Ana səhifə İqtisadiyyat |
Bu gün benzinin və neft məhsullarının qiymətinin qalxması barədə Tarif Şurasının qərarı qüvvəyə mindikdən sonra Vüqar Bayramova rəy bildirməsi üçün etdiyimiz müraciətə iqtisadçı-ekspert bir müddət əvvəl qələmə aldığı fikirlərini yenidən təqdim etməklə cavab verdi. Ekspert münasibətinin maraqlı olduğunu nəzərə alıb, yazını təqdim edirik:
"Son zamanlar müzakirə edilən məsələlərdən biri də Azərbaycanda
benzinin qiymətinin yüksəldilməsidir. Neft istehsal edən ölkədə
benzinin qiymətinin yüksəldilməsinin gündəmə gətirilməsi məsələsi
iqtisadi baxımdan əsaslandırılıbmı?
Əvvəla, neft ölkələrində benzinin qiymətinin yüksəlməsi və ya
ümumiyyətlə dəyişdirilməsi heç də bütün hallarda və əslində əksər
məqamlarda bazarın diqtəsi ilə baş vermir. Bunun səbəbi sadədir:
neft ölkələrində benzinin qiymətini heç də Nyu York birjasında
alıcıların hansı qiymət ödəməsi deyil, hasil edilən neftin maya
dəyəri müəyyənləşdirilir.
İkincisi, benzin strateji məhsul olduğu üçün onun qiymətinin
artırılması yalnız sadəcə sənaye və aqrar sektorda xərclərin
artmasına deyil, eyni zamanda, digər istehlak məhsullarında
psixoloji qiymət artımlarına səbəb olur.
Nəhayət, benzinin qiymətinin artırılması büdcə daxil olmalarının
strukturunda hər hansı dəyişikliklərə səbəb olmadığı üçün bu
dəyişikliyin fiskal təsirləri olduqca zəifdir.
Bu zaman sual yaranır:
Hal-hazırda benzinin qiymətinin artırılmasına ehtiyac varmı?
Cavab sadədir: yeni qiymət artımlarının iqtisadi bazası yoxdur.
O zaman sual oluna bilər: niyə? Bu sualin da cavabı sadədir:
Əvvəla, Azərbaycan Xəzəryanı ölkələr arasında benzini ən yüksək
qiymətə satan ikinci ölkədir. Benzinin pərakəndə qiymətində biz
Xəzəryanı regionda yalnız Rusiyaya uduzuruq: Rusiyada benzin
Azərbaycan ilə müqayisədə 7 sent baha satılır. Bununla belə,
ölkəmizdə müqayisə edilən benzinin qiymətinin 77 sent olduğunu
nəzərə aldıqda oxşar benzin Qazaxıstanda 71, Türkmənistanda 22
sentə təklif edilir. İranda isə əvvəllər 9,7 sentə təklif edilən
benzinin 1 litrinin qiyməti sanksiyaların tətbiqindən sonra 48
sentədək yüksəlsə də, yeni qiymət də bizdəkindən 38 faiz ucuzdur.
Beləliklə, Xəzəryanı ölkələrdəki qiymətlərin müqayisəsi ölkəmizdə
yeni qiymət artımlarına stimul yaratmır.
İkincisi
Azərbaycan benzinin 1 litri 77 sentə təklif edildiyi halda
Amerika Birləşmiş Ştatlarında bu göstərici cəmi 75 sentdır. Nefti
idxal edən və orta aylıq əmək haqqı Azərbaycan ilə müqayisədə 4
dəfə çox olan ABŞ-da qiymətlər bizdən aşağıdırsa, o zaman
Azərbaycanda yeni qiymət artımlarını əsaslandırmaq çox
çətindir.
Üçüncüsü
Faktiki olaraq, hal-hazırda ölkəmizdə benzin istehsalı və satışı
subsidiya almayan sektordur. Bu isə o deməkdir ki, benzinin satış
qiyməti onun istehsal xərcindən çoxdur. Bu isə indiki qiymətlər ilə
benzin satışının mənfəətli olmasına imkan verir. Ona görə də
tənzimlənən qiymətlər siyahısına daxil edilən benzinin satışı
gəlirli olduğu üçün qiymət artımlarının müzakirə mövzusuna
çevrilməsi məqsədə uyğun deyil.
Dördüncüsü, benzinin istehsal xərclərində hər
hansı və eləcə də neftin dünya bazar qiymətində kəskin
dəyişikliklər olmadığı halda qiymət artımları üçün iqtisadi əsas
tapmaq mümkün deyil.
Beşincisi
benzinin pərakəndə qiymətinin sadəcə neft ölkələri ilə
müqayisəsi göstərir ki, biz heç də hətta indiki qiymətlər ilə
benzini ucuz qiymətə satmırıq. Təbii ki, Venesuelada benzinin 1
litrinin 1 sentə satılması heç də doğru təcrübə olmasa belə,
Səudiyyə Ərəbistanının da benzinin qiymətinin 16, Birləşmiş Ərəb
Əmirliyində 44 və hətta Misirdə 46 sent olduğunu da müqayisə üçün
nəzərə almalıyıq.
Altıncısı
Azərbaycanda benzinin qiymətinin Avropa ölkələri ilə müqayisə
edilməsi iqtisadi baxımdan uğurlu deyil. Çünki benzinin qiymətinin
müqayisəsi ilə yanaşı, benzin xərclərinin əhalinin gündəlik və
illik xərclərindəki payına diqqət yetirmək lazımdır. Məsələn, litri
2,15 dollara satılan İtaliyada benzinin əhalinin illik gəlirində
payı cəmi 1,65 faizdir. Və ya Fransa üçün uyğun göstəricilər 2.03
dollar və 0,85 faizdir. Əgər əksər Avropa ölkələrində benzin
xərcləri əhalinin gəlirlərinin 2 faizindən aşağıdırsa, o zaman
bunun sosial təsirləri hiss ediləcək dərəcədə deyil. Qeyd edim ki,
bu göstərici Azərbaycan üçün 3,72 faizdir.
Nəhayət
Əgər Azərbaycan "Avro 2" standartlarına uyğun benzin təklif
edirsə, inkişaf etmiş ölkələrdə "Avro 5" standartlarına uyğun
benzin satılır. Bu halda hətta mövcud keyfiyyətlər də qiymətlərin
inkişaf etmiş ölkələr üzrə tam müqayisəsinə imkan vermir.
Deməli, bu gün benzinin qiymətinin artırılmasına deyil, onun
keyfiyyətinin yüksəldilməsinə diqqət ayırmaq lazımdır".
Tarix
2013.12.03 / 10:55
|
Müəllif
Axar.az
|