Yuxarı

ABŞ-lı Nik azərbaycan qızlarından gileyləndi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakını gecə həyatından reportaj hazırlamaq üçün bu dəfə bar və klublara baş çəkmək niyyəti ilə evdən çıxdım. Bir az nabələd olduğum üçün taksi ilə getməyin daha uyğun olduğunu düşündüm. Elə taksiyə əyləşən kimi, sürücü "hara sürüm?" soruşdu.

Ay xanım, sərxoşsuz?

- Hara istəyirsiz, sürün, yetər ki, ya bar, ya da klub olsun.

Sürücünün gözləri kəlləsinə çıxdı: "Ay xanım, sərxoşsuz? Mən hardan bilim ki, sizə necə klub, yaxud bar lazımdır?"

Ona bara getmək istədiyimi bildirdim, amma Bakıda barları tanımadığım üçün məni hər hansı bir bara aparmasını xahiş etdim. Güldü.

- 10 ildir sürücü işləyirəm, hələ sizin kimisini görməmişəm. Bara gedən qız onun hansı tərəfdə yerləşdiyini bilmir? - Arxaya, mənə tərəf çevrilib, xeyli süzdü, istehza ilə, "normal qız bara getməz",- dedi.

Xahişimi təkrarladım, yaxınlıqdakı klub, ya da barlardan birinə aparmağını xahiş etdim. Nizami küçəsinə aparacağını dedi. Bir neçə bar və klubun adını, ünvanını sadaladı. Pulunu verib sağollaşanda "amma sizə rəva görməzdim",- deməkdən də qalmadı.

- Nəyi?

- Bara getməyi.

Onu nigarançılıqdan qurtarmaq üçün jurnalist olduğumu, reportaj hazırlamağa getdiyimi bildirdim. Sürücünün üzündə gülüş yarandı, hətta məni gedəcəyim bar "Troya" ya qədər mühafizə də elədi. Burda məni allaha əmanət edib geri qayıtdı.

Çanta əməliyyatı

Hə, burdan belə gecə həyatı başlayır. Tələsik üst geyimimi soyunub, içəri girmək istəyirəm, iki mühafizəçi və polis məni qapıda saxlayır. Hara getdiyimi soruşurlar.

- Hara gedəcəyəm, bara...

Həyatımda ilk dəfə getdiyim üçün bu qapalı məkanın cazibəsi məni özünə çəkir, bir tərəfdən də həyəcan; mühafizəçiləri və polisi qeyri-ixtiyari itələyib içəri girmək istəyirdim ki, birdən buranın bar olduğu və özünün müəyyən qayda-qanununun olduğu yadıma düşür. Polis çantamı qapıda saxlamalı olduğumu deyir, mən isə kor yolçu kimi, təkid edirəm. Bu zaman polis çantamı diqqətlə yoxlayır, "hər bir hadisə ola bilər",- deyir. Etiraz etmirəm. Ciddi yoxlanışdan keçəndən sonra nəhayət içəri girirəm.

Əzilə-büzülə oynayan "zəriflər"

Qapını aralayanda gözlərim qamaşır, əlbəttə ki, işığın sınma qanununun yaratdığı effektdən yox, yarıçılpaq, arabesk musiqiləri ilə rəqs edən qızların cazibəsindən. Zirzəmidə yerləşən bu məkanın tağlı qapıları, çay daşından divarları var. Divarlarda böyük güzgülər və onların qarşısında əzilə-büzülə oynayan "zəriflər". Əsasən 19-20 yaşlarında olan bu qızların əksəriyyəti gözəgəlimli və qəşəngdir.

İçəridə özümü çox narahat hiss edirəm, elə onlar da mənə qəribə baxır. Burda məndən başqa qapalı geyinən yoxdur. Stolların birində əyləşirəm, söhbət etmək üçün gözüm adam axtarır. Qızlar stollara yaxınlaşır, özlərini satışa çıxartmaq üçün əllərindən gələni edirlər. Rəqs edən, yerə uzanan, bir qarışlıq ətəklərini başına qaldıran kim...

Burda qiymətlər bayırla müqayisədə ikiqat yuxarıdır. Pivələr, kokteyllər, müxtəlif növ içkilər...

Bahalığı nəzərə alıb bir "efes" sifariş verirəm, sonra oturub rahat–rahat danışacaq "müştəri" axtarıram.

Əlinin atasının canı sağ olsun

Məndən yan tərəfdəki stolda əyləşən oğlanın masasına yaxınlaşıram. Yalnız olduğum üçün yanında oturmaq istəyimi bildirirəm. O da başı ilə otura biləcəyimə razılıq verir.

Adı Əlidir. Bu barın daimi müştərisidir, hətta sakini də demək olar. Necə deyərlər, gözündən heç bir şey yayınmır dediyinə görə.

27 yaşı var, işləmir. Universitet bitirib, amma deyir ki, diplom xatirinə oxuyub. Əylənmək üçün "Troya"dan başqa yerlərə də gedir. Amma sıx-sıx gəldiyi məkan buradır.

Əli deyir ki, pul olmayandan sonra bura gəlmək olmaz. Onun gəlirinin hardan olduğunu soruşuram. Cavab verir: "Atamın canı sağ olsun". Ondan "atası verdiyi pulları bara xərclədiyini bilsə, nə edər?" soruşuram. Cavab verir ki, atam bu pulları elə əylənmək üçün verir. Atasının harda işlədiyini soruşsam da, gülə-gülə deyir ki, üz vurma, buna cavab verə bilmərəm.

Bir axşam bara gəlməsəm, ürəyim partlayar

Əli hər gecə 200 manat xərcləyir. Onun üçün gecə həyatının nə olduğunu soruşuram. Deyir, əvvəl-əvvəl sadəcə əylənmək üçün gəlirdim, vaxt keçdikcə alışqanlığa çevrildi:

- İndi bir axşam bara gəlməsəm, ürəyim partlayar! Həm də qəşəng qızları maşınıma mindirməkdən xoşum gəlir. Onlar da bahalı maşınlarda gəzmək istəyir, niyə də gəzməsinlər?" - gülə-gülə danışır.

Deyir ki, axşamlar bara gəlmək alışqanlığı narkotik aludəçisi olmaq kimi bir şeydir, bəlkə nə vaxtsa tərgitər, amma indi bunu edə bilmir.

Sonra məndən təsadüfən jurnalist olub-olmadığımı soruşur. Deyir, burda nabələd adam o dəqiqə tanınır.

O barın abrını saxlayan xaricilərdir

Ondan gedə biləcəyim normal klub soruşuram. O da mənə yaxınlıqda yerləşən "Şekspir" klubunu məsləhət görür. Deyir, orda normal dincəlmək olar, çünki ancaq xaricilər gəlir. Onu da əlavə edir ki, oraların abrını saxlayan xaricilərdir.

"Şekspir"də kral Nik...

"Şekspir" klubu Nizamidə yerləşir. Saat 2-yə işləməyinə baxmayaraq, küçələrdə bir inni-cinni də gözə dəymir. Yalnız taksilər və boş küçələr. Belə səssiz küçələrdən qəfildən gurultulu, səsli-küylü bara girəndə özünü başqa aləmdə hiss edirsən. Amma "Şekspir" "Troya"dan çox fərqlidir. Burda işıqlı, xoş musiqi, klubdakı insanların davranışları – hər bir şey insana pozitiv və rahatlıq verir. Ordaca dərhal ağlıma gəldi ki, yorğun iş günlərindən sonra bura stress atmaq üçün gəlmək heç də pis olmaz. Ancaq taksiçinin sözünü yadıma salanda, bir az utandım. Və özümü də gülmək tutdu.

Ortada blyard stolu, ətrafında kiçik bar masaları, rahat əyləşmək üçün divanlar: necə də gəlmək istəməyəsən?..

Elə Nik də bizə bu kluba məhz belə abı-havası olduğu üçün gəldiyini deyir. Hətta həftəiçi günlərdə də gəlir. Onu deyim ki, bu kluba ancaq xarici vətəndaşlar gəlir, təsadüfən bir yerli tapa bilərsən. Canlı musiqi də öz yerində. İçkilərdə qiymətlər bir az normaldır, ancaq yemək fikrinə düşsən, bu fikrindən vaz keçmək üçün menyüyə göz atmağın kifayətdir. Hər cür şirə, meyvə və kokteyllərin 5 manatdan tutmuş 20 manata qədər qiyməti var.

Amma xaricilər üçün bunun fərqi yoxdur, deyirlər, əylənmək üçün yer olsun. Həm əylənsinlər, həm də yorğun işin stresini atsınlar.

Qəşəng azərbaycanlı qız şəkilləri

Nik Amerikadan gəlib. Şirkətdə çalışır. Bura gəlməzdən əvvəl Azərbaycan haqqında heç bir təəssüratı yox imiş, dediyinə görə, quqlda ölkəmiz haqqında axtarış verəndə təsadüfən qəşəng azərbaycanlı qız şəkilləri də çıxıb. Daha axtarışını davam etdirməyib və onu işə dəvət edən şirkətə birbaşa email vasitəsi ilə "hə" cavabını yazıb göndərib.

Sonra Bakıya gəlib. Bakı hqqında hər şeyi burda öyrənib, bircə Azərbaycan dilindən başqa. Buna cəhd etsə də, hələ ki, bir nəticə əldə edə bilməyib. Dediyinə görə, dilimiz çox çətindir. Nik Amerikda universitet bitirib. Elə öz ixtisası üzrə işləyir. Mühəndisdir.

Ora ilə müqayisədə burda da pis yaşamadığını deyir. Amma Bakıdan çox xoşu gəlir. Amerikadakı həyatı ilə burdakı həyatını eyniləşdirməyə çalışır. İş, ev, əyləncə olduğu kimi Bakıda da bunları edir. Amma şəhərdə gedə biləcəyi klubların az olduğunu bildirir, bir də quqlda axtarış verəndə qarşına çıxmış qadınların... "İndi onlarla heç qarşılaşmıram..."

Dediyinə görə, küçədə qadınlarla tanış ola bilmir, işdə də bu, mümkün deyil. Belə olanda ümidini gəldiyi klublara bağlayır. Amma getdiyi klublarda xaricilərdən başqa heç kim olmur.

Hər bir Azərbaycan qızının arxasında əlibıçaqlı...

Nikə görə, hər bir Azərbaycan qızının arxasında əlibıçaqlı qardaşı dayanır. Bunu deyəndə şaqqanaq çəkir. Sifətimin dəyişdiyini hiss edən kimi o dəqiqə gülüşü kəsilir, üzr istəyir. Qadınların çox mühafizəkar olduğunu deyir:

"Qadınlar öz hüquqlarını, əylənmək tələbatlarını unudublar bir növ. Onlar sanki özləri üçün deyil, başqa biri üçün yaşayırlar. Məncə, hər bir Azərbaycan qadınının problemi onun özü üçün yaşamamağındadır. İnsan həyatı boyu özünü unudub başqası üçün yaşaya bilməz axı?.."

Qadınlarımıza ürəyi yanır...

Təəccüblə mənə baxır, sonra məndən belə həyatı necə qəbul etdiyimizi soruşur.

Ona qadınların heç vaxt bu alternativlər üzərində düşünmədiyini deyirəm.

Nikin bizim qadınların problemi ilə bu qədər yaxından maraqlanıb, ürəyi yana-yana danışmasının səbəbini soruşuram.

Cavab verir ki, burda ona ən təəccüblü gələn qadınlar və onların həyat tərzidir.

Bakıda gecə həyatı yoxdur

Bu mövzunun mubahisəli və uzunacağını düşünüb Nikə dəyişik suallar verirəm. Gecə həyatı, Azərbaycan gənclərinin əyləncəsi haqqında.

Deyir ki, sizin gənclər əylənə də bilmirlər. Və əyləncə anlayışlarımızın fərqli olduğunu deyir. Məsələn:

"Sizdə orta nəsil ümumiyyətlə kluba gəlmir, gənclər də öz streslərini atmaq üçün deyil, sadəcə, kluba gəlmək xatirinə gəlirlər bura, amma gənclərlə də çox sıx rastlaşmıram. Bəlkə də maddi vəziyyətləri buna imkan vermir. Səbəb o ola bilər, amma bura o qədər də bahalı deyil",- deyir. Xatırladım ki, burada bir parç pivənin qiyməti 5 manatdan ağağı deyil.

Nikin fikrinə görə, Bakıda gecə həyatı yoxdur, küçələr sakit və səssiz, klublarda daha çox xaricilər, barlarda da yerlilər var.

Beləcə, mən də gecə həyatımı bu cür başa vurub, uzun yol qət eləyib sabahın gözü açılanda evə çatıram. Maraqlı gecə həyatı keçirmişəm...

Tarix
2013.12.25 / 13:56
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla