Ana səhifə Avto |
Bakının Hövsan qəsəbəsində Əvəz İbrahimov adlı gənc bir retro
avtomobil həvəskarı var. Aradıq və tapdıq. Tanışlıqdan sonra məlum
oldu ki, Əvəz bəy həm retro avtomobil həvəskarıdır, həm də əntiq
əşyalar toplamaq xobbisi var. O, demək olar ki, ömrünün çox
hissəsini bu sahəyə həsr edib. Söhbətimizə başlamaq üçün 35 yaşlı
Əvəz bəyin bu il 60 yaşını qeyd edən qocaman "Pobeda"sına
əyləşdik:
Hövsanda bir nömrə
- Bu maşın 1953-cü il buraxılışıdır. Hardasa, 6-7 ildir ki,
məndədir. Bunu özümçün yığdırmışam. Mən alanda maşının vəziyyəti
belə deyildi. Üstünə 10.000 dollardan çox pul qoydum. Sözün düzü,
yığdıranda bilmirdim ki, bu maşın əntiq hesab olunur. Özü də mənim
maşınım Hövsanda bir nömrədir.
Maşında demək olar ki, bütün detallar orijinaldır. Salonun içinə
çexol çəkilib sadəcə. Bu maşın əziyyət də vermir mənə. Bunlar elədi
ki, bir dəfə yığıldısa, getdi... Benzini də normal işlədir.
"Pobeda-mobeda" minmirəm...
- Şəhərdə bu maşına insanların hədsiz marağı var. Kim görür,
əliylə işarə edir ki, əladı, zordu! Heç bir milyonluq maşın sürsən,
sənə heç kim baxıb deməz ki, əladı, zordu. Bu il Nabrana getmişdim
"Pobeda"yla. Uşağından tutmuş qocasına kimi hamısı maraqla baxır
maşına. Bir qoca arvad yanımdan keçə-keçə görürəm mahnı oxuyur:
"Pobeda-mobeda bilmirəm, "Moskviç"ə minmirəm". Azərbaycanın yarısı
bu "Pobeda" ilə şəkil çəkdirib.
Gəlin maşını
- Bu maşınla bir neçə dəfə gəlin aparmışam. Müxtəlif qiymətlər
olub. Olub ki, 250 manat veriblər, elə olub 150 manat. Elə də olub
ki, gəlini aparıb qoymuşam restorana, pul da verməyiblər. Deyiblər,
çox sağ ol, demişəm, siz də sağ olun...
Ay alan...
İndi satmaq fikrim var bunu. 10.000 dollar verən olsa,
sataram.
Tarix
2013.10.24 / 11:45
|
Müəllif
Natiq Azəri
|