Yuxarı

Prokurorun evinə it bağlayıblar - FOTO

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əhməd filmə baxandan sonra deyirdi ki, bilsəydim bu Qaloş belə oğraşdı, heç onun əvəzinə at çapmazdım..."

Zığ kəndinə gəlişimin səbəbi isə, məşhur prokurorun evinə it bağlanmasının şahidi olmağımdır.

200 yaşlı bəy evi

Bu evin sahibi Məmmədhüseyn bəy olub. Ona da atasından qalıb. Evin 200-ə yaxın yaşı var. Bu haqda evin yerləşdiyi həyətdəki o biri evin hazırkı sahibi Mehdi Məmmədov danışır. Haqqında bəhs edəcəyimiz evdə isə Mehdi kişinin əmisi Cənnət kişi yaşayıb.

Ev iki mərtəbəlidir. İndi bu evdə heç kəs yaşamır. Mülk acınacaqlı vəziyyətdədir.

Bəy evində tövlə

Mehdi kişinin atası Əli bəy isə həyətdə tikilən ikinci ikimərtəbəli evdə yaşayıb. Həmin evdə Mehdi kişinin mərhum oğlunun ailəsi qalır. Cənnət kişinin isə oğul övladı olmayıb. Qızları isə ailə qurub, gəlin köçüblər. Ev baxımsız haldadır. Daha doğrusu, evdən tamam başqa məqsədlə istifadə olunur. Otaqlardan biri zibillə doludur. Digər alt qatdakı otaqlardan isə tövlə kimi yararlanırlar.

Prokuror Mehmanın evi

Haqqında bəhs etdiyimiz ev qədimliyi ilə yanaşı arxitektura baxımından maraqlı görüntüsü ilə də diqqəti çəkir. Öyrənirəm ki, ev Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınsa da, tarixi abidə kimi qorunmur və tarixi binaların siyahısına salınmayıb.

Bu ev "Qanun naminə" filminin çəkildiyi evdir: Prokuror Mehmanın evi.

İtkiləri olan həyət

Mehdi kişi həm də bu evin sahibi kimi tanınır: "Babamın evidir. Babamın atasının mülkü olub, ta ordan o yananını bilmirəm. Yadıma gələn odur ki, bizim bağlarımız olub, Hövsana qədər. Yuxarıda (əli ilə Günəşli yaylasını göstərir) bizim xırman yerimiz vardı. İndi mən o xırman yerində ev tikmişəm, bağ-bağat salmışam, orda da yaşayıram. Kiçik oğlum da mənimlə olur. Ailəlidir. Bu evi isə ortancıl oğluma vermişdim, dünyasını dəyişdi, balaları qalır", – deyir və qarşımızdakı qədim ikimərtəbəli evi göstərib əlavə edir: - Bu həyətdə itkilərimiz çox olub. Nəsillər dəyişib.

"Yaxşı pul"

Bu evin də yaşı 100–ü çoxdan keçib. Səni maraqlandıran bu "prokuror evi" isə əmim Cənnət kişinin olub. Qızları var, evin varislik hüququ onlara məxsusdur. Sökməyə də qoymurlar. Əvvəllər yaxşı idi yenə, bu evdə çəkilişlər olardı. Elə "Mehman" kinosu ("Qanun naminə") çəkiləndə gəldilər bu evi bir az abıra saldılar. 1969-70-ci illər idi. Artistlər bizim evdə geyinib-soyunurdular. Bizi də qarovulçu kimi "aformit" eləmişdilər. Yaxşı da pul verdilər.

- Təxminən nə qədər pul verirdilər, məsələn, maşın almaq olardımı o pula?

- Yox, əşşi, day o qədər də yox, amma qonum-qonşunun paxıllığı tuta biləcək qədər idi", - Mehdi kişi hazırcavablıq edir.

Prokurorun söykəndiyi məhəccərə bağlanan it

Evin alt qatını birgə gəzirik. Burda iki inək bağlanıb. Yuxarı qatın artırmasında isə bir it özünü həyətdəki qələbəlikdən uzağa salaraq "gizlənib". İti məhəcərə bağlayıblar. Həyətdə nişan mərasimi olduğundan, əl-ayağa dolaşmasın deyə, iti açıb buraxırlar, anında azadlığın dadını çıxarmaq üçün güllə kimi qaçıb gözdən itir, heç şəklini də çəkməyə macalımız olmur. Nişan isə Mehdi kişinin qız nəvəsinin nişanıdır.

Cavanlar Floraya baxırdı

- Bax Flora burda oturmuşdu (xalq artisti Flora Kərimova – Mehmanın həyat yoldaşı Züleyxa rolunun ifaçısı - F.B), kədərli mahnı oxuyurdu. Qazanları isə bax orda asmışdılar, - əli ilə hər iki yeri göstərir. - Flora çox yaraşıqlı idi, kənd cavanları çox vaxt onun yerişinə, duruşuna, hərəkətlərinə baxırdılar, filmə maraq elə bil bu zalım qızına görə idi.

- Deyəsən o cavanlardan biri də siz olmusuz...

- Əstəğfürullah! O bizim həyətdə idi, kino da olsa, gəlin idi bu həyətdə, həm də qonaq gəlmişdilər, kişilikdən olmazdı bu. O, bu evin xanımı idi.

Bilsəydim bu Qaloş belə oğraşdı...

- Burda adam əlindən tərpənmək olmurdu. Qaloş, bax, o divara söykənirdi. Elə bic kişi idi ki, kinoya baxandan sonra lap zəhləmiz getdi ondan. Qonşumuz Əhməd vardı. Şoferdi. Qaloşun əvəzinə atı o çapırdı. Qaloşu ancaq güclə ata mindirdilər. Dönüb hirsnən baxdı ha, o səhnəni deyirəm. Rza Təhmasib oynayırdı o rolu, qoca kişi idi, ayaq üstə zorla dururdu. Amma atı kəndin içi ilə üzü aşağı Əhməd çapdı. Bax e, at çapdığına görə ona da pul verdilər. Əhməd filmə baxandan sonra deyirdi ki, bilsəydim bu Qaloş belə oğraşdı, heç onun əvəzinə at çapmazdım...

Evin birinci mərtəbəsində inək

Evin qəribə memar quruluşu var. Damda iki baca tikilib. Bacalardan biri otağı işıqlandırmaq, o biri isə alt və üst qatdakı buxarının tüstüsünü bayıra çıxarmaq üçündür. Divarlar uçmaq üzrədir. Lakin bu ev illərin sınağından çox ləyaqətlə çıxıb. Baxmayaraq ki, illərdir burada heyvan saxlanılır.

Evin həyəti yöndəmsiz daşlardan çox da hündür olmayan hasarla əhatələnib. Daş hasarlarda çıxıntılar var. Bu çıxıntılar oyularaq deşiklər yaradılıb ki, bu deşiklərə atlar bağlanarmış. Elə filimdə də Mehmanın atı həmin yerə bağlanır.

- Özləri ilə camış da gətirmişdilər. Kənddə camışı olanlar vardı. Gileyləndilər ki, bizim camışı niyə çəkməyiblar. Hamı kömək etmək istəyirdi. Artistlər mehriban idi. Hamı onlara maraqla baxırdı. Camaat çəkiliş zamanı demək olar ki, iş-gücünü atırdı. Hələ biz də, mənim rəhmətlik atam da çəkilib bu filimdə. Kütləvi səhnələr var e, kənd adamları barıdan boylanır, bax, orda.

Tarixi abidə Mədəniyyət Nazirliyində qeydə alınmayıb

"Qanun naminə" filminin bəzi hissələri burada, bu həyətdə oynanılıb. Kənd camaatı bununla fəxr edir. Söhbətlərində bunu hiss etdim. Lakin evin bərbad hala salınmasına ürəkləri ağrısa da, yığışıb bir iş görmürlər. Axı artıq bu ev Azərbaycanın tarixinin kiçik bir parçasını özündə saxlayır. Keçmişimizə sahib çıxmağın vaxtı isə çoxdan keçib.

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin müdüri İntiqam Hümbətov bizimlə söhbətində dedi ki, Zığ kəndində 4 tarixi abidə qeydə alınıb. Onların içərisində bu ev yoxdur.

Tarix
2013.10.19 / 21:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla