Yuxarı

Möhtərəm hakim, mən anqırmışam, ya eşşək?..

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Möhtərəm hakim, mən anqırmışam, ya eşşək?..


Əvvəllər adına İslah Əmək Kaloniyası, indi isə eləcə, Cəzaçəkmə Müəssisəsi deyilən cəza evlərində baş verən hər bir maraqlı hadisələr haqda kitab bağlamaq olar.

Eləcə də yolu bu tərəflərə "düşən" cəza çəkənlərin keçdikləri həyat yolu haqda. Cəza evləri – həbsxanalar ağuşuna aldığı insanların həyat hekayətlərinin ən maraqlı nəql olunduğu və dinlənildiyi yerdi.
Görüntü və rəsmi deyiliş budur ki, əməllərində cinayət tərkibi olanlar müəyyən müddət bura "ezam" olunur, boyunlarına düşən cəzanı çəkir, islah olunur və azadlığa çıxırlar. Ömrünün yarıdan çoxunu burda keçirənlər, gedib yenidən qayıdanlar da yetərincədir. Bəziləri fəxrlə "xodkasının" çox olması ilə öyünür, bayırda yaşamağın mümkünsüzlüyündən bəhs edirlər.

"Bura bizim evimizdir",- deyənlər də çoxdur. Belələri ilk dəfə və qismən yüngül cəza ilə həbs olunanlara "passajir" deyə müraciət edirlər. Onların nəzərində "sərnişin" olanlar, yəni burada müvəqqəti ömür yaşamağa məhkum olanlar "aralıq uşağı" ola bilməz, onları yola vermək olar ki, həyatlarını yaşasınlar. Buranın öz qanunları var - sərt və ədalətli. "Çöldə" özlərinə gün ağlaya bilməyənlərin, "içəridə" söz sahibi olmaları da bəzən bu yazılmamış "qanunların" diqtəsi ilə gerçəkləşir. Buranın güclüsü həqiqətin, düzgünlüyün yanında olanlardı. Sözsüz, fiziki gücünə, maddi imkanına, administrasiya ilə qurduğu əlaqələrə görə günlərini "Bağdaddakı kor xəlifə" kimi keçirmək istəyənlər də var. Amma, hər hansı "bespredellik" "sxodkanın" qərarı ilə aradan qaldırılır. Verilən qərar, çıxarılan hökm icra olunana qədər qüvvədə olur. Bütün bunlarla yanaşı, CÇM-də də haqsızlıqlar, yerlibazlıqlar, qarşıdurma, çəkişmə, mənsəb və nüfuz savaşı var. Burda da insanlar alın yazılarına, bəxtə-taleyə tapınır, tikanlı məftillərlə çalın-çarpaz əhatələnmiş hündür daş hasarların arasında "ömür çürüdür", gün keçirirlər. Eynən "çöldəki" kimi...

Burda darıxmaq olmaz...

Ömrünün qısa müddətini bu insanların əhatəsində keçirmiş birisi kimi, o ağrılı günlərin unudulmaz xatirələri mənimlə həmişə yaşayır və yaşayacaq. "Straqaç"ların təbirincə dustaqlıqda olan günlərimi "passajir" kimi yaşasam da, əslində mən heç də onların düşündükləri kimi sərnişin olmadım. Bağlı qapılar arxasında keçirdiyim 1 il 1 ay 29 günü bacardıqca səmərəli keçirdim. Çoxlu mütaliə etdim, şeirlər, iki povest, bir neçə hekayə, bir roman və publisistik yazılar yazdım. "Burda darıxmaq olmaz" şeirlər kitabım çıxdı, "Lənətlənmiş həyat" povestim, onlarla publisistik yazılarım çap olundu. Bu yazımda heç də dəyərli oxucularıma yaradıcılıq hesabatı vermək fikrində deyiləm. Sadəcə, məhbəs divarları arasında da ürəyin istədiyin işin qulpundan yapışmaq olar, burda da daxili azadlığını qoruyub saxlamaq mümkündür. İnsanların azadlıqdan, doğma insanlardan, cəmiyyətdən təcrid olunması, heç də daxili azadlığından, düşüncələrinin sərhədsiz hüdudlarından təcrid olunması demək deyil. Burda da yaşayırsan - yaşamağın, fiziki azadlığın qədrini yenidən və daha dərindən dərk edərək yaşayırsan.
Təkcə zəhrimara qalmış darıxmaq olmaya. "Burda darıxmaq olmaz, həm də darıxmamaq" yazmışdım. Onu da orda, tikanlı məftillərlə qurşağı bağlanmış dar duracaqda dərk etmişdim ki, darıxmaq dünyanın ən axmaq peşəsi, darıxanlar isə ən kövrək adamlarıymış, göz yaşları içərimizdə gəzdirdiyimiz daşlardı, ata bilməyəndə əriyib su olarmış...
Burda hər kəsin bir həyat tarixçəsi var - rəngsiz-boyasız. AĞ VƏ QARA hərflərlə yazılmış bu alın yazılarını vərəqlədikcə, talelərinin qara zolağında vurnuxa-vurnuxa qalanları bura gətirib çıxaran yollarda onlarla yol-yoldaşı olduqca hallarına acımamaq, heyfsilənməmək olmur. Sözsüz ki, söhbət "passajirlərdən" – sərnişinlərdən gedir.

Boş çaydan, "dolu" baş...

"Bura necə oldu düşdün, sən cinayətkara oxşamırsan",- deyə soruşduğum Masallının dağətəyi kəndlərinin birinin sakini olan Sulduz adlı dustaq: -"Eşşəyimin güdazına getdim",- deyir və siqaretimə qonaq olduqdan sonra CÇM-in tibb məntəqəsində kirələdiyim, guya burjuy kimi ayı 150 dollara qaldığım otağımda yerini rahatlayıb, özünün həyat tarixçəsini danışır:

- "Uçaskovı" ilə aram yox idi. Eşşəklə yay uzunu meşədən qurumuş, sınmış ağac budaqlarını daşıyırdım, qışda yandırmağa görə. Təndirdə çörək bişirmək üçün də çır-çırpı yığırdım. İstəyən olanda satırdım da. Bunları dolanışıq üçün edirdim. Onunçün də üç eşşək yükü odun, çırpı aparmışdım. Amma pulunu verməmişdi. Bir dəfə kənd çayxanasında oturub çay içirdim. Gördüm gəldi, çay sifariş verdi və çayçıya dedi ki, çayın pulunu Sulduzdan alarsan. Dedim ki, çay içirsən, pulunu ver də, mən niyə verirəm? Məni lağa qoydu, "bu da özünü kişi sayır", - deyib məsxərəyə qoymağa başladı. Mən də dedim ki, mən kişiyəm, halal zəhmətimlə dolanıram, amma sən onun-bunun hesabına evinə bazarlıq edirsən. Mənə acığı tutdu. Söydü məni, cavabını qaytardım. Gördüm çox kişilikdən, haqdan-ədalətdən dəm vurur, dedim həyətinə odun aparmışam, qışda yandırıb qızınacaqsan, pulumu niyə vermirsən? Dedi, əcəb edirəm. Çayxanadakıların da əksəriyyətinin bundan zəhləsi gedirdi. Cavab qaytarmağımın onlara da xoş gəldiyini görüb, ona: - Mən səni başa düşürəm e, sənin verimlə aran yoxdu, səninki alımdı. Amma eşşəyim başa düşmür, səni görəndə anqırır ki, bəs buna odun aparmışıq, pulunu al, mənə arpa yedizdir. Eşşəyi başa sala bilmirəm ki, bu adam "uçaskovı"dır, ona görə də başa düşmür ki, başqasının zəhmətinin hesabını ödəməlidir. Elə bunu demişdim ki, "uçaskovı" gəlib mənim stolumdakı boş çayniki qaldırdı: - Bu boş çayniki boş təpənə çırparam, – deyib, var-yox söyüşü söydü. Sonra çayniki yerinə qoydu. Mən də bu boş çayniki götürüb çırpdım onun "dolu" başına. Çayxanadakı ağsaqqallar işin böyüməsinə imkan vermədilər. Aranı bir təhər sakitləşdirdilər. Amma hədələdi məni, dedi gör sənə neyləyəcəyəm.

"Möhtərəm hakim, mən anqırmışam ya eşşək?.."

Bu hadisədən 10 gün sonra, eşşəklə yenə də meşədən odun gətirirdim. Bunun qohumları qonşuluqda yaşayır, onların evlərinin tuşuna çatanda yazıq eşşək anqırdı. Sən demə, 5-6 yaşlı bir uşaq da həyətdəki ağacda tut yeyirmiş. Eşşəyin anqırtısına uşaq diksinir və yıxılır yerə. Qolu-qıçı sınır, beyin silkələnməsi baş verir. Məni verdilər məhkəməyə ki, guya bilərəkdən eşşəyin səsini çıxartmışam. Məhkəmədə hakimə dedim ki, möhtərəm hakim, mən anqırmışam ya eşşək? Dedi ki, şahidlərin ifadəsinə görə, anqıran eşşək olub. Dedim, onda eşşəyi tutun da. Zaldakılar gülməkdən uğundu. Hakim mənə 6 il iş verdi. Az qalıb, yaxınlarda çıxacağam".

Sulduz ömrünün 6 ilini "ot zvanka, do zvanka" burda keçirdi. Kasıb olduqları üçün yanına gələn də demək olar ki, heç olmayıb. "Uçaskovı"dan bezən əhlikef kənd uşaqlarının ara-sıra sözü bir yerə qoyub onun yanına gəldikləri bir-iki dəfə istisna olmaqla, onu heç kim yada salmırdı. Sözünün sahibi olması isə onu əsl "mujik" kimi tanıtmışdı, başını aşağı salmadan "srok"unu" çəkirdi. İndi çoxdan azadlıqdadır. O da "passajir" idi. İnanmıram ki, bir daha o yolun yolçusu olsun. Elə özü də deyirdi ki, kənd uşaqları söz veriblər, azadlığa çıxan kimi, mənə ya at, ya da lülkalı motosiklet alsınlar, eşşəklə mənimki gətirmir...

Tarix
2013.11.29 / 15:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla