Yuxarı

Sabir Rüstəmxanlı məmurlara od püskürdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlarda Prezident Administrasiyasına hansı deşiklərdən keçib gəldiyini hamının bildiyi, amma hansı keyfiyyətinə görə gətirildiyini heç kimin bilmədiyi və bilməyəcəyi bəzi məmurların başçılıq etdiyi saytlarda mənim haqqımda bir neçə təhqiramiz yazı yerləşdirilmişdir.

Bu yazıların üslubu məni təəccübləndirmir. Hərə öz mühitinin, öz ailəsinin tərbiyəsi ilə, öz alışdığı dillə danışır. Nə görürlər, onu da götürürlər. Ağla qaranın sərhəddinin itdiyi, yaxşıyla pisin fərqinin bilinmədiyi, millətə üzqaralığı gətirməyin – millətə xidmətdən yüksək tutulduğu, oğurluğun, soyğunçuluğun, mənəviyyatsızğılığın, vətəndaşa saymazyana münasibətin adi hal aldığı bir mühitdən çıxanlardan başqa yazı tərzi, normal dialoq əxlaqı gözləmək sadəlövhlük olardı. Cins öz yerində durur. Nə qədər təlim keç, ağzını açan kimi "a... a" deyə anqıracaq.

Bu yazıların müəllifi də məni təəccübləndirmir. Çünki belələrini kim "saxlayırsa", ona qulluq edir; kimin üstünə qısqırdırlarsa, onun üstünə cumurlar.

Məni hədəf seçmələri də başadüşüləndir. Bu, xüsusi bir layihədir: Gərək ölkədə abırlı adam qalmasın, hamını öz günlərinə salsınlar ki, rahat nəfəs alsınlar.

Məni təəccübləndirən bu yazıların sifarişçiləridir. Daha doğrusu, həmin sifarişçilərin bu qədər ağılsız və cahil olmaları və belə tərbiyəsizliklə, qeyri-adekvat və dayaz təfəkkürlə, nəhayət, millətin onlara nifrətini bilə-bilə vəzifə kürsüsündə sakit oturmalarıdır.

Sözü gedən saytlar ortaya heç bir dəlil-sübut qoymadan məni "xain, satqın, agent, yunan allahı kimi çoxüzlü" adlandırırlar. Yəni qanlarına işləmiş rus dilində onların mahiyyətinə aid, əsillərinə-nəsillərinə yaraşan nə qədər murdar söz varsa, əndərirlər mənim başıma.

Yadıma Azərbaycanın Xalq yazıçısı Süleyman Rəhimlinin ona böhtan atanlara cavabından bir cümlə düşür: "Üstümə dünyanın bütün çaylarını axıtsalar da, mən lil altda qalmaram". Mən də belələrinin cavabını çoxdan vermişəm: "Taleyim Bakı küləyidir, mənə doğru tüpürmək istəyənlərin tüpürcəyini öz üzünə yaxır".

Bunlar inkubator cücəsi kimi bir-birinə bənzəyirlər; milli dövlətin məmuru, amma milli kimliyi və ruhu qısırlaşmış, dövlətin çörəyini yeyən, ancaq dövlət dilində danışa bilməyən, Azərbaycan varlığının böyüklüyündən qorxuya düşən, yarırus, yarıerməni, yarınurçu, yarısaqvalçı, yarı PKK-çı, amma üzə çıxmaqdan qorxan yariadamlar, zirzəmi siçovulları...

Onlardan başqa mövqe də gözləmirəm. Böyükləri separatçılara dəstək verəndə mən milli birlik davasındaydım. Biz Azərbaycan türklüyünün böyüklüyündən danışanda, bunlar "nə türkbazlıqdır" deyə milləti təhqir edirlər. Gizli və açıq tapşırıqlar verirlər ki, mətbuatdan, kitablardan türk kəlmələri yığışdırılsın. Mən ömrümün ən gözəl illərini dövlət müstəqilliyi uğrunda mübarizəyə verəndə, onların böyükləri rusun ayaqqabısını yalaya-yalaya Moskvadan ayrılamaq istəmirdilər. İndi mənim adımı qəsdən Zori Balayanın adı ilə yanaşı çəkirlər. Çünki vaxtikən bunların mənəvi bənzəri olan Zori Balayanın sayıqlamalarını alt-üst edən kitab yazmışdım. Görünür, xalqın milli ruhunu oyatmaq istəyimizi hələ də həzm edə bilmirlər. Mən tarixin ən ağır faciəsini yaşayan millətimin bölünməsindən, departasiya olunmasından, soyqırıma məruz qalmasından danışanda, bunlar Azərbaycanı həmin bəlalara düçar eləyənlərə mədhiyyələr deyir, Güney Azərbaycan söhbətlərini unutdurmağa çalışırdılar. Mən milli mədəniyyətimizi, ana dilimizi təbliğ edəndə, bunlar Bakıda yenidən rus məktəblərinin sayını artırmağa çalışır, yetimləri ilə rusca qırıldaşır, mətbuatı, televiziyaları mənəvi dəyərlərimizə qarşı yönəldirlər.

Türkiyə, İran, Rusiya, İsveç, Almaniya, İngiltərə, Özbəkistan, Çin – mənim kitablarımın ildən-ilə genişlənir və hər yerdə böyük Azərbaycan ruhunu təmsil edir. Çıxışlarımın, görüşlərimin beş qitəni əhatə edən coğrafiyasını da bura əlavə etsəm, görünər ki, bunlar kimi özgə üçün yazmağa və ya özgə soyadı altında gizlənməyə ehtiyacım yoxdur.

Bunların "yaradıcılığı" isə iylənmiş saytlarıdır və orda millətin ləyaqətli adamlarına böhtan atmaqdan başqa işləri yoxdur. Bunlar öz böyüklərinə yazdıqları yaltaqlıq serialları ilə, bir şairin dediyi kimi, "yaltaqlığı da hörmətdən salıblar".

Bunlara qalsa, Azərbaycanda türk sözünü, millət, ləyaqət, ədalət, haqq sözünü dilinə alan adam qalmamalıdır, hamı qoyun sürüsünə dönüb bunların ardınca getməlidir. Anlamırlar ki, bu millətin özü müəyyən şərtləri nəzərə alıb susar, amma onu zorla susdurmaq olmaz. Bu millətin gəncliyi tərbiyəsinə qısılıb gözləyər, ancaq tərbiyəsiz gənc məmurun antimilli sifəti üzə çıxanda, dünyanı ayağının altına alar.

Bu tipli yazıları sifariş verənlər o qədər harınlaşıb və cəzasız qalacaqlarına o qədər arxayındırlar ki, dediklərinin əvəzində nə eşidə biləcəklərini düşünmür, ayıblarına qısılıb oturmaqdansa, qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Hətta bu istiqamətdə öz əxlaq tərzlərinə uyğun bir "yol" da göstərirlər: Yazdıqları kimi, "Əkrəm Əylisli yolu". Yəni kim millət vəkili seçilməyəcəksə, millətin düşməni olacaq və ya bunlar qova-qova bütün mərdləri namərd edəcəklər.

Başa düşmürlər ki, bizlər əlimizə qələm alandan bu millətin vəkili olmuşuq və milli təəssübkeşliyi, dövlət marağını vəzifəyə, Məclisdə olub-olmamağımıza dəyişən adamlardan deyilik. Bunların təsəvvüründə mənim son iyirmi beş ildə üzdə olmağım, millət vəkili seçilməyim, kitablarımı yazaraq, cəmiyyətdə mövqeyimi saxlayaraq, ən müxtəlif mühitlərdə sözümü deməyim çoxüzlülükdür. Niyə gəlib-gedən dəstələrin arasında, hakimiyyət uğrunda savaşlarda məhv olmamış, sıradan çıxmamışam. Onları əsəbləşdirən göz önündə olan və hər gün yeni səhifəsi açılan cinayətlərinə bizim şərik olmamağımızdır. Bu adamlar cəmiyyəti davamlı olaraq gah o qütbə, gah bu qütbə dartmaqdan başqa, xalqı iki yerə bölüb üz-üzə qoymaqdan başqa yol bilmirlər. Müxalifətdəsənsə, iqtidarla "salam-əleyk"i kəsməlisən və ya tərsinə. Ölkədəki gedişatı dünya siyasəti fonunda səbrlə təhlil edib, yeni problemlər yarada bilən artıq münaqişələrədən yayınaraq, iqtidar-müxalifət münasibətlərini düşmənçiliyə çevirmədən yaşamaq istəyimiz onlara sərf etmir. Bizi də özlərinə qoşmaq istəyirlər ki, xalqın qarşısına çıxmağa üzümüz olmasın.

Bir müddət bundan əvvəl bəzi hərbi hissələrdə ideoloji işin zəifliyini, komandirlərin yerində olmamasını, texnikanın köhnəliyini tənqid edəndə bir YAP-çı deputat, "Sənin kimə işlədiyini bilirik", - deyə bu sayt yazarları kimi mənə az qala vətən xaini damğasını vurmuşdu. İndi ordunun içi açılır və xalq malının qorxusuz bir şəkildə talan edilməsi ortaya çıxır. Bu dəfə mən soruşuram: kimdi erməniyə işləyən? Bu cinayətləri eləyənlər, yoxsa vaxtında qulağınıza qışqırıb sizi ayıltmaq, bu rəzalətin durdurulmasını istəyənlər? Bu ağılla siz Ali Baş Komandana və ya Prezidentə hansı sədaqətinizdən danışa bilərsiniz?

Sayt sifarişçilərindən də eyni şeyi soruşmaq istəyirəm. İyirmi beş ildir mənim bir mövqeyim var, o xalqın mənafeyinin qorunmasıdır, haqqdır, ədalətdir, vətəndaş həmrəyliyidir.

Əgər son illər hadislərə daha səbrlə, daha sakit yanaşıramsa, bu, mənim müxalifətçi mövqeyimin dəyişməsi və ya sarsılması demək deyil; daxili inamımla bağlı bir məsələdir. Məncə, İlham Əliyevin prezident seçilməsi on il öncə ölkəni növbəti bir riskə atmağın qarşısını aldı. Reallıq, taleyimiz, müharibə, bizə olan xarici təzyiqlər hadisələrə dözümlü, anlaşıqlı münasibət tələb edirdi. Biz də bu yolu tutduq. Kəmfürsətlik, hər səhvi böyüdüb ancaq birinci şəxsin üstünə yıxmaq düz olmaz. İqtidarlı-müxalifətli hamımız bir xalqın övladıyıq və tarixin çətin bir dövrünü yaşayırıq, vətəndaş olaraq hamımızın müəyyən məsuliyyətimiz var. Bundan əlavə, mən Milli Məclisdə İlham Əliyevin bir çox müsbət keyfiyyətlərini də görmüşəm və insan kimi ona hörmətim var. Bunu kim hara yozursa, yozsun. Həmin o sayt yazarı məcbur etməsə, bu barədə heç nə yazmazdım. Mənim hakimiyyətə münasibətimin mahiyyətində məhz belə bir insani yanaşma və konstuktiv müxalifətçilik dayanır. Başqa onlarla heç bir sazişim və öhdəliyim yoxdur ki, ində də partiyanın bir gənc üzvünün çıxışına görə məni xəyanətdə ittiham etsinlər.

Vətədanş Həmrəyliyi Partiyasının bir neçə üzvünün İctimai Palata ilə birgə Milli Şuraya gəlməsini sayt sifarişçisi oyunbazlıq hesab edir. Məgər hakim partiya bu qədər imkanlı ola-ola, bütün üzvlərini xoşbəxtliyə qovuşdurub və ya bütün YAP-çılar partiyanın fəaliyyətindən razıdır? Ac qarınla birlik, həmrəylik olmur! VHP-nin minlərlə işsiz, imkansız, həyatda yerini tapa bilməyən üzvü var. Onların səsini boğmaq yox, həyatlarını qurmağa yardım etmək lazımdır. Partiya çoxlu insanın bir araya gəlməsidir və orda fərqli fikirlərin olması təbiidir. Bizim seçkilərə münasibətimiz məntəqə, dairə və MSK-dakı nümayəndələrimiz tərəfindən rəsmiləşdirilib. Lakin məhz bu sayt sifarişçilərinin prezidentə "ayı xidməti" seçkilərlə bağlı beynəlxalq təşkilatlarda çoxlu suallar yaratdı və ölkəni bəzi problemlərlə üz-üzə qoydu. Biz ümumi vəziyyəti nəzərə alıb güzəştə getdiyimiz halda, qazanc ehtirasları, qeyri-peşəkarlıqları, vətəndaşa hörmətsizlikləri, özlərini qanunlarımızdan yuxarı tutmaları, dünyada gedən proseslərdən bixəbərlikləri ilə bir çox məmurlar ölkə üçün yeni-yeni problemlər yaratmaqla məşğuldurlar… Xəyanət və agentlik budur!

Sayt sifarişçiləri öz aləmlərində mənim gələcək yerimi də müəyyənləşdiriblər: "tarixin zibilxanası..." Hesab edirlər ki, tarix də onların monopoliyasındadır. Nəzərə almırlar ki, məhz onların sayəsində xalqın bir hissəsi Azərbaycanda və Rusiyada zibilxanalarda eşələnməyə məcburdur. İmkan olsa, Azərbaycanın böyük türk ruhunu, iradəsini, mübarizə gücünü, ziyalılarımızı, az-çox haqq söz deyən millət vəkillərini də o günə qoyarlar. Qoy, hamı getsin, "ev qalsın əyriyə: həm yeyə, həm səyriyə".

Mən gələcəyimdən narahat deyiləm. Millət beş dəfə məni öz vəkili seçib. Bu, Azərbaycan tarixinin parlaq səhifəsində yaşayacaq hadisədir, həyatım başa çatanda da yerimi yenə millət müəyynləşdirəcək, hansısa saytın hansısa yazarı və sifarişçisi yox! Amma vay dövlət idarlərində işləyə-işləyə canlı zibilə çevrilənlərin hayına, çünki onları tarixin zibilxanası da qəbul etməyəcək.

***

Adətən mən belə hədyanlara cavab vermirəm, vaxtıma və sözümə heyfim gəlir. Ancaq cavab verilmədikcə, bunların dişlərində şirə qalır. Bir müddət öncə həmin saytda, yenə eyni imzayla mənim və qardaşlarım haqqında başqa bir yazı da verilmişdi. Tənqid yox, şərəfsiz bir böhtan üçün bütünlükdə bizim ailəni hədəf seçən birisi antik miflərə müraciətlə, əslində, böyüklüyümüzü etiraf edir, keçmişdən və gələcəkdən xəbər verən və dünyanın gəlişini-gedişini bilən qədim Roma allahları ilə məni yanaşı qoyur. Mifləri nə qədər təhrif eləsə, öz aləmində nə qədər təhqiramiz söz axtarsa da, qüdrətli Yanusla qarşılaşdırmanın məntiqi belədir.

Partiya sədrliyi, deputatlıq, Dünya Azərbaycanlıları Konqresinin həmsədri və Azərbaycan Dil Qurumunun başqanı olmaq da "vəzifə kreslosu" tutmaq deyil, seçimdir. Nazir vəzifəsi deyil ki, istefa verib getdim.

Müəllifin tənqid arqumentlərinin gülünclüyünü göstərən cəhətlərdən biri də Azərbaycan milli futbol komandasının bir oyunu haqqında nə vaxtsa dediyim sözdür. Mən milli komandanı heç vaxt "qoyun sürüsü" adlandırmamışam. Yalnız bir oyun haqqında "qoyun kimi yata-yata oynayırdılar" demişəm. Sayt sahibləri bu ifadələrin fərqini öyrənə bilərlər. Necə ki, məsələn, "bu müəllif məsələlərə kütbeyin və ya uzunqulaq kimi baxır" - demək, "o, kütbeyin və uzunqulaqdır" ifadəsi ilə eyniləşdirilə bilməz. İkincini demək təhqir olardı, birinci isə yalnız bənzətmədir.

Yazılanları oxuyanda bəlli olur ki, bu yazıqların ümumiyyətlə dünyadan xəbərləri yoxdur və ya özlərini dünyadan xəbərsiz kimi göstərib, kimlərisə aldatmağa çalışırlarlar. "Qanun" nəşriyyatı 20 ildən artıqdır ki, bu ölkənin qanunlarını təbliğ edir. Kitab nəşri isə zülümdür, zillətdir və "bolşoy daxod" gətirmir. Özəl bir mətbənin işinə burun soxub, onun gəlirlərini ölçməkdənsə, dövlətin cibinə girib qazandıqları mal-mülkün hesabını versələr, daha yaxşı olar.

Haqqında söhbət gedən qardaşlarım hüquqşünasdırlar, mətbuatda çoxdan çıxış edirlər. Ziddiyyətli, bəlkə bir-birini inkar edən yazıları da ola bilər və var. Lakin hər hansı bir yazıya görə bütöv bir ailəni hədəf seçənlər gərək öz ailə şəbəkələrinin halını düşünsünlər və müqayisə aparsınlar.

Son olaraq bir daha miflər haqqında... Qədim Maya mifologiyasında pəncərə əfsanəsı var. Allahlar cəzalandırdıqları insanları bu pəncərənin qarşısında dayanmağa və dünyaya bu pəncərədən baxmağa məhkum edirdilər. Pəncərənin xasiyyəti də bundan ibarətdir ki, ordan hətta cənnətə də baxsalar, yalnız pislik görürlər və tədricən o pısliyə çevrilirlər. Bu pəncərə bütün gözəlliklərin şəklini dəyişir.

İndi də Allah bəzi adamları dünyaya belə bir pəncərədən baxmaqla cəzalandırır. İstəyir dövlət idarələrinin pəncərəsindən baxsınlar, istəyir onların karyerasında rolu olan başqa yerlərdən...

Tarix
2013.11.01 / 14:33
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla