Ana səhifə Yazarlar |
Mirmehdinin yaxınlarda çapdan çıxmış "Küləyi dişləyən" adlı
romanını birnəfəsə oxudum. Varaqlayırdım ki, oxumayım, çünki başqa
bir əsərlə məşğul idim. Daha böyük, daha mürəkkəb və daha ağır
roman oxumaqdaydım. Bu, Nəriman Əbdürrəhmanlının "Yolçu" romanı
idi. Necə deyərlər, romanı romana qatmaq istəmirdim. Amma qatdım.
Bəlkə də belə daha yaxşı oldu.
Təsadüf qəribə bir qanunauyğunluq ortaya qoydu. Son dövrün ən
mürəkkəb romanı və ən sadə romanı barədə aydın təsəvvürüm oldu.
Amma bu ilk baxışda belə göründü. Nərimandakı mürəkkəbliyin
arxasında munis bir həzinliyə bürünmüş sadəlik, Mirmehdidə isə
sadəliyin arxasındakı möhtəşəm əzəmət məni valeh elədi. "Yolçu"
barədə hələ yazmağa, ümid edirəm ki, imkanım olacaq. Oxuyum
qurtarım, sonra. "Küləyi dişləyən" isə məni susmağa qoymur.
Bəri başdan deyim ki, mən, əlbəttə ki, tənqidçilik eləmək fikrindən
uzağam. Öz təəssüratımı kimin üçün maraqlıdısa, onunla bölüşürəm.
Mənə elə gəldi ki, haqqında danışdığım bu həcmcə kiçik roman,
əslində, çox böyük mətləblər qaldırır. Elə bil, romanın çəkisi ilə
qaldırdığı mətləblərin çəkisi bir-birinə uyğun gəlmir, belə halda
pəhləvanları ağırlıq daşlarına yaxın buraxmırlar. Amma roman öz
görünüşünün çərçivəsindən çıxıb bu ağırlığı əvvəlcə döşünə ala
bilir, sonra da yuxarı qaldırır.
Çox incə və həssas psixoloji bir durum açılır. Mən Azərbaycan
ədəbiyyatının başqa bir misalında bunca incə psixoloji məqamla
hansısa bir romançının uğraşmasını xatırlamıram. Dünya ədəbiyyatı
səviyyəsində! Təxminən, bizim alışdığımız məntiq və dillə desək,
quşu açıb qəfəsdən buraxırlar, o isə uçmaq istəmir, yenidən qəfəsə
qayıdır.
Kiminsə yadına bu gözəl deyimin roman dolumu gəlirmi
ədəbiyyatımızda? Mənim yadıma gəlmir. "Küləyi dişləyən"dən sonra bu
boşluq da doldu. Nəsə məni axır zamanlar şerimizdə, nəsrimizdə,
dramaturgiyamızda özünü aşkar göstərən boşluqlar düşündürür.
Salamın doldurduğu boşluq, Etimadın doldurduğu boşluq, Fəxrinin,
Aqşinin, Qismətin, Əlişirin Şükürlünün, Kəramətin, Şərifin,
Kənanın, daha kimlərin doldurduğu boşluqlar…
Nəsr təfəkkürümüzdə bihudə zəhmətlə bağlı nə isə tapmaq bəlkə də
mümkün olardı, amma sən nifrət etdiyin bir işlə, səni insanlıqdan
çıxaran, zombiyə çevirmək istəyən bir proseslə elə
qaynayıb-qarışırsan ki, onun tərkibinə elə çevrilirsən ki, daha
bilinmir, sən bu prosesin içindəsən, yoxsa bu proses sənin içində
yatıb qalıbmış doğma övlad kimi… Bax bunu tapmaq mümkün deyil. Sən
bu prosesi o qədər özləmisən ki, bəlkə də bir məqam gələ bilər,
bəlkə də o məqam gəlib, sən Generala da səni bu zülmə düçar etdiyi
üçün qəlbində hiss keçirmək bacarığı qalıbsa, hətta ona da sevgi
duya bilərsən, ona da minnətdarlıq hiss edərsən. General qızı da,
xoş xəyallar da, isti, rahat gələcək də səni artıq özünə cəlb
eləməz, sən Kafkanın Qreqor Zambasına çevrilmə yolunun lap
başlanğıcındasan, özünün bundan xəbərin yox…
Sən nifrət elədiyin bir işlə ləzzətlə uğraşmağa davam edirsən, amma
sən qəti mazoxist deyilsən, çıxış yolu bunda deyil səninçün, bu
sənin bəraətin deyil.
Roman dəhşətli dərəcədə neytral bir üslubda yazılıb. Müəllif qələmə
aldığı hadisələrlə təqdim etdiyi təsvirin ideal tonallığını çox
gözəl tapıb. İntonasiya, əsasən pozulmur. Abzaslar səviyyəsində
(hə, onu da deyim ki, romandakı bölgülər də adekvat qəbuletməyə
xidməti ədəbi ləyaqətlə yerinə yetirir), səni sıxan, əsərin ümumi
məngənəsindən itələyib çıxaran moment yoxdur. Oxucu sonadək müəllif
tərəfindən salındığı "priyom"dan xilas ola bilmir, əsərin sirli
cazibəsindən çıxmır. Uçqundan tələf olan əlyazma müəlifinin
(romanın qəhrəmanının) cəsədinin daşların altından çıxmış qolu
mənim gözümün qabağından getmir.
Bunu yazdım və düşündüm ki, sonadək səmimi olsam, gərək yazaydım –
var elə moment ki, məni düşdüyüm tonallıqdan çıxarır. Bu, müəllifin
lüzumsuz özünü sətirlərin arasından kiməsə göstərmək cəhdidir. Bu,
tez- tez baş vermir. Amma onlar var. Məni diksindirən vulqarizmləri
nəzərdə tuturam. Əzizi-mən, lazım deyil! Sən kiməsə demək
istəyirsən ki, dayanın, baxın, mən də sizin kimi cəsarətliyəm.
Sənin bu reverans etdiklərin yel olub sənin mətninin yanından da
keçə bilməzlər. Sənin belə reveranslara ehtiyacın yoxdur. Pardon,
sənin mətninin buna ehtiyacı yoxdur. Qətiyyən yoxdur! Sakit,
normal, yeni Azərbaycan nəsri formalaşır, bu vulqarizmlərin
hesabına deyil. Etimadda bu yoxdu, Şərifdə bu yoxdu, Uğurluda bu
yoxdu, səndə də olmasaydı… Sən unutmamalısan ki, sən təkcə
küləkdişləyən deyilsən, sən həm də boşluqdolduransan.
Ağır yükün altına girmisən, qardaş. Nədənsə, mənə elə gəlir ki, bu
ağırlığın dərəcə və ən əsası, siqlətinin nə qədərinə, lap elə belə
deyəcəyəm, cahanşümul olmasından xəbərin yoxdu. Heç bəlkə o
adlarını çəkdiklərimin də özlərinin özlərindən xəbəri yoxdu. Mətnin
isə bundan artıq xəbəri var. O Mətn, belə olmasaydı, sənə imkan
verməzdi ki, onu bu möhtəşəm hala salasan. Sən Mətnin seçmiş olduğu
sirdaşlardansan.
Əlyazmalarla söhbət eləməyə çalışanların sırasında səni də görmək
çox xoşdur.
kulis.az
Tarix
2013.11.07 / 12:43
|
Müəllif
Kamal Abdulla
|