Ana səhifə Yazarlar |
Şəms Təbrizi də bir qələndəri şeyxi idi və öz müridləri ilə birlikdə monqol ordusunun tərkibində Anadoluya gəlmişdi.
Əlbəttə ki, Şəms və onun müridləri döyüşlərə kənardan durub tamaşa etməmişdilər, əksinə onlar da monqollarla birlikdə döyüşmüş və monqol ordusunun Anadolu torpaqlarında törətdiyi qırğınlarda aktiv iştirakçı olmuşdular.
Monqollar Anadolunu tərk etdikdən, yəni Qeysəri qırğınından bir neçə ay sonra Şəms Təbrizi Konyaya gəlir və Cəlaləddin Rumi ilə görüşür. Mövləvi qaynaqlarında deyilənə görə, bu görüşdən sonra onlar xəlvətə çəkilmiş, təxminən üç il birlikdə yaşamış və bu müddət ərzində heç kimlə görüşməmişlər. Xəlvətə çəkildiklərinə görə, Mövlanə artıq mədrəsəyə də getmirmiş. Belə uzun müddət xəlvətdə qaldıqlarına görə, Mövlanə ilə Şəms arasında sevgi-məhəbbət münasibətlərinin olduğunu söyləyənlər də olub, amma onların arasında belə münasibətlərin olduğunu isbatlayan dəlillər olmadığndan nə bu fikirlərlə razılaşıram, nə də bu mövzuya toxunuram.
Onu da qeyd etməliyəm ki, Şəms Təbrizi ilə görüşəndə təxminən 37-38 yaşlarında olan Mövlanənin həmin vaxta qədər şer yazdığı məlum deyil. Məhz Şəms Təbrizi ilə tanışlıqdan sonra Mövlanənin içində çox qüdrətli bir şair oyanır və o, şeir yazmağa başlayır. Buradan belə nəticəyə gəlmək olar ki, xəlvətə çəkildikləri müddətdə Mövlanə Şəms Təbrizidən bir çox şeyləri, o cümlədən qədim İran mədəniyyətini və şeir sənətini öyrənib.
Beləliklə, Şəmslə görüşəndən sonra, Mövlanə şer yazmağa başalyır. Onun yazdığı şerləri oxuyanda Mövlanənin fitrətən şair və şeir yazmaqda çox böyük qabiliyyət sahibi olduğunu görürük. Bu, danılmazdır.
Çox güman ki, "Məsnəvi"nin 1-ci dəftərini də Mövlanə xəlvətdə ikən Şəms Təbrizi ilə birlikdə yazıb. Məhz 1-ci dəftərdə bu iki şəxs öz fikirlərini, fəlsəfi-təsəvvüfi görüşlərini, hətta hüluliyyə anlayışını izah ediblər. Bu dəftərdə nə sosial, nə də tarixi hadisələrdən söhbət açılır, yalnız ideoloji məsələlərə toxunulur.
Qələndərilərin bir çoxu kimi Şəms Təbrizi özü də "hüluliyyə" məzhəbinə mənsub idi. Məncə, bu məqamda "hülul" inancının nə olduğunu izah etməyə ehtiyac var. Məcusilərə görə, insan bol-bol riyazət (nəfsə qarşı çıxmaq, onun istədiklərini etməmək) və mücahidə (nəfsin istəmədiklərini etmək) edərək Allahın insana hülul (nüfuz) etməsinə nail olmaq mümkündür. Onların inancına görə, bu çalışmalar zamanı elə bir an yetişir ki, Allah insanın mənliyinə nüfuz (hülul) edir. Həmin andan etibarən, mənliyinə Allahın hülul etdiyi insan Allaha çevrilir və onun söylədiklərini də Allah söyləmiş olur. Burada qeyd etməliyəm ki, "hülul" anlayışı islama tərs bir inancdır və küfrdür.
Cəlaləddin Rumunin оğlu Sultan Vələdin "Vələdnamə" əsərindəki bir rəvayətə görə, Mövlanənın Şəmsə оlan еşqi-məhəbbəti, Musanın Xızır pеyğəmbərə оlan məhəbbəti kimi idi, yəni Musa peyğəmbər özünün rəsulluq məqamı, "Kəlimullah" ləqəbi ilə yеnidən Tanrı bəndələrini axtardığı kimi, Mövlanə da özünün ağlı-kamalı, hörməti-izzəti оla-оla yеnə də ağıl-kamal dalınca gəzir, özünə mürşid axtarırdı. Nəhayət ağıl-kamal və qеyrət timsalı оlan Şəmsəddini tapdı və оnun müridi оldu. Başını оnun qədəmlərinə qоydu və оnun Nuruyla Nurlandı.
Tarix
2013.11.13 / 09:53
|
Müəllif
Elşad Əliyev
|