Yuxarı

Təyyarələrimizin ana dili

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir necə gün öncə Ukraynadan qayıtdım...

Təəssüratlar, beynimdə dolaşan suallar, cavablarla... Bir də təəssüflərlə təbii...

Həmişə Azərbaycandan ayrılanda da, ona qovuşanda da içimdə qarışıq hisslər olur, bilmirəm öz vətənimə qayıtdığıma görə sevinim, ya kədərlənim!? Bu iki hissin arasında var-gəl edib, sonra da özümü inandırmağa çalışıram ki, hələ heç nəyin sonu deyil.

Amma illərdir ki, başlanğıc da gəlib çıxmır və mən hər dəfə başqa bir ölkəyə gedib qayıtdıqdan sonra cavabı alınmayan sualların sayı çoxalır.

Kiyevdə üzərində Azərbaycanın bayrağı olan təyyarəyə mindim, elə ilk anda qanım qaraldı, çünki mən bələdçi xanımla öz dilimdə salamlaşdım, o isə mənə rus dilində cavab verdi. Dişlərimi sıxıb dözdüm, amma deyim ki, artıq bizim üçün adi sayılan hal məni gözlədiyimdən daha artıq qəzəbləndirdi. Bəlkə də ona görə ki, yenicə elə bir ölkədən ayrılmışdım ki, orda adamın yabançı olduğunu bilə-bilə öz dillərində danışırdılar, ancaq xahiş etdikdən sonra rus dilində ünsiyyət saxlayırdılar. Elə bir ölkədən qayıdırdım ki, orda xalq meydana çıxıb seçmək istədiyi yoldan onu sapdırmaq istəyənlərin iradəsinə qarşı getmək cəsarətini nümayiş etdirirdi. O ölkədən ki, burda kimsə vətənpərvərliyi arealizm, millətçiliyi geriçilik adlandırıb rişxənd etmirdi.

Bir söz demədim, ukrayinalılar kimi üsyan etmədim...

Təyyarədə xidmət başladı və bələdçilər hamı ilə ucdantutma rus dilində danışmasına bu dəfə dözə bilmədim. Bələdçi xanımdan şikayət kitabını istədim. Təlaşlandı, səbəbini soruşdu, bu dəfə də rus dilində... Dedim, indi öz dilində bunu etməməyi xahiş etdi. Mən etiraz etdim və bildirdim ki, şikayətim xidmətlə, yeməklə bağlı olsaydı, keçərdim, düşünərdim ki, sizə nə verilirsə, onu da paylayırsınız. Amma dava yemək davası deyil.

Nə isə, mən şikayət kitabına öz iradımı yazdım və elə bu arada da orda yazılmış şikayətlərə baxdım. Məni ən çox öz vətəndaşlarımızın rəyləri maraqlandırdı. Sayları çox azdı, iki-üç nəfər yeməkdən şikayətlənmişdi, bir o qədər də öyrəşdiyimiz kimi, "öz ömründən kəsib" bələdçilərin, AZAL-ın ömrünə çalanmasını yazmışdı ki, təki həmişə belə xidmət etsinlər.

Bir az öncə ayrıldığım ölkədə insanlar indi mənim davasını döydüyüm problemi çoxdan arxada qoyublar. Onlar artıq gələcəkləri ilə bağlı problemləri masaya yatırır, bizsə hələ də öz dilimizdə danışmamağın davasını döyməklə məşğuluq.

Biz 22 il ərzində bu məsələni həll edə bilmədik, amma meydanlarda qoyub gəldiyim xalq artıq bu kimi xırda məsələləri çoxdan arxada qoymuşdu.

Təyyarədən enəndə bayaq mənə rus dilində cavab verən bələdçi indi öz dilində sağollaşdı. Bilirdim ki, bu dəyişmə qısa müddətlidir, ən çoxu bir gündən sonra bu hadisə onların yadından çıxacaqdı.

Amma nə olardı ki, heç olmasa həftədə bir sərnişin minəydi bu təyyarəyə və şikayət edəydi.

Yeməkdən deyil, öz dilinin "doğma" yadların əlində əsir qaldığından...

Tarix
2013.12.04 / 13:43
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla