Yuxarı

"Rusiya Qərbi Qarabağın müstəqilliyi ilə təhdid edir"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Media forum" saytının suallarını politoloq Hikmət Hacızadə cavablandırır.

- Vilnüsdə Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının sammiti başlanır. Bu toplantı Azərbaycana nə vəd edir?

- Vilnüs sammiti demokratiyanın, insan haqlarının, sağlam düşüncənin, plüralizmin yayılmasının növbəti mərhələsidir və toplantını tarixi hadisə kimi qiymətləndirirəm. Bəlkə də dünya miqyaslı bir addım deyil, amma bizim üçün çox əhəmiyyətlidir. Hesab edirəm ki, keçmiş sovet ölkələri, o cümlədən Azərbaycan Avropa yolunu gedəcək.

- Avropa İttifaqı 2009-cu ildən 6 ölkədə Şərq tərəfdaşlığı proqramını həyata keçirir. Proqramın müsbət nəticələri varmı?

- Azərbaycan, demək olar ki, bu proqramda iştirak etmir. Baxmayaraq ki, sənədlərə qol çəkmişdik. Amma bir iş, nəticə görmədik. Bu da təəssüf doğurur. Avropa İttifaqı proqramlarının hamısı dayanaqlı inkişafa, şəffaflığa yönəlib. Biz bu proqramlardan mütləq yararlanmalıyıq.

Proqramların icrası demokratiya, sağlam rəqabət, ədalət, şəffaflıq, azad seçki, korrupsiyasız, rüşvətsiz cəmiyyətinin olmasını tələb edir. Bunlar da Azərbaycan hakimiyyətinin məqsədlərinə daban-dabana ziddir. İqtidar nümayəndələri isti yerlərdə oturublar, yağlı yerləri tutublar və xımır-xımır yeyirlər. Onlara heç bir dəyişiklik lazım deyil, bunu istəmirlər. Təəssüflər olsun ki, vəziyyət belə ağırdır.

- Niyə Avropa İttifaqı öz proqramının yerinə yetirilməsini tələb etmir? Qurumun buna təsir imkanları varmı və ondan istifadə edibmi?

- Avropanın gücü çatmır. Ona görə də proqramın yerinə yetirilməsi üçün Azərbaycana təzyiq edə bilmir. Şərq tərəfdaşlığı proqramı könüllü şəkildə demokratiya, inkişaf, şəffaflıq istəyən ölkələr üçündür. Kim istəyir könüllü şəkildə proqrama qoşulur, onu həyata keçirir, faydasını da götürür. Başqa bir təzyiq aləti yoxdur. Seçkilərin azad, demokratik olması üçün Avropa İttifaqı Azərbaycana qoşun göndərməyəcək ki!

Hazırda Qərbdə də vəziyyət yaxşı deyil, iqtisadi böhran davam edir, İran, Suriya, beynəlxalq terrorçuluq problemləri var. Hələlik Qərb öz problemləri ilə məşğul olur. Ona görə də demokratiyanı ayaqlar altına atan, korrupsiya, rüşvətlə məşğul olan rejimlərə təzyiq göstərə bilmir. Təəssüflər olsun ki, günümüzün reallığı belədir.

- Şərq tərəfdaşlığı proqramının uğur qazanması yalnız dövlətdən asılı idi, yoxsa vətəndaş cəmiyyəti, demokratik institutlar da burada hansısa rol oynaya bilərdi? Vətəndaş cəmiyyətinin proqramda iştirakını necə qiymətləndirirsiniz?

- Azərbaycan kimi ölkələrdə hökumət hər şeyi nəzarət altında saxlayır. Hazırda bizdəki vəziyyət Leonid Brejnevin SSRİ-ni idarə etdiyi dövrdəki kimidir. Tərpənmək mümkün deyil. Vətəndaş cəmiyyətinin nümayəndələri, gənclər, fəallar ciddi təzyiqlə üzləşirlər, köklü dəyişikliyə nail ola bilmirlər. Hökumət ölkəyə xarici dəstəyi azaltmaq siyasəti yürüdür. Vaxtilə Bakıda Soros Fondu vardı, vətəndaş cəmiyyətinin formalaşmasına kömək edirdi, amma bu fond fəaliyyətini dayandırdı. Başqa xarici təşkilatların da fəaliyyətini məhdudlaşdırıblar. "Azadlıq", "Amerikanın səsi", "BBC" radiolarının FM dalğasında yayımını qadağan etdilər. 2014-cü ilin yanvarından ATƏT-in Bakı ofisinin statusunu azaldacaqlar. Hökumət bütün qüvvəsi ilə mütərəqqi xarici təsirlərin qarşısını almağa çalışır. Ona görə də heç bir nəticə yoxdur. Buna baxmayaraq mərd fəallar, jurnalistlər, demokratiya fədailəri qəhrəmancasına işlərini davam etdirirlər.

- Qeyd etdiniz ki, hökumət mütərəqqi xarici təsirləri məhdudlaşdırır. Amma hökumət hesab edir ki, bu, ölkənin daxili işlərinə müdaxilənin qarşısının alınmasıdır...

- Birincisi, belə yanaşma kökündən səhvdir. İkincisi, Azərbaycan Helsinki Yekun Aktını imzalayıb. Aktın insan haqları bölməsinin girişində qeyd olunub ki, demokratiya, insan haqları heç bir ölkənin daxili işi deyil, hər kəs bu haqda ön narahatlığını bildirə bilər. Sənəddə yazılıb ki, Helsinki Yekun Aktını imzalayan ölkələr xarici dövlətlərin, beynəlxalq təşkilatların tənqidini anlayışla qəbul edəcəklər, buna etiraz bildirməyəcəklər və demokratiya, insan haqları sahəsində xaricdən edilən yardımlar tam qanunidir. Mərhum prezident Heydər Əliyev həmin sənədi imzalayıb.

- Vilnüs sammitində ən yüksək və ən aşağı qiyməti hansı ölkələr alacaq? Azərbaycanın öhdəliklərini yerinə yetirməsi necə qiymətləndiriləcək?

- Azərbaycan sammitdə yalnız vizaların sadələşdirilməsi sazişini imzalayacaq. Rəsmi Bakı Şərq tərəfdaşlığı proqramının digər istiqamətlərinə qoşulmayıb və tərəfdaşlıq, assosiativ üzvlüklə bağlı proqramda iştirak etmirik. Proqramın yerinə yetirilməsi sahəsində ən yüksək balı Gürcüstan, Moldova ala bilər. Ukrayna ilə bağlı vəziyyət aydın deyil, proseslər davam edir. Azərbaycan isə kənarda qalıb. Bu, çox məyusedici durumdur.

- Azərbaycan ya Avropa İttifaqı, ya da Gömrük İttifaqı seçimi qarşısında qalıbmı?

- Hökumət rəsmiləri bəyan ediblər ki, bizim işimiz yaxşı gedir, öz problemlərimizi həll etmişik, gəlirli yerləri tutmuşuq, qismətimizdən narazı deyilik, yavaş-yavaş yeyib dağıdırıq. Rəsmilər açıq şəkildə deyirlər ki, nəyə görə dəyişməliyik? Biz buradayıq, buranın ağasıyıq. Niyə harasa birləşib oranın şərtlərini qəbul etməliyik? Ona görə də Azərbaycan nə Avropa İttifaqını, nə də Gömrük İttifaqını seçir. Amma Rusiya prezidenti Vladimir Putin Azərbaycanla bağlı hansısa qərar versə və təzyiqləri artırsa, vəziyyət dəyişəcək. Bir nüansı da unutmaq olmaz ki, ölkəyə təzyiq etmək asan deyil. Əvvəla, bizim neftimiz, qazımız və pulumuz var, Ukrayna kimi xarici borc içində batmırıq. İkincisi, Azərbaycan Qərb üçün vacib ölkədir, çünki Avropa və ABŞ-ın strateji maraqları var, onları həyata keçirmək lazımdır. Qərb bizim ölkəyə münasibətdə xüsusi strategiya tətbiq edir. Həmin strategiya rəsmi xarakter daşıyır və mahiyyəti ondan ibarətdir ki, Qərb demokratiya və insan haqları məsələsində Azərbaycanı dəstəkləmir, amma ölkənin müstəqilliyini tam dəstəkləyir. Avropa və ABŞ açıq şəkildə bəyan edir ki, Azərbaycanın hərbi aeroportlarının, strateji obyektlərinin Rusiyanın əlinə keçməsinə imkan vermərik, çünki onların özlərinə də lazımdır.

- Gömrük İttifaqının perspektivi varmı və Azərbaycan bu ittifaqa qoşula bilərmi?

- Gömrük İttifaqına qoşulması üçün rəsmi Bakıya təzyiqlər var. Amma bununla Azərbaycanı nəyəsə məcbur etmək mümkün deyil. Çünki hələlik güclü təzyiqlər yoxdur. Bir müddət sonra necə olacağı məlum deyil. Təzyiqləri artıra, hətta Qarabağda müharibəyə başlaya bilərlər. Azərbaycanı Gömrük İttifaqına daxil etmək istəyənlər bunun hər ikisini edə bilərlər. İndiki vəziyyətdə isə Azərbaycanı nəyəsə məcbur edə bilməzlər.

Gömrük İttifaqının perspektivinə gəlincə, mən bununla bağlı optimist deyiləm. Çünki ittifaqı Moskva idarə edir. Rusiya isə bütün sahələrdə iflasa uğrayıb. Rusların siyasəti, iqtisadiyyatı, strategiyası, mədəniyyəti uğursuzluğa düşür olub, işləyə bilmirlər, konsepsiyaları yoxdur. Hər gün bir təyyarələri qəzaya uğrayır, partlayışlar baş verir. Bütün bunlar böyük bir səhvin nəticəsidir. Qərb Moskvaya təklif edir ki, imkan verin işləri biz quraq, Rusiyanı iflasdan xilas edək. Amma Moskva bununla razılaşmır, deyir ki, lazım deyil, hər şeyi biz özümüz həll edəcəyik. Əslində isə özləri heç nə bacarmırlar. Belə bir vəziyyətdə Rusiya iflasa uğramış həyat tərzini, bacarıqsızlığını Azərbaycana da yaymaq istəyir. Biz onsuz da problemlər içindəyik, iflasla üz-üzə qalmışıq, ağır sınaqlar astanasındayıq, indi bircə ruslar çatışmır.

- Şərq tərəfdaşlığı proqramının növbəti mərhələsində Azərbaycanın daha çox iş görməsi, Avropaya inteqrasiyanı sürətləndirməsi mümkündürmü?

- Yaxın zamanlarda heç nə dəyişməyəcək. Bir qədər zaman lazımdır. Üç-dörd ildən sonra Gürcüstanda durumun necə olacağını, Ukrayna assosiativ üzvlük sazişini imzalasa nələr baş verəcəyini görəcəyik və bunlar bizim üçün örnək rolunu oynayacaq. Amma Azərbaycanın təhlükəsizliyi məsələsini də unutmamalıyıq. Dağlıq Qarabağ münaqişəsində Rusiya ermənilərə kömək edir, bizə isə heç kim yardım etmir. Belə olan halda Azərbaycan Qarabağı necə geri qaytarsın, ermənilərin işğal etdiyi torpaqları necə azad etsin? Biz təkbaşına Rusiya-Ermənistan ittifaqına qarşı vuruşa bilmərik. Deməli, Azərbaycan başqa yerlə birləşməlidir. Bu tamamilə aydındır, bunu görmək üçün alim olmağa ehtiyac yoxdur. Azərbaycan da özünə dost tapmalı, onunla birləşməlidir.

- Bu dostu harada tapmaq, kimlə birləşmək olar?

- Qərblə. Avropa İttifaqı, ABŞ və NATO Azərbaycana yaxşı dost olar. Əgər orayla birləşsək, bir qədər balans yaranar, vəziyyət dəyişər, Rusiya da Ermənistanla başqa formada danışar. Amma biz hazırda acizik. Milyardlarla dollar xərcləyib silah almağımız da səhv addımdır. Bunu çox nahaq yerə etmişik. Hətta indikindən beş qat artıq silah alsaq da, Rusiyayla döyüşməyə gücümüz çatmaz.

- Ukraynada baş verənlər Azərbaycanın balanslı və ehtiyatlı siyasətinin doğru olduğunu təsdiqləyirmi?

- Ukraynanın vəziyyəti başqadır və Azərbaycanla müqayisə oluna bilməz. Ukraynanın qazı, nefti, pulu yoxdur, borcun içində batır. Rusiyaya bir neçə milyard dollar borcludur. Rusiyaya ehtiyat hissələri satır, buradan qazanc götürür.

Azərbaycana da təzyiq rıçaqları tapacaqlar, Rusiyada yaşayan soydaşlarımızı oradan çıxaracaqlar, yaxud da bizi Dağlıq Qarabağın müstəqilliyini tanımaqla təhdid edə bilərlər. Belə çətinliklər yaşaya bilərik. Mübarizə gedir, kim daha güclüdürsə, qalib çıxır.

- Azərbaycanın hansı addımı Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımasına gətirib çıxara bilər?

- Burada Azərbaycanın siyasəti və hərəkəti əhəmiyyətli deyil. Mübarizə Qərblə Rusiya arasında gedir. Qərb Moskvanın xoşuna gəlməyən addım atsa, onda Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımaqla təhdid edə bilər.

Tarix
2013.11.28 / 13:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla