Yuxarı

"Azercell" təkzib edir, abunəçilər təsdiq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azercell" ünvanına səslənən "müdhiş fırıldaq" iradını rədd edir

Ekspertlər isə lider şirkətin müştəriləri aldatmasını təsdiqləyir

"Azercell" Telekom MMC ən çox bazar payı və 4 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur".

Azercell.com saytında şirkət haqqında ilk məlumat bu sözlərlə başlayır. Amma 4 milyondan çox istifadəçisi olan mobil operatorun xidmətindən abunəçilərin demək olar ki, əksəriyyəti narazılıq edir. Ümumiyyətlə, Azərbaycanda mobil operatorların, o cümlədən də "Azercell"in xidmət haqqının baha olmasından istifadəçilər şikayətçidir.

Digər narazılıq isə istifadəçilərin sim nömrəsinə davamlı göndərilən reklam xarakterli kampaniyalarla bağlıdır.

Axar.az saytı da 20 noyabr 2013-cü ildə "Azercell"-in müdhiş fırıldaqları" başlıqlı yazısında bu məsələyə toxunub. Yazı müəllifi qeyd edib ki, "Azercell" şirkəti müxtəlif üsullarla abonentlərindən külli miqdarda pul mənimsəyir. "Bölgələrdə xüsusi tarifdən yararlan!" kampaniyasından misal çəkən müəllif yazır ki, "Bölgə tarifinə qoşuldunuz! Bakı və Abseron 1dəq = 10qəp. Bölgələr 1 dəq = 5 qəp və 3-cü dəq. sonra pulsuz" mesajı yalançı reklamdır. Çünki bu məlumat Bakı və Abşeron ərazisindəkilərə şamil olunmur və bu barədə ilk mesajda məlumat verilmir.

Pulsuz data-karta 10 ay pul xərcləməlisən

Yaxud "Pulsuz data-kart alın" mesajını müəllif "Azercell" şirkətinin daha bir fırıldağı adlandıraraq şirkətin internet istifadəçilərinə data-kart satması ilə əlaqələndirib: "Ancaq bu data-kart pulsuz verilsə də, maya dəyərinin iki qatından da çoxunu şirkət həmin istifadəçidən tutur. Satış zamanı istifadəçiyə satış nöqtəsində heç bir müqavilə və şərtlər təqdim olunmur. Lakin istifadəçinin şəxsiyyət vəsiqəsinin surəti satıcı tərəfindən götürülür. Bir müddət sonra data-kartı işlədib-işlətməməsindən asılı olmayaraq şirkətə 10 ay pul ödəməyə məcbur edilir. Birinci ay 5 AZN, növbəti 9 ay isə 10 AZN pul ödəməlidir. Bu da ümumilikdə 95 AZN təşkil edir. Beləliklə, bir data-kart istifadəçiyə 95 manata başa gəlir. İstifadəçi bu pulu ödəmədiyi təqdirdə məhkəməyə verilərək cərimə olunur. Eyni zamanda, internetdən istifadə edərkən istifadəçilərin balansına yüksək miqdarda borclar da yazılır".

"50.000 xal qazandın" oyunu 118 qəpik tuturmuş...

Daha bir irad isə "TƏBRİKLƏR! 50.000 xal QAZANDIN!!! 8228-ə elə indi SMS göndər, xallar balansına keçsin!" müsabiqədə iştirak mesajı ilə bağlıdır. Qazanc əldə etmək həvəsində olan abonent mesaj göndərdikdə müəllif yazır ki, balansından 1.18 manat (118 qəpik) pul çıxılır və əvəzində o, sadəcə, müsabiqəyə real olaraq qoşulmuş milyonlarla sms-dən birinin sahibi olur.

"Sindibad" bəlası...

Daha sonra məqalədə yazılıb ki, şirkətin fırıldaqlarından biri də onun kontakt provayderi olan "Sindibad" şirkəti ilə bağlıdır: ""Azercell" abonentləri şikayət edir ki, hər ay balanslarından məchul istiqamətlərə pul çıxırlar. Müştəri xidmətləri ilə əlaqə saxladıqda isə deyilir ki, siz "Sindibad"a qoşulmusuz və bu pullar ona görə çıxılır. "Azercell"in "Facebook" səhifəsində bununla bağlı yetərincə şikayət var. Abonentlər and-aman edir ki, onlar bu xidmətə qoşulmayıblar və bu onların istəklərindən kənarda baş verir. Bəs əslində nə baş verir? "Azercell" şirkətinə milyonlar qazandıran provayder şirkətlər öz xərclədikləri pulun müqabilində "Azercell" abonentlərinin xəbəri olmadan onları hansısa internet xidmətinə abunə edir... Təəssüf ki, media reklam müqaviləsinə sadiq qalaraq, "Azercell" şirkətinin abonentlərin cibinə girməsi faktlarını işıqlandırmır" .

"Azercell Telekom" təəssüf edir: "Məqalə qərəzli və əsassızdır"

"Azercell Telekom" MMC sadalanan iradlara cavab olaraq Publika.Az saytına təkzib məktubu ünvanlayıb. Məktubda bildirilir ki, yazılanlar qərəzli və əsassızdır. Odur ki, şirkət mövzu ilə bağlı mövqeyinin saytda işıqlandırılmasını xahiş edib.

Məktubda bildilir: "Məqalədə "Söz azadlığı, insani dəyərlərə hörmət kimi məfhumları əsas tutduğunu hesab edən media orqanında "Azercell" şirkəti müxtəlif üsullarla abonentlərindən külli miqdarda pul mənimsəyir", "Şirkətin abonentləri aldadaraq külli miqdarda pul qazandığı saysız-hesabsız fırıldaq maxinasiyaları var", "təəssüf ki, media reklam müqaviləsinə sadiq qalaraq, "Azercell" şirkətinin abonentlərin cibinə girdiyini və min fırıldaqla, dərisini soyduğu barədə faktları işıqlandırmır" kimi qərəzli, əsassız ifadələrdən ibarət məqalənin dərc edilməsi təəssüf hissi doğurur.

Məqalədə müəllif "Bölgə" tarifi ilə bağlı "Azercell Telekom" MMC tərəfindən abunəçilərin telefonlarına göndərilən sms-lərdə fırıldağa yol verildiyini iddia edir. Belə ki, məqalə müəllifi iddia edir ki, abunəçiyə göndərilən ilk sms-də tarif planı tam şəkildə izah olunmur. Qeyd edək ki, "Bölgə" tarifi adından da göründüyü kimi ölkəmizin bölgələri üçün nəzərdə tutulub, müvafiq olaraq da Bakı və Abşeron xaric bütün ərazilərə şamil edilir. "Bölgə" tarifinın əksər şərtləri "Azercell Telekom" MMC-nin ötən il istifadəyə verdiyi "Bölgəm" kampaniyası ilə eynidir. Məlumat xarakterli SMS alan abunəçinin və ümumiyyətlə, "Azercell Telekom" MMC-nin abunəçilərinin hamısında bu kampaniya və "Bölgə" tarifi haqqında kifayət qədər məlumat var. Belə ki, bu barədə KİV-də kifayət qədər ətraflı məlumatlar yayımlanıb. Üstəlik, həmin kampaniyada iştirak etmiş abunəçilər müvafiq "Bölgə" tarifindən yararlanmaq imkanı əldə etmişlər. Həmçinin, abunəçilər "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, qüvvədə olan tariflər (o cümlədən "Bölgə" tarifi) və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə müraciət etməklə əldə etmək imkanına malikdirlər. Göstərilənləri nəzərə alaraq məqalədə qeyd edilənlər əsassızdır".

Məktubda daha sonra qeyd edilir ki, müəllif məqalədə eyni zamanda "Azercell" şirkətinin daha bir fırıldağının internet istifadəçiləri üçün satdığı data-kartla bağlı olduğunu iddia edir: "Qeyd olunur ki, "Azercell" ilə əməkdaşlıq edən telefon dükanlarında və ya başqa satış yerlərində bu data-kartlar pulsuzdur. Sadə vətəndaş isə "pulsuz" sözünü eşidib data-kartı sevə-sevə alır. Lazım olan da, olmayan da. Ancaq bu data-kart pulsuz verilsə də, maya dəyərinin iki qatından da çoxunu şirkət həmin istifadəçidən tutur". Nəzərinizə çatdırırıq ki, "Azercell Telekom" MMC tərəfindən data-kartların satışı ilə bağlı 2 cür təklif movcuddur.

1. http://www.azercell.com/ru/personal/internet/internet_devices/#modem

Abunəçi cəmi 29 AZN ödəməklə data-kartı (3G MAX modem) əldə edir və sonra mövcud olan İnternet paketlərindən birini seçir, alır və xidmətlərdən istifadə etməyə başlayır.

2.http://www.azercell.com/ru/personal/internet/internet_packages/#.UpRCJmSzvhk

Abunəçi data-kart almaq istəmirsə, bunun üçün ona uyğun olan kampaniya təqdim edilir. Kampaniyanın şərtlərinə əsasən 10 faktura dövrü ərzində ayda 9 AZN ödəməklə hər ay 4 GB İnternet paketi əldə edir. Bu zaman abunəçi əldə etdiyi data-karta görə (3G MAX modem) ödəniş etmir. Yalnız kampaniya şərtlərində nəzərdə tutulan müddət bitməmiş, abunəçi xidmətlərdən imtina edərsə, onda abunəçidən data-kart (3G MAX modem) üçün müəyyən edilmiş 29 AZN məbləğ tələb olunur. Bundan əlavə kampaniyaya qoşulan abunəçilərdən ilk dəfə 1-ci natamam fakturada müvafiq İnternet paketi üçün müəyyən edilmiş məbləğə 50% endirim tətbiq edilir. Beləliklə birinci ay fakturalı xətt olduğuna görə, 9 manatın yarısı tutulur. 4,5 AZN və qalan 9 ay üçün 9 AZN tutulur. 9 ay * 9 AZN +4,50 AZN = 85,50 AZN. Bu rəqəm də müəllifin iddia etdiyi kimi 95 AZN deyil, 85 AZN təşkil edir və bu göstərilən məbləğ məhz abunəçinin bu müddət ərzində istifadə etdiyi 4 GB həcmli İnternet paketinə görə müəyyən edilmiş məbləğdir. Bu şərtlər də bütün reklam, kampaniya məlumatlarında, həmçinin satış nöqtələrində ətraflı şəkildə izah edilir, "Azercell Telekom" MMC-nin rəsmi internet səhifəsində də öz əksini (http://www.azercell.com/az/personal/internet/unlimited_internet/unlimited/#.UpRCp2Szvhk) tapıb. Bu səbəbdən də məqalədə göstərilənləri tam əsassız hesab edirik.

Məqalədə 8228 Uğurlu SMS xidməti ilə bağlı qeyd olunan iradlara gəlincə isə bildiririk ki, "Azercell Telekom" MMC tərəfindən təqdim edilən mobil rabitə xidmətləri çərçivəsində abunəçilər 8228 qısa nömrə vasitəsi ilə "Uğurlu SMS" lotoreyasında iştirak etmək imkanına malikdirlər. Müvafiq məzmun təminatı "Azercell Telekom" MMC-nin əməkdaşlıq etdiyi 3-cu şəxs ("ABC Content" MMC) tərəfindən həyata keçirilir. Abunəçilər müvafiq xidmətdən istifadə qaydaları, tarifləri ilə bağlı məlumatlar əldə etməsi üçün, həmçinin yükləmələrin məzmunu, keyfiyyəti və s. barədə mülahizələri əlaqədar məzmun təminatçısı olan "ABC Content" MMC-yə müraciət edə bilərlər.

Məqalədə Azercell-in kontakt provayderi olan "Sindibad" şirkəti ilə bağlı abunəçilərin narazılıqlarına da toxunulub: ""Azercell" abonentləri şikayət edir ki, hər ay balanslarından məchul istiqamətlərə pul çıxırlar. Müştəri xidmətləri ilə əlaqə saxladıqda isə deyilir ki, siz "Sindibad"a qoşulmuşuz və bu pullar ona görə çıxılır".

Məlumat üçün bildirək ki, "Azercell Telekom" MMC tərəfindən təqdim edilən mobil rabitə xidmətləri çərçivəsində abunəçilər məzmun təminatçısı olan "Sindbad" MMC tərəfindən verilən xidmətlərdən istifadə etmək imkanına malikdirlər. Abunəçilər müvafiq internet saytı vasitəsi ilə və ya müəyyən qısa nömrəsinə sorğu yazıb göndərməklə xidmətlərə abunəlik əldə edib pulsuz yükləmə (video klip, musiqi parçası, Java oyun və s.) etmək, yaxud müxtəlif internet saytlarda əməliyyatlar həyata keçirilməsi, məzmun və s. (qoroskop, müxtəlif əyləncəli testlər və başqaları) əldə edilməsi imkanına malikdir.

Nəzərinizə çatdırırıq ki, Abunə Müqaviləsinin müddəalarına əsasən "Azercell Telekom" MMC telekommunikasiya şəbəkəsindən istifadə etməklə üçüncü şəxs(lər) tərəfindən göstərilən xidmətlər və ya belə xidmətlərə görə verilən hesablar habelə, üçüncü şəxs(lər) tərəfindən rabitəyə müdaxiləyə görə məsuliyyət daşımır. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı tövsiyə edilir. Abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən xidmətləri həyata keçirən məzmun təminatçısı olan təşkilatlardan reklam məlumat xarakterli sms-lərin göndərilməməsi üçün "Azercell Telekom" MMC-yə, "Azercell Telekom" MMC-də öz növbəsində məzmun təminatçılarına müraciət edə bilər. Abunəçilər "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949\2002, Fakturalı xətt abunəçiləri (012) 4905252\6565, E- poçt: [email protected]; [email protected], o cümlədən online müştəri xidmətləri\şəxsi kabinetim) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Bundan başqa, abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən xidmətlərdən imtina etmək üçün "Stop" sözünü müvafiq qısa nömrəyə göndərə bilərlər. Abunəçilər müvafiq xidmətdən istifadə qaydaları, tarifləri ilə bağlı məlumatlar əldə etməsi üçün, həmçinin yükləmələrin məzmunu, keyfiyyəti və s. barədə mülahizələri əlaqədar məzmun təminatçısı olan təşkilatlara müraciət edə bilərlər. Həmçinin də, müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən xidmətlər həyata keçirən məzmun təminatçısı olan təşkilatlara da birbaşa müraciət edərək iştiraklarını dayandıra, reklam\məlumat xarakterli SMS-lərin göndərilməməsini xahiş edə bilərlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin şirkətimizdə mövcud olan prosedura və təlimatlara əsasən "Azercell Telekom" MMC-yə hər hansı müraciət daxil olduqda lazımı araşdırmalar aparıldıqdan sonra yoxlanılmış konkret məsələyə dair ətraflı izahlar, cavablar müvafiq müddət ərzində təqdim olunur. "Azercell Telekom" MMC ilə KİV arasında da çox sıx əməkdaşlıq mövcuddur. Hər hansı abunəçinin, 3-cü şəxsin və yaxud KİV nümayəndəsinin müraciətinə baxılmaması, vaxtında cavablanmamağı, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa, aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün "Azercell Telekom" MMC-yə təqdim etməyinizi xahiş edirik".

Müştəri "Azercell"lə "Sindibad"ın oyununa düşüb ciddi əsəb keçirir

İKT üzrə ekspert Cahid İsmayıloğlunun bildirdiyinə görə, vətəndaşlar hər hansı bir mobil operatordan mesaj aldıqda onun məzmununa diqqət etməlidir, çünki bu mesajlar çox hallarda aldadıcı olur: "Məsələn, "50 min xal qazandın" mesajında abonenti aldadaraq məcbur edirlər ki, istifadəçi təsdiq kodunu mesaj gələn nömrəyə göndərsin. Bu da istifadəçilərdə ciddi narazılıq doğurur. Yaxud "Sindibad"la bağlı sms-lər istifadəçinin öz razılıq mesajını aldıqdan sonra gəlsə də, abonent sonradan bunu əhəmiyyətli olmadığını bilib imtina etmək istədikdə "Azercell" onu üçüncü tərəfə - "Sindibad"a yönəldir. "Sindibad" müştəri üçün əlçatan olmadıqda, istifadəçi ötür-ötür oyununa düşür, vaxt, enerji itkisindən yorulur və ciddi əsəb keçirir".

Hüquqşünas İradə Cavadova: "Azercell" birbaşa istehlakçı hüquqlarını pozur"

Hüquqşünas İradə Cavadova isə bizimlə söhbətində dedi ki, rəhbərlik etdiyi İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinə mobil operatorların fəaliyyəti ilə bağlı bir çox şikayətlər daxil olub. Araşdırdıqda isə məlum olub ki, bu faktlar birbaşa istehlakçı hüquqlarını pozur:

"Azərbaycan mobil operator bazarında inhisarı əldə saxlayan ən güclü şirkət "Azercell"dir. Bu şirkət vətəndaşla mübahisəsində bəzən gücündən istifadə edərək hətta məhkəmələrə də təzyiq edə bilir. Bizə bir şikayətçi müraciət etmişdi - Elnarə Həşimova. O, Koreya Respublikasında işgüzar səfərdə olub. Səfər müddətində onun 1 manatlıq internet balansı olmasına baxmayaraq, özündən xəbərsiz ona balans artırılıb və 3 mindən çox borc gəlib. Bu səbəbdən onun sim nömrəsi artıq uzun müddətdir ki, bağlanıb. Halbuki buna "Azercell"in hüququ çatmır. Bu xanımın işgüzar səfəri faktiki boşa çıxıb və o ziyana məruz qalıb. Birlik adından "Azercell"ə etdiyimiz məktublara da heç bir cavab verilmir, məsuliyyətsizlik edilir. Vətəndaş hazırda məhkəməyə müraciət edib. Digər bir vətəndaş da ölkə daxilində eyni vəziyyətlə üzləşib".

"Stop" komandası çox hallarda işlək olmur

Hüquqşünas həmçinin vətəndaşlara təklif edilən reklam sms-lərindən imtina xidmətlərinin çox hallarda işlək olmadığını dedi: "Məsələn, mən "Stop" komandasından istifadə etsəm də, heç bir faydası olmayıb. Əslində başqa operatorla keçmək niyyətindəyəm, amma əlaqə vasitələrini bu nömrə üzərində qurmuşam deyə, "Azercell"dən istifadə etmək məcburiyyətindəyəm. Halbuki mən passiv istifadəçiyəm, bu nömrə yalnız zəng üçün mənə yararlıdır".

Taariflər olduqca bahalıdır

İradə Cavadova taariflərin bahalı olmasından da narazılıq etdi:

"Həmçinin mobil operatorun müştəri ilə bağladığı müqavilə o qədər kiçik şriftlə verilir ki, istifadəçi onu oxuya bilmir və yazılanlardan xəbərsiz imzalayır. Ümumiyyətlə, Azərbaycanda mobil operatorlarla bağlı vətəndaşların yaşadığı problem olduqca çoxdur".

Ekspert Osman Gündüz: "Mobil operatorla istifadəçi arasındakı müqavilə anlaşıqlı dildə olmalıdır"

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, mobil operatorla müştəri arasında bağlanan müqaviləyə önəm verilməlidir. Mobil operatorun "Sim" və digər nömrələrini aldıqda isə müştərilər müqaviləni oxumur:

"Müştəri əgər mobil operatorun hər hansı kampaniyasına qoşulursa, belə məsələlər operatorla istifadəçi arasında olan müqavilə ilə tənzimlənir. Amma adətən bu müqavilələri heç kim oxumadan imzalayır. Həmin müqavilələr də kifayət qədər mücərrəd hazırlanır. Məsələlər dəqiqliklə öz əksini tapmır. Ona görə burda vacibdir ki, vətəndaşlar hansısa kampaniyaya qoşulanda, ümumiyyətlə xidmətdən istifadə edəndə müqavilədə yazılanları diqqətlə oxusun, təklif onu qane etmədikdə imtina etsin. Müqavilələr mütləq anlaşıqlı dildə tərtib olunmalıdır. Abonent hər hansı kampaniyaya qoşulmazdan öncə onun şərtləri ilə diqqətlə tanış olmalıdır. O şərtlərdə operatorun reklam göndərməsi qeyd edilməyibsə, o zaman mobil operatorun abonentə reklam göndərməsi qanunsuzdur. Ümumiyyətlə, Azərbaycan məkanında mobil operatorların müqavilə məsələsinə aydınlıq gətirilməlidir, elə etmək lazımdır ki, istifadəçinin hüquqları tapdanmasın!"

Tarix
2013.12.03 / 00:18
Müəllif
Sevinc Hilalqızı
Şərhlər
Digər xəbərlər

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla