Yuxarı

Hakimin arvadına sataşsaydı, gedib o adamla şəkil çəkdirəcəkdi?..

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 saylı Cəzaçəkmə Müəssisəsi Dərnəgül şossesinin üstündə, Poladəritmə Zavodu ilə üz-üzə yerləşir. Vaxtı ilə bura İslah Əmək Müəssisəsi olub. Daxili İşlər Nazirliyinin tabeçiliyində idi. Sonralar – 1993-cü ildən, DİN-in tabeliyindən çıxarılaraq Ədliyyə nazirliyinə verildikdən sonra - bütün cəza "evləri" kimi, buranın da adı dəyişdirilərək Çəzaçəkmə Müəssisəsi oldu (biz "məhbəs" adıyla qısaldaq).

İndi məhbəslərdə əvvəlki kimi istehsalat sahələri yoxdur. Əsasnamədə isə islah olunmanın 6 vasitəsi nəzərdə tutulur ki, burda da məhkumların əməyə cəlb olunması, peşə hazırlığı və peşə təhsili əsas yerlərdən birini tutur. İstehsalat sahələri ləğv edildikdən sonra isə məhbəslərin ərazisi demək olar ki, yarıya qədər azalıb. "Əldən alınan" ərazilərdə müxtəlif kommersiya obyektləri tikilib. Son vaxtlar Dərnəgül şossesinin genişləndirilməsi ucbatından 10 saylı məhbəs yol boyu hasarın içərisinə tərəf "sıxışdırılıb".

Ad dəyişmələrə baxmayaraq, dustaq həmişə dustaq, cəza evi isə həmişə cəza evi kimi qalacaq. Məhrumiyyət, qadağa, möhkəm nizam-intizam və vaxtı ilə adına İslah Əmək Müəssisəsi deyilsə də, islah olunmamaq qorxusu.

Həbsxananı daşa basmaq

2007-ci ilin iyul ayının 11-də 10 saylı məhbəsi tərk etdim. Köhnə "koterjanlar", elə həbsxana işçiləri də mənə tövsiyə etdilər ki, içəridə heç nəyimi saxlamayım. Hədiyyə etmədiyim əşyaları, geyim və yataq dəstlərini özümlə bayıra çıxarım. Belə bir qayda varmış: arxası qapıya doğru əyilib, yerdən kiçik bir daş götürməli, başımın üstündən arxaya, həbsxana qapılarına tərəf atmalıymışam ki, yolum bir də buralara düşməsin, nəyinsə arxasınca gözüm qalmasın.

Deyilənlərə əməl etmişdim. Qeyd və şeir dəftərlərim, dustaq-sənətkarlara hazırlatdırdığım hədiyyəlik əşyalar (təsbeh, qəlyan, sandıqçalar, nərd və s.) istisna olmaqla. Qalan nəyim vardısa, "bedalaqa" (kasıb) dustaqlara hədiyyə etmişdim. Sadəcə ağır dəmir qapılar bir-bir arxamca bağlandıqdan sonra azadlığa ilk addımımdaca dostlarım məni "hopp" edib qucaqlarına almış, ayağımı yerdən üzüb düz maşına qədər beləcə aparmışdılar. Mən arxamda qalan məhbəsi "daşa basa" bilməmişdim. İndi bu gün yolum bu müəssisəyə düşəndə ilk olaraq bunu düşündüm.

Məşhur yazıçının qohumu

Müəsisədə əvvələr ümumi rejimli, cəmiyyət üçün o qədər də təhlükəli olmayan dustaqlar cəza çəkərdi. İndi isə buranın sakinləri ağır cəzalı məhkumlardı. Əvvəllər bir dustaqla ay ərzində 4 görüşə icazə verilərdisə, indi 2 dəfəyə qədər azaldılıb.

Görüşə gələnlərin qeydiyyatı üçün ayrılmış ərazi də təzəlikcə hündür çəpərə alınıb. Qeydiyyat otağında tanış sifəti - Lətif kişini görəcəyimi zənn eləyirdim, yanılıbmışam. Azadlığa çıxandan sonra burda yatan münasib dustaqlara baş çəkmişdim, ərzaq göndərmişdim, Lətif kişi ilə də elə onda tanış olmuşduq. Buranın vaxtı ilə "sakini" olduğumu dedikdən sonara şəxsiyyət vəsiqəmə baxmışdı:

- Hə, o sənsən, sənin yanına deputatalar gəlirdi, yazıçılar gəlirdi...

Bir manatımı almışdı və dostlaşmışdıq. Məşhur bir yazıçının qohumu idi Lətif kişi. Amma indi onu Rasim adlı gənc leytenant əvəz eləyir. İstirahət günü olmadığı üçün qələbəlik deyildi. Hər kəsi, hər şeyi müşahidə etmək də asan idi. Lap yaxına gəldim, divara çiyin verərək leytenantın səliqəli xəttinə, hər bir nüansı diqqətlə nəzərdən keçirməsinə fikir verdim. Ənənəvi olaraq buraxılış vərəqələri doldurulur, dustağın və görüşə gələnlərin adları, gətirilən sovqatlarının çeşidi, miqdarı qeyd olunur, vərəqə imza atdırılır və göndərilir "içəri".

Növbəmə hələ bir neçə adam qalıb.

Bir çimdik həşişə görə adam tutarlar?

Başı yaylıqla bərk bağlanmış bir xanım diqqətimi çəkir. Əlindəki sənədlərə xəlvəti nəzər salıram. İran İslam Respublikasının pasportu var əlində. Onun növbəsidir. Əlavə də iki qadın şəxsiyyət vəsiqəsini təqdim edir leytenanta. Yanlarında 5-6 yaşlı qıvrım, uzun saçlı, yaşıl gözlü qız usagı var. Bu qız bayrama hazırlaşmış kimidir. Sanki indicə əyləncəli bir məkana daxil olacağı anın sevincini yaşadır üzündə... O qədər xoşbəxt görünür ki! Bu xoş, sevinc dolu çöhrə ətrafa çilənir, həbsxananın qaramatından, zəhmindən əsər-əlamət qalmır. Söhbətə tuturam.

- Atamın yanına gəlmişəm, atamı görəcəm indi, - deyir və bilirəm ki, uşaq da İran vətəndaşıdır.

Adını soruşuram. Məryəmmiş:

- Həzrəti Məryəmin adını veriblər mənə, qardaşımın adı isə Mehdidir. Atam İmam Sahib-əz-Zamanın adını qoyub.

Qadınlar söhbətimizə qoşulur. Başı yaylıqlı xanım da gəlir. Adı Negin, soyadı Şah Nazariandır.

- Ərim burdadır. Üç aydan bir gəlirəm. İran Astarasındanam, ərimin adı Məhəmməddir. Həşişnən tutulub. 80 qram olub maşınında, canı ağrıyırmış, həkimin kağızı var, unudub, götürməyib. Uzun yol gedib-gəlir, yuxu tutmasın, bədəninin ağrılarını götürsün deyə, hərdən bir çimdik qəbul edərdi. Bizdə belələrini tutmurlar, hökumətimiz onları müalicə edər, həkim məsləhəti ilə, üstündə tutulsa da heç nə deməzlər. Burdan da razıyıq. Rəisin, adına biz Seyid deyərik (10 saylı CÇM-in rəisi ədliyyə polkovnik-leytenantı Mirsaleh Seyidov), yanında da olmuşuq. Qanacaqlı adamdır. Yeməyindən, yatmağından nigaran deyilik. İstərdik evə tez gəlsin. 4 ildir burdadır. Hələ 4 ili də innən sonraya qalıb. Yaxşı olardı ki, onu İrana göndərəydilər. Orda da zindan var, cəzasını orda çəkərdi. Orda adamı tez buraxırlar bayıra, bayramlarda, mövlud günlərində "amnistiya" deyirsiz ha, ondan olur bizlərdə.

- İran Səfirliyinin sizlərə hər-hansı bir köməyi dəyirmi?

- Olmaz ki, dəyməsin. Səfirliyimiz burda yatan dustağımızın hamısına bayramlarda sovqat göndərər, onlarla maraqlanar, amma niyə İrana göndərməzlər, bunu bimərik ki!

Görüşmək üçün pulu burda verirlər

Qeydiyyat otağına gircək mənə yaxınlaşır:

- Görüşə gəlmişəm, pulu burda verməliyəm?

- Yox, burda pul verilmir, görüş pulsuzdu, sənədlərinizi ora verin, yazacaqlar.

- Mənə dedilər ki, görüşəndə pul verməlisən.

Goranboydan gəlib. İlk dəfədir ki, həbsxana qapısını döyür, görüşünə gəldiyi adam dələduzluğa görə həbs olunub. Artıq 4 ildir ki, cəzasını çəkir.

Adını soruşuram. Demir.

Ərimə görə gəldim bura, uşaqlarla tək qalmışam

Gənc qadın iki azyaşlı qızla içəri daxil olur. Məsum, dərdli bir görünüşü var. Söhbətə çəkirəm. Məlum olur ki, Masallı rayonun Digah kəndindəndir. Adı Leyladır.

- Həyat yoldaşım Məmmədov Kamal burdadır. Ona "peredaça" gətirmişəm.

-Nəyə görə həbs olunub?

- Dava etdiyinə görə.

-Çoxdan tutulub?

- Hələ bir ili tamam olmayıb. Dörd il "iş" kəsilib.

Hiss edirəm ki, dərdlərini paylaşmağa ehtiyac duyur. Problemləri ilə maraqlanıram.

- Çətindir.Yanına gedib-gəlmək olmur. Ona görə də rayondan bura köçdüm. Dedim bir qədər yaxında olum. Bununla təskinlik tapıram. Üç qızımız var. Dərzi işləyirəm. Xırdalanda kirayə tutduğum ev həm də iş yerimdir. Balalarımı saxlayıram, ayda iki dəfə yoldaşımın yanına gəlirəm. Uşaqlardan ikisi dərsə getməlidir. Balacamızı baxça yaşı çatıb. Nə məktəb, nə də baxça alınır. Adamı boynubükük görəndə heç salamını da almırlar. Yoldaşım da istəyir ki, uşaqlar oxusun. Rayonda İş tapmaq olmur, qohum-qardaş da öz hayındadır. Kasıbçılıq hamını xəcalətli edib…

"Avropaya" qədər gedəcəm, dinc oturmayacam"

Azər Qədirov Zərdab rayonundandır. Onun həbsxana qapısında siqareti siqaretə calamasına səbəb qardaşı Zaurdur.

-Apelyasiya məhkəməsi "fıs" çıxdı. Hökmü qüvvədə saxladı. Qardaşıma 4 il veriblər. Maşınından 12 qram heroin tapılıb. Üzünə peşəkar şahidləri durğuzdular. Hamı da bilir ki, bu, belə deyil.

Zaur hərbiçi imiş, 11 il Milli Orduda xidmət edib.

- Tovuzda emənilərlə təmas xəttində yerləşən hərbi hissənin giziri idi. Həbsi isə sifarişlilidir. Dörd oğulu var. İndiyə qədər heç siqaret də çəkməyib… Amma narkotiklə həbs olundu. Boş şeydi, sadəcə o, çox şeyi bilirdi və bildiklərinə də bir neçə dəfə etiraz etmişdi. Onu başqa cür tuta bilmədilər.

Ümüdümüz Ali Məhkəməyədir. Avropa Məhkəməsinə qədər gedəcəm, dinc oturmayacam.

Hakim dedi, nəyin var, get gətir

"Gədəbəyin gözəl Şınıxındanam!" Oğlu Vüqarın görüşünə gələn Pakizə Kərimova özünü belə təqdim etdi.

- Oğluma 7 il "iş" kəsdilər. Yana-yana, göynəyə-göynəyə qaldım. Hələ də tüstülənirəm. Qardaş, belə işmi olar, belə nainsaflıqmı olar?.. Üç ili bu noyabrda tamam olacaq. Yoldaşı hamilə idi o tutlanda. İndi uşağının üç yaşı var, heç balasının üzünü də görməyib yazıq balam. Ev tikmişdi, yarımçıq qaldı. Sumqayıtda olurduq.

Tutilmağının səəbini soruşuruq.

- Qudurmuşun biri var, ciyəri yanmış əslən qubadlıdandır. Erməni köpəyoğlu elə bil balama qənim kəsilmək üçün onu qovub ordan. Həmin o gədə gəlinimə söz atıb. Gəlinim də yoldaşına deyib. Balam da gedib ki, adə, bu nə oğraşlıqdır? Sən necə baxarsan sənin arvadına sataşsalar? O da qayıdıb söyüb ki, mənim arvadıma söz deyəni belə-belə eləyərəm. Pis söyüb. Dava düşüb. Onun əlində bıçaq varmış, oğlum bıçağı alıb, yortub onun özünə. Burda nə var ki! Elə hər namusu olan belə edərdi də. Guya oğluma iş verən hakimin arvadına sataşsaydılar, gedib o adamla çay içər, şəkil çəkdirərdi? O da onu vurardı da.

500 manatın faizi

Yaylığının ucu ilə alnının tərini silir:

- 7 il çoxdur. Sumqayıtda Apellyasiya Məhkəməsinin hakimi var - Lətifə xanım. Dedi, sənin oğluna çox iş veriblər, düzüb-qoşarıq, salarıq işini aşağa. Get, nəyin var, gətir! 500 manat faizlə pul tapdım gətirdim. Baxdı, dedi ki, məni dolamısan, buna nə etmək olar? Sən demə, ili min manat imiş. 4000 verə bilsəydim, uşağın cəzası 3 ilə qədər enəcəkdi. İnan, hələ də o 500 manatın faizini verirəm, toplayıb qaytara bilməmişəm.

Xudafizləşirəm. Bir vaxt daşa basmağı unutduğum həbsxana qapısının qarşısında kədər, ümüdsiz, yorğun, nigaran simalı insanları qoyub geri dönürəm.

Bir vaxtlar mənim yanıma gələn doğmalarım gəlir gözlərimin qarşısına…

Tarix
2013.11.02 / 21:46
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla