Ana səhifə Gündəm |
Bu gün sabiq deputat, adı ABU-nun keçmiş rektoru Elşad
Abdullayevlə rüşvət qalmaqalında hallanan Gülər Əhmədovanın məhkəmə
prosesi davam edəcək.
"Axar.az" xəbər verir ki, "Aznews.az"a daxil olan məlumata görə,
G.Əhmədovanın vəkili icazəsiz video çəkilişdən məhkəmədə sübut kimi
istifadə edilməməsi üçün vəsatət qaldıracaq. Ancaq bununla bağlı
Konstitusiya Məhkəməsindən qanunun müvafiq maddəsinə şərh almaq
mümkün olmayıb.
Buna görə də G.Əhmədovanın müdafiəçiləri qanunun bu maddəsi ilə
bağlı Ukrayna Konstitusiya Məhkəməsinin şərhindən istifadə etməyi
nəzərdə tutub.
Sözügedən şərh G.Əhmədovanın keçmiş vəkili, məhkəmə ərəfəsində
G.Əhmədova ilə müqaviləsinə xitam verilən Raqif Mustafayev
tərəfindən əldə edilib. Ancaq məhkəmədə R.Mustafayev G.Əhmədovanın
vəkili kimi çıxış etmədiyindən, sözügedən şərhdən hansı formada
istifadə ediləcəyi hələlik məlum deyil.
Xəbəri təsdiqləyən R.Mustafayev bildirib ki, qanunsuz çəkiliş və
səs yazısından məhkəmədə sübut kimi istifadə olunmaması barədə
Ukrayna Konstitusiya Məhkəməsinin şərhini o, şəxsi təşəbbüsü ilə
əldə edib:
"Bizim Konstitusiya Məhkəməsi belə şərh vermədi. Ona görə də mən
istintaq müddətində bu barədə araşdırma apardım. Ukrayna və
Azərbaycan Konstitusiyaları oxşardır. Bizim Konstitusiya
Məhkəməsindən fərqli olaraq, Ukraynanın Konstitusiya Məhkəməsi
qanunun müvafiq maddəsinə şərh verib və həmin şərhdən məhkəmə
prosesində istifadə nəzərdə tutulur. Ancaq mən daha Gülər
Əhmədovanın vəkili deyiləm və topladığım bütün materialları digər
vəkilə təqdim etmişəm. Onun məhkəmədə həmin materialdan necə
istifadə edəcəyini isə söyləyə bilmərəm".
Tarix
2013.10.28 / 10:52
|
Müəllif
Axar.az
|