Yuxarı

Füzuliylə bazlığa getmişəm

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuliylə bazlığa getmişəm

Yaşamaq deyəndə...

- Adım Həsəndi. Ermənistandanam. Nəsimi rayonunda yaşayıram. 46 yaşım var. Ailəliyəm, iki uşaq atasıyam (bir oğlan, bir qız). 20 ilin bərbəriyəm.

Hələ bu lənətə gəlmiş kasıbçılıq olmasaydı...

Hamı sizin kimi deyir. Elədi, yaşımı göstərmirəm. Bəs siz neçə yaş verərsiz? On yaş cavanlaşdırdız ki məni! Təşəkkür edirəm. Hələ bu lənətə gəlmiş kasıbçılıq olmasaydı, lap cavan qalardım. (Xoşhal olub gülümsəyir.)

Sizin kimi gözəl xanım xahiş edirsə...

Yoldaşım universitetdə laborant işləyir. 180 manat o alır, mənim də ayım 800-ə, bəzən də 1000-ə çıxır. Siz Allah, bunu yazmayın. Bərbərxananın sahibi bilsə ki, qazancım babatdı, buranın kirəsini qaldıracaq. 300 manata zorla razılaşmışıq.

Onu da düz deyirsiz ki, internetdən oxuya bilər, ancaq yox, o hara, girib internetdə yazı oxumaq hara?! Amma yenə də ünvanı dəqiq yazmayın. Nə bilim, bəlkə də heç düz eləmirəm sizə bunları danışmaqla. Əşşi, Allaha təvəkkül, nola-ola. Taa, sizin kimi gözəl xanım xahiş edirsə, razılaşmamaq ayıb olar. Yazın getsin...

Ayaqqabılarım da gülür mənə

Edərəm e, amma həftədə bircə dəfə istirahət qazancımın 25%-nin üstündən xətt çəkmək deməkdir. Bu isə uşaqlarımın üzümə durmasına gətirib çıxarar. Baxın, ayaqqabılarım da gülür mənə (burnu yırtılmış ayaqqabılarını qaldırıb göstərir). Arvad-uşaq kollektiv içinə çıxır. Onların əyin-başı yerində olsun deyirəm. Mən geyinib-kecinməsəm də olar. İki ildir ki, bu ayaqqabıların içindəyəm.

Cavan idim, dəliqanlı vaxtlarımdı, qısqancdım...

Yaralı yerimə toxunduz. Qısqanclıq axmaqlıqdır. Yoldaşım çox savadlı idi. Magistraturaya qalıb təhsilini davam elətdirmək istədi, mən də cavan idim, dəliqanlı vaxtlarımdı, qısqanclıq edib qoymadım qalıb oxusun. Bu səhvi hələ də özümə bağışlaya bilmirəm.

İndi qızımı hazırlığa qoymşam, demişəm: oxu, karyera qur, mən də axıra kimi əlindən tutacam. Oğlan uşağı elədi ki, hər işdə işləyib çörəyini qazana bilər. Hətta deyərdim, hökümət qərar verməlidir ki, qız uşaqlarının oxuması məcburidi.

Belə şeylərdən danışmağa qorxuram

Belə şeylərdən danışmağa qorxuram. Həm də Azərbaycanda siyasətdən danışmaq gülməlidi. Müxalifətdəkilər də iqtidarın adamlarıdı. O gün bir müəllim müxalifətdən elə ağız dolusu danışırdı ki... Ürəyimdə fikirləşdim: doğurdanmı bu "eşşəkdən yekə" adamlar hələ də bunu başa düşməyiblər?

Füzuliylə bazlığa getmişəm

Nə yalan deyim, oxumuram. Əlbəttə, evdə kitablar var. Düzü, marağım olmayıb, baxam görəm nə kitablardı. Köhnə evik də. Sovet vaxtından qalan kitablardı. Ən son orta məktəbdə oxumuşam. Onda xoşlayırdım Molla Nəsrəddinin "Lətifələr kitabı"nı. Şairlərdən Nizamini, Füzulini tanıyıram. Füzuliylə bazlığa getmişəm. (Dişlərinin çürüklüyündən utanırmış kimi, əlini ağzına tutub gülür.)

Ay rəhmətliyin qızı, hardan tanıyacam, orta məktəbdə keçmişik ədəbiyyatı.

Harda rahatsansa, ora vətəndir

Kasıbsansa, nə fərqi var?! Hər yerdə qara günnüsən onsuz da. Harda rahatsansa, ora vətəndir.

Şorgözəm

Hələ bazlığa keçməmişdən, bəri başdan bir şeyi etiraf edim ki, şorgözəm. Bazlığa gəlincə, bunu etməyən kişi var yəni? Belə şeylərə pul xərcləmirəm. Bəxtimdən həmişə qarşıma elə qadınlar çıxır ki, pul qarşılığında görüşmürlər mənimlə. Elə-belə, xoş vaxt keçirmək xətrinə. Hələ mənə pul xərcləyənləri də olub aralarında.

Xəyanət adlandırmaq düzgün deyil. Kişinin başqalarıyla ara-sıra görüşməsi həm də qadınına xeyirdir... Həkimlə də bu barədə danışmışam, onlar da məsləhət görür.Yəni tibbi baxımdan da xeyirlidir. Gərək kişi də arvadına belə şeylərini hiss elətdirməyə də...

Xoşqədəmin verlişi düşükdü

Təkcə Azərbaycanda deyil, dünyadakı bütün ictimai-siyasi prosesləri izləyirəm. Bax, burda da televizor qoymuşam baxıram. Day, Xoşəqədəmin düşük proqramına, ANS-in meyxanalarına yox e, "Xəzər xəbər"ə, bir də İctimai TV-yə baxıram həmişə.

Müğənnilərdən Ebru Gündeşi bəyənirəm. İfasını da, özünü də. Lokum kimidir köpəyin qızı.

(Növbəti sualımı duyunca yenə əlini üzünə xacalətlik verən dişlərini pərdələmək üçün ağzına aparıb xəfifcə gülür.)

Toydan sonra bilmişəm ki, arvadımın ayağının ölçüsü qırxdır

Ailəlikcə yığışıb kafe, ya restorana, gəzməyə getməmişik. Belə də ki, ayda iki-üç toya gedirik. Eyni şeydi də. Nə yoldaşımın, nə də uşaqların ad gününü xatırlamıram. Yoldaşıma da hədiyyə almağım yadıma gəlmir. Bir dəfə axşam gedib gördüm ki, yaxşı yemək ətri gəlir. Qohum-qardaş da bizdə. Məlum oldu ki, yoldaşımın ad günüymüş. Elə utanmışdım ki! Utanmaq demişkən, yadıma bir xatirəmiz də düşdü. Evlənən ilin payızı idi. Üzr istəyirəm (söhbət boyu hər dəfə ailəsi haqda danışanda üzr istəyirdi – S.), yoldaşımı aparmışdım ayaqqabı alam ona. Bir ayaqqabı bəyəndik. Satıcı dedi:

- Bundan bircə dənə qalıb, o da qırx ölçüdə.

Gülə-gülə qayıtdım ki, qırx ölçüdə də qadın ayağı olar?!

Yoldaşım sakitcənə dedi:

- Mən qırx ölçüdə geyinirəm elə.

Dönüb dəhşət içində yoldaşımın ayaqlarına baxdım. Satıcının da yanında xəcalət çəkdim.

Gərək beş-on kişinin başını vuram ki...

Mənim vaxtım olmur. Onların dərs və tərbiyələriylə anaları məşğul olur. Mən ancaq pul işlərinə baxıram. Hətta əzbər bilirəm müəllimlər gününün və demək olar ki, bütün bayramların tarixini. 25 manatdan yığırlar; 40, bəzən 50 də verdiyimiz olur. Belə hər dərs ilinin əvvəlləri də ki, süpürgə, zibil qabı, pərdə də ki, öz yerində.

Məcburi olmasa da, uşağın başqa uşaqlardan seçilməməsi, müəllimlərin ayrı-seçkilik qoymaması üçün veririk də.

Müəllimlər də yazıq olub. Müəllim neyləsin, hökumət 150-200 manat maaş verəndə, o da gözünü dikir uşaqların əlinə.

Yazıq millətin həkimi də, müəllimi də hamısı eyni gündədi. O gün prezident televizorda deyir ki, hamı azı ildə bir dəfə müayinə olunmalıdır. Nə bilim, o şeyin adı nədi?

"Check up"?

Həə, ondan olunmalıdır. Kim eləmək istəməz ki! Amma gəlin gedək, görək bir aylıq maaşla hansı xəstəxanaya yaxın düşmək olar?

Guya seçkilər bizim səsimizlədir?

Əlbəttə, seçkiyə gedəcəyik. Həmişə getmişik, İlham Əliyevə də səs vermişik. Bu il də gedib ona səs verəcəyik. Yox, vallah, o biri namizədlər bilmirəm kimlərdi. Çox olsa, İsa Qəmbər olacaq. Onlar da 93-də gəldilər, gördük də. Belə fikirləşirəm ki, hələ on il də İlham Əliyev olmalıdır. Baxma, Heydər Əliyevin oğlu kimi dünyada qəbul olunub hörmət edilir. Sonrası da Allah kərimdi... Guya bizim səsimizlədi?! Biz yazıqların səsi var ki! "Lal", "kar", "kor" adamlarıq.

Kasıbı dəvənin də üstündə ilan vurar

Nə bilim, başımı da qarışdırıb hər sözü danışdırtdınız mənə. Siz Allah, o xəyanət-zad söhbətini verməyin. Yoldaşım oxuyub-eləyər, evim yıxılar.

O da düzdü, hardan oxuyacaq, evdə internet yoxdu. Amma siz yenə də qadın söhbətlərini, bir də aylıq gəlirimi dediyim yeri çıxın. Baxma,"kasıbı dəvənin də üstündə ilan vurar".

Tarix
2013.12.13 / 12:01
Müəllif
Sona Yaqubova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla