxanadan ayrılırıq. Arxamızca deyilən sözlər hələ də qulağımızdadır:

- Bunlar da o birilərinin tayı olacaq. Gəldilər, getdilər...

Tarix
2013.10.18 / 11:37
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla