Ana səhifə Kult |
Umberto Eko:
"İnternetin inkişafinın qarşısını almaq mümkün deyil"
Qədimdə hətta yazmağı bacaranlar da insanlarda qorxu
yaradırdı.
İndi isə İnternet ətrafında müzakirələr səngimək bilmir. Düzgün
istifadə edilsə, onun gəncliyə böyük faydası dəyər, əlbəttə, ondan
asılı vəziyyətə düşmək də qaçılmazdır.
Bu yaxınlarda "Espresso" dərgisində mənim xəyali nəvəmə yazdığım
məktubum yayınlandı.
O məktubda mən nəvəmi həmişə İnternetin verdiyi informasiyaya
arxalanmaq yerinə öz yaddaşını məşq etdirməyə
çağırırdım.
Bunun ardınca bloqların birində məni İnternetin düşməni elan
etdilər.
Bu, magistral yolda sərxoş halda, yaxud saatda 180 km sürətlə maşın
sürməyə qarşı çıxan birisini tənqid atəşinə tutmağa
bənzəyir.
Axı ortaya belə mövqe qoymaq heç də avtomobildən imtina etməyə
çağırmaq anlamına gəlmir.
Bir müddət əvvəl isə elə həmin "Espresso"nun səhifələrində Eujenio
Skalfari (Eugenio Scalfari – italyan jurnalisti, "Espresso"
jurnalının redaktoru) məni informasiya mənbəyi kimi İnternetə
həddən artıq arxalanmaqda günahlandırmışdı. Bu mənim son
məqalələrimdən birində İtaliyada yayınlanan "İrs" adlı populyar bir
verilişdə baş alıb gedən cahilliyi qabartmağımdan sonra baş
vermişdi. Həmin verilişə görə, guya Hitler və Mussolini altmışıncı,
yetmişinci və hətta səksəninci illərdə də
yaşayıblar.
Skalfarinin fikrincə, yaddaşında məlumat saxlaya bilməyən insan
nəslini doğuran məhz süni yaddaş rolunu oynayan "on-line"dır. O
hesab edir ki, şəbəkənin mövcudluğu insanda dünyanın istənilən
nöqtəsində, istənilən şəxslə əlaqə qura bilmək illuziyası yaradır
ki, gerçək həyatda bu onu ancaq tənhalığa gətirib
çıxarır.
Yaddaşsızlıq və tənhalığın əsrimizin xəstəlikləri olması ilə tam
razıyam. Bu haqda çox yazmışam.
Amma görünür Skalfarinin Platonun "Fedr" əsərindəki yaddaşla bağlı
hissədən xəbəri yoxdur. Orda Firon tanrı Totu yazını ixtira etdiyi
üçün məzəmmət edir, guya yazının ucbatından insanlar yaddaşlarını
istifadə etmək vərdişini itirəcəklər. Sonra isə yazının insanları
oxunanları yadda saxlamağa vadar etdiyi məlum olur. Məhz yazının
sayəsində, Prustun yaddaşın imkanlarını tərənnüm edən "İtmiş
zamanın axtarışında" əsəri meydana çıxıb. Bir sözlə, internetdən
istifadə edə-edə yaddaşı inkişaf etdirmək, ordan götürülmüş
məlumatları yadda saxlamaq mümkündür.
İnterneti qəbul edib-etməmək heç bir şəkildə mübahisə mövzusu ola
bilməz. Bu cür mübahisələr televiziyanın sürətli inkişafı zamanı
artıq aparılıb. İnternet varlığını qoruyur və hər hansı mübahisə
onun axırına çıxa bilməz. İndi bizim qarşımızda duran əsas məsələ
İnternetin ortaya çıxması ilə yaranmış riskləri (göz önündəki)
qəbul etmək, bununla belə gənclərə ondan düzgün istifadə etməyi
öyrətməkdir.
Gəlin, şagirdlərinə müəyyən bir mövzuda araşdırma aparmaq tapşırığı
verən yaxşı müəllimi təsəvvürümüzə gətirək. O, şagirdlərinin
tapşırığın həllini heç bir çətinlik çəkmədən İnternetdən axtarıb
tapacaqlarını bilir.
Belə olan halda müəllim tələbəyə tapşırıqla bağlı ən azı on saytdan
məlumat tapmağı, onların fərqli tərəflərini ortaya çıxarmağı, hansı
saytın daha etibarlı mənbə olduğunu müəyyənləşdirməyi, nəticələri
yazılı mənbələrlə, yaxud heç olmasa ensiklopediyalarla tutuşdurmağı
tapşırmalıdır.
Onda uşaqlar axmaqcasına qadağadan yaxa qurtarıb, internetdən
məlumat əldə edəcəklər, həm də tapşırıq üzərində baş sındıraraq
nələrisə yadda saxlayacaqlar. Bundan əlavə məktəblilər əldə olunan
nəticələri müqayisə edər, öz aralarında tutuşdurar və tənhalıqdan
qurtularlar. Onlar bir-biri ilə disputun dadına
vararlar.
Əlbəttə, kompyuter ekranı ilə baş-başa qalmaqdan xilas ola
bilməyən, İnternet asılılığına qapılanlar olub və həmişə olacaq.
Əgər məktəb və müəllimlər uşaqları bu məşğuliyyətdən qoruya
bilməsələr, cəmiyyət onlarla da narkomanlar, onanistlər, rasistlər,
öncəgörən mistiklər, falçılar və s. bu qəbildən olan degenerativ
tiplər kimi qarşıdurmaya getməlidir. Özü də bu qarşıdurmanın sonu
görünməyəcək.
Bu gün belə "xəstələr"in həddən artıq çox olmasının səbəbi, əlli il
ərzində planet əhalisinin iki milyarddan yeddi milyarda qədər
artmasıdır. Bunun günahı isə heç də İnternetin gətirdiyi tənhalıq
deyil, insanlararası əlaqələrin həddən artıq
çoxalmasıdır.
("Espresso" dərgisi, İtaliya)
Çevirdi: Namiq Hüseynli
Tarix
2014.03.22 / 19:38
|
Müəllif
Axar.az
|