Ana səhifə İqtisadiyyat |
Bu gün ARDNŞ, "BP-Azərbaycan" şirkəti və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə "Neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi" mövzusunda tədbir keçirilib.
"Axar.az" Dövlət Neft Şirkətinin rəsmi saytına
istinadən məlumat verir ki, tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq
Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev,
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
Qordon Birrell və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə neft-qaz sektorunda milliləşdirmə və miqrasiya
məsələlərinin tənzimlənməsi üzrə görülmüş işlər və qarşıda duran
vəzifələr haqqında təqdimat nümayiş etdirilib. ARDNŞ-nin prezidenti
Rövnəq Abdullayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan
Prezidenti İlham Əliyevin "neft kapitalının insan kapitalına
çevrilməsi" fikri ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının
yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının tapşırıq və
tövsiyələrinə uyğun olaraq gənc neftçi mütəxəssislərin
hazırlanması, kadr potensialının cavanlaşdırılması və
müasirləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Görülən işlərdən ətraflı bəhs edən R.Abdullayev istedadlı gənc
mütəxəssislərin yetişdirilməsi, təhsildə fərqlənən tələbələrin
neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə
yiyələnməyə həvəsləndirilməsi istiqamətində həyata keçirilən işlər
haqqında danışıb. R.Abdullayev bildirib ki, Azərbaycanda əmək
bazarının hüquqi əsaslarının qorunması, miqrasiya qanunvericiliyinə
əməl edilməsi neft-qaz sektorunda çalışan əcnəbi şirkətlər üçün
mütləq şərtlərdən olmalıdır. ARDNŞ strateji istiqamətdə neft-qaz
sektoru kontingentinin milliləşdirilməsini, neft-qaz
əməliyyatlarının həyata keçirilməsi üçün lazım gələn
mütəxəssislərin Azərbaycanda, daxili qüvvələr hesabına
hazırlanmasını əsas hədəf götürüb. Lakin eyni zamanda ARDNŞ HPB
(hasilatın pay bölgüsü) sazişlərində Azərbaycan hökumətini təmsil
edən bir şirkət olaraq, zəruri hallarda əcnəbi mütəxəssislərin
minimal bir həddə respublikamızda çalışması üçün müvafiq dövlət
orqanları ilə xarici tərəfdaşları arasında danışıqlarda iştirak
edir, yaranan çətinliklərin aradan qaldırılmasında onlara dəstək
göstərir:
"Xüsusi vurğulamaq istəyirəm ki, Hasilatın Pay Bölgüsü sazişləri və
tərəfdaşlarla bağlanmış digər saziş və razılaşmalara əsasən həyata
keçirilən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə
milli kadrlarla əvəzlənməsi, bu məqsədlə təlim-tədris proseslərinin
təşkili, tərəfdaşlarla iş birliyinin yaradılması və inkişaf
etdirilməsi, bu sahələrdə məlumatların qarşılıqlı mübadiləsi və s.
bu kimi digər məsələlərin həllinə nəzarət gücləndiriləcək".
Tədbirdə çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə
üzrə regional prezidenti Q.Birrell bildirib ki, ARDNŞ və digər
əlaqədar dövlət qurumları ilə birgə Azərbaycanda neft və qaz
sahəsində ixtisaslaşan yerli işçi qüvvəsinin inkişafına yönəlmiş
səyləri birləşdirməyə imkan verəcək uzunmüddətli strategiyanın
razılaşdırılması istiqamətində işlər aparılır. Həm hökumət, həm də
BP və onun tərəfdaşları layihə və əməliyyatlara cəlb olunan işçi
qüvvəsinin böyük əksəriyyətinin azərbaycanlı kadrlar olmasında
maraqlıdır. Q.Birrel qeyd edib ki, bu gün imzalanan sənədlər
tərəfləri ortaq istəklərin gerçəkləşməsinə daha da
yaxınlaşdırır.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Tənzimlənməsi
Baş İdarəsinin rəisi İsmayıl Abdullayev ümid etdiyini bildirib ki,
imzalanan sənədlər azərbaycanlı mütəxəssislərin transmilli
şirkətlərin neft-qaz əməliyyatlarında daha səmərəli iştirak
etməsinə şərait yaradacaq.
Sonra sənədlərin imzalanması mərasimi keçirilib. Mərasimdə BP və
ARDNŞ arasında üç əməkdaşlıq sənədi - "BP-nin idarə etdiyi
layihələrə cəlb edilmiş kadrların milliləşdirilməsi sahəsində
əməkdaşlığa dair ARDNŞ və BP arasında protokol", "Qobustan Regional
Təlim Mərkəzində yerli işçi qüvvəsinin təlimi sahəsində əməkdaşlıq
barədə ARDNŞ ilə BP arasında anlaşma memorandumu" və "Bakı Ali Neft
Məktəbində təhsil sahəsində əməkdaşlığa dair ARDNŞ ilə BP arasında
anlaşma memorandumu" imzalanıb.
Tarix
2013.11.14 / 21:44
|
Müəllif
Axar.az
|